YAP Gənclər Birliyi "Yay məktəbləri" layihəsi
çərçivəsində növbəti tədbirini Oğuzda keçirmişdir
Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər Birliyinin 2007-ci ildən həyata
keçirdiyi "Yay məktəbləri" layihəsi
çərçivəsində iyulun 4-5-də Oğuz şəhərində
gənclərin Milli Məclisin deputatları və dövlət
məmurları ilə növbəti görüşü
keçirilmişdir. Tədbirdə dövlət
qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları, Bakı və Sumqayıt şəhərlərindən
70-dək gənc, YAP Gənclər Birliyinin üzvləri
iştirak etmişlər.
Tədbir
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin adını daşıyan parka gələrək
ulu öndərin abidəsi önünə
gül-çiçək dəstələri
düzmüş, xalqımızın böyük oğlunun
xatirəsini ehtiramla yad etmişlər.
Sonra "Afra-otel"
kurort və biznes mərkəzində "Avropaya inteqrasiya
prosesində gənclərin rolu və beynəlxalq təşkilatlarla
əməkdaşlıq" mövzusunda seminar-konfrans
keçirilmişdir.
Azərbaycanın Avropa
Şurası, Avropa İttifaqı və ATƏT-lə əlaqələri,
Dağlıq Qarabağ münaqişəsinin həllində
beynəlxalq təşkilatların rolu, Azərbaycanın
xarici siyasətində Dağlıq Qarabağ amili, Azərbaycan-
Ermənistan əlaqələri, Avropaya inteqrasiya prosesində
qanunverici orqanının gənclərə köməyi və
digər məsələlər konfransda əsas müzakirə
mövzusu olmuşdur. Milli Məclisin deputatları
iştirakçıların suallarını
cavablandırmışlar.
Sonra tədbir
iştirakçıları Oğuz rayonunda XV əsrə aid
tarixi abidə olan kurqanlara baxmışlar. Tarixi irsimizi dərindən
öyrənmək, bu mövzuda daha çox informasiya əldə
etmək, abidələrlə tanış olmaq məqsədi
daşıyan ekskursiya zamanı arxeoloqlar gənclərə
kurqanlar barədə geniş məlumat vermişlər.
İyulun 5-də isə
"Azərbaycanın neft strategiyası, regionun yeni güc mərkəzi"
mövzusunda konfrans təşkil olunmuşdur. Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi
və Milli Məclisin deputatları çıxış edərək
ölkəmizdə həyata keçirilən uğurlu neft-qaz
siyasəti, bu siyasətin iqtisadi və siyasi cəhətdən
Azərbaycana qazandırdığı mənfəət və
üstünlüklərdən danışmışlar. Qeyd
olunmuşdur ki, həyata keçirilən uğurlu neft-qaz
strategiyası regionda yeni bir güc mərkəzinin meydana gəlməsinə
və Azərbaycanın regionun lider dövlətinə
çevrilməsilə nəticələnmişdir.
Günün ikinci
yarısında tədbir iştirakçıları Oğuz
rayonunun təbiəti və görməli yerləri ilə
daha yaxından tanış olmuş, yerli gənclərlə
ünsiyyət qurmuşlar.
Sonda Oğuzda
keçirilən "Yay məktəbləri" layihəsinin
gedişində xüsusi fəallıq göstərən 10 gəncə
YAP Gənclər Birliyinin diplom və qiymətli hədiyyələri
təqdim olunmuşdur.
YAP Gənclər
Birliyinin sədri Ramil Həsənov bildirmişdir ki,
sözügedən layihənin icrasına 2007-ci ilin iyununda cənub
bölgəsində başlanılmışdır. ABŞ və
Avropada da geniş tətbiq olunan "Yay məktəbləri"
layihəsi gənclərlə rəsmi şəxslərin,
dövlət məmurlarının qeyri-formal görüşlərini
təşkil etmək, eyni siyasi dünyagörüşünə
malik olan gənclər arasında dostluq əlaqələrinin
yaranmasına, onların asudə vaxtının mənalı və
səmərəli təşkilinə, istedadlı və
bacarıqlı gənclərin aşkara
çıxarılmasına nail olmaq məqsədi
daşıyır. "Yay məktəbləri"nə, əsasən
gənclər təşkilatlarının fəaliyyətində
yaxından iştirak edən, ictimai-siyasi proseslərdə,
seçki kampaniyalarında fəallıq göstərən, təhsildə
yüksək uğurlar qazanan gənclər cəlb olunurlar.
Regionlarda təşkil
olunan bu məktəblərin əsas məqsədlərindən
biri də Bakı, Sumqayıt və digər iri şəhərlərdə
yaşayan gənclərin respublikamızın bölgələri
ilə daha yaxından tanış olmaq, onların regionlarda gedən
sosial-iqtisadi inkişaf, quruculuq işləri ilə birbaşa
tanış olmaq imkanı əldə etmələrindən
ibarətdir. 2007-ci ildə Lənkəran, Masallı və
Astara şəhərlərində keçirilən "yay məktəbləri",
2008-ci ildə Qubada təşkil olunan "qış məktəbləri"
layihəsində ümumilikdə 400 nəfərə yaxın
gənc iştirak etmişdir.
"Yay məktəbləri"
layihəsi çərçivəsində növbəti tədbirlər
avqustda Qəbələdə, sentyabrın ortalarında isə
Şəki şəhərində təşkil olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 7 iyul.- S. 6.