Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının yeddi ili tamam olmuşdur

 

Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən dövlət qurumunun yaradılmasının 7 ili tamam olur.

Bu təşkilat ulu öndər Heydər Əliyevin "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır. Ötən il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılması haqqında fərman imzalamışdır.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurumun yaradılması günü ilə bağlı jurnalistlərə verdiyi müsahibəsində demişdir ki, 7 il əvvəl belə bir təşkilatın yaradılması ilə dünyadakı soydaşlarımızın Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə başlanmışdır. İndi Azərbaycan dövlətinin qarşıya qoyduğu ən prioritet məsələlərdən biri dünya azərbaycanlılarının sıx birləşməsini təmin etməkdir. N.İbrahimov bildirmişdir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımızın mühüm rolu vardır. Son vaxtlar dünyanın bir çox dövlətləri Azərbaycanın təcrübəsindən istifadə edərək özlərində diasporla iş üzrə dövlət təşkilatları yaradırlar və bizim təcrübəmizi öyrənirlər. İndiki mərhələdə Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha çox təmsil olunmağa çalışırlar.

Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci il dekabrın 27-də qəbul edilmiş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. DİDK-nın fəaliyyət göstərdiyi 7 ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, DİDK Dünya Azərbaycanlılarının Xartiyasını hazırlamış və sənəd Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında təkliflər, əlavə və dəyişikliklər nəzərə alınmaqla qəbul edilmişdir. Xartiyanın son variantı artıq hazırdır və bu günlərdə dərc olunaraq bütün diaspor təşkilatlarına paylanacaqdır.

Dünyanın əksər ölkəsində 370-dək Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 iyul.- S. 6.