Azərbaycanın
Küveytdəki səfirliyi bu ölkədə və Körfəz
regionunda ingilis dilində dərc olunan "Kuwait Times" qəzetində
"Heydər Əliyev Fondu beş illiyini qeyd edir" adlı
məqalə dərc etdirmişdir.
Məqalədə
ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik
dövlət quruculuğundakı müstəsna xidmətlərindən,
ulu öndərin zəngin irsinə sadiq qalan Azərbaycanın
birinci xanımı, YUNESCO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
başçılığı ilə Heydər Əliyev
Fondunun fəaliyyətindən geniş söz
açılır.
Oxuculara fondun Heydər Əliyev
irsinin əbədiləşdirilməsi, Azərbaycanın
inkişafı ilə bağlı ulu öndərin
ideyalarının həyata keçirilməsindəki xidmətləri,
təhsil, səhiyyə, mədəniyyət, ekologiya və
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində həyata
keçirdiyi layihələr barədə məlumat verilir.
Fondun "Yeni Azərbaycana
yeni məktəb", "Talassemiyasız həyat",
"Şəkərli diabetli uşaqlara ən yüksək
qayğı" kimi layihələri, bu layihələrin gələcək
nəsillərin savadlılığı və
sağlamlığı kimi xeyirxah amallara xidmət etdiyi, təhsil
sahəsində fəaliyyətinin Azərbaycan ilə məhdudlaşmadığı,
Pakistanın Müzəffərabad şəhərində zəlzələ
nəticəsində dağılmış məktəbin
yenidən tikməsi və YUNESCO ilə birgə həyata
keçirdiyi digər layihələri yazıda xüsusi qeyd
olunmuşdur.
Məqalədə
sivilizasiyalararası dialoqda qadınların rolunun gücləndirilməsi,
mədəni müxtəliflik və dözümlüyün
möhkəmləndirilməsi istiqamətində fondun
gördüyü işlər və təşkil etdiyi mötəbər
tədbirlər, Strasburq kilsəsinin şüşəbəndlərinin
təmiri üçün fond tərəfindən maliyyə vəsaitinin
ayrıldığı da yer almışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 7 iyul.- S. 6.