"Meydan bazarı"
hamını valeh etdi
İyulun 5-də
İçərişəhərdə, "Qoşa Qala"
qapısının qarşısında keçirilən
"Meydan bazarı" adlı mərasim Orta əsr
Bakısını xatırladırdı. Bir tərəfdə
çərkəzi geyimlilər var-gəl edir, bir yanda
dulusçular, pinəçilər, kustarlar, ipəkçilər,
mahudçular, başqa bir yanda isə tikmə, toxuma satan
qadınlar. Burada çoxlu əl işləri, toxumalar, tikmələr,
quramalar, araqçınlar, qurşaqlar, çarıqlar,
butalar, xalça-palazlar, rəsm əsərləri, kitablar,
bir sözlə, xalqımızın bir çox sənət
nümunələri həm sərgilənir, həm də
satılırdı.
Tədbir Bakı Mədəniyyət
və Turizm İdarəsi, "Vahid evi" və
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruq İdarəsinin təşkilatçılığı
ilə keçirilirdi. Maraqlıdır ki, bazarın ən
çox müştərisi xarici qonaqlar idi. Onlar xurcun-cejim,
tikmə-toxuma satan qadınlara yaxınlaşır,
mücrülər, suvenir musiqi alətləri alır, bir
sözlə, əməlli-başlı bazarlıq edirdilər.
Təşkilatçıların nümayəndələrindən
biri dedi ki, "meydan bazarı"n təşkil edilməsində
məqsədimiz şəhər sakinlərinin və xarici
qonaqların zövqlərini oxşamaq, milli adət-ənənələrimizin
itib getməsinin qarşısını almaqdır. Elə tikmə,
toxuma, qurama, plov növləri və maraqlı kustar işləri
var ki, yavaş-yavaş unudulur, tək-tük evlərdə
qalır. İstəyirik onları yaşadaq, inkişaf etdirək.
Tədbirdə
nağaraçılardan ibarət ansamblın, "Aysel" rəqs
qrupunun, pəhləvanların, "Cəngi" qrupu,
"Bakı gecələri" musiqi festivalı
mükafatçılarının, meyxanaçıların və
məzhəkəçilərin çıxışları
da buraya gələnlərə olduqca xoş təsir
bağışladı.
R.RZALI
Azərbaycan.- 2009.- 7 iyul.-
S. 6.