Sosial sahəyə qayğı diqqət mərkəzindədir

 

Məlum olduğu kimi, 2009-cu il aprel ayının 14-də ölkə Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar 2009-2013-cü illəri əhatə edən yeni dövlət proqramı haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər) "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində, yoxsulluğun azalmasında mühüm rol oynamışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən 5 ildə ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizə düşmüşdür. Son 5 ildə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, əhalinin gəlirləri isə 4 dəfə artmışdır.

Ötən illərin təcrübəsindən məlumdur ki, Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafı sürətlənməkdədir.

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində "Əsrin müqaviləsi"nin icrasına başlanması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuş, regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. Bölgələrdə əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.

Proqramlarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması, regionlarda, eləcə də paytaxtda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində nailiyyətlər qazanılmışdır. Ölkədə inkişafın davamlılığını təmin etmək üçün "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", eləcə də "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqlənmişdir.

Əlverişli biznes mühitinin formalaşmasında və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə regionlarda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün müasir avtomat telefon stansiyaları tikilmiş, yeni poçt binaları istifadəyə verilmişdir. Dövlət proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmiş, regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.

Paytaxt Bakı və Bakıətrafı qəsəbələrdə, eləcə də bölgələrdə təhsil ocaqlarının tikintisinə, məktəblərin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Dövlət proqramının qəbulundan ötən 5 ildə 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar inşa olunmuş, regionlarda 636 yeni məktəb binası tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, 243 yeni sinif otağı tikilərək istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi əsaslı təmir olunmuş, 8 uşaq bağçası bərpa edilmiş, müasir avadanlıqla təmin olunmuşdur.

Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldilmişdir. Bu baxımdan sahibkarlığın, əsasən kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Yeni dövlət proqramına əsasən, qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli fəaliyyətini təmin etməkdir.

Son illər ölkə iqtisadiyyatında investisiya qoyuluşu üçün yaranmış əlverişli mühit nəticəsində yeni tikilən yaşayış və məişət obyektlərinin sayı xeyli artmışdır. Bu da müvafiq kommunal infrastrukturun yenidən qurulmasını və bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətin təşkilini zəruri edir. Bu sahədə həyata keçirilən məqsədyönlü islahatlar mənzil-kommunal təsərrüfatı sahələrində istehlakçılara göstərilən xidmətlərin səviyyəsini dünya standartlarına yüksəltməyə xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycan hərtərəfli dinamik inkişaf edir. Bu inkişafın fonunda isə ölkənin gündən-günə qüdrətlənməsi, əhalinin rifahının yüksəlməsi dayanır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 7 iyul.- S. 7.