Atəşgah məbədi

 

Məlum olduğu kimi, ölkəmizin ərazisində çoxlu tarixi abidə, dini məbəd var. Onlar tariximizin qədimliyindən, ulularımızın həyat tərzindən, inancından soraq verir. Belələrindən biri Suraxanı rayonunda yerləşən Atəşgah məbədidir.

- Onun ilk tikililəri II, III əsrə aiddir - deyə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babai söhbətə başladı - o dövrdə Azərbaycanda zərdüşt dini yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri tikilmişdi. Suraxanıdakı Atəşgah məbədi VII əsrə kimi fəaliyyət göstərib. Bildiyimiz kimi, VII əsrdə Azərbayçanda islam dini qəbul edildi. Bundan sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başladı.

"Atəşgah məbədi" isə XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Həmin dövrdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə də danışdılar. Nəticədə buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başladılar. Artıq bu yer onlar üçün müqəddəsləşmişdi. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda - Suraxanıda dünyanın ən müqəddəs məbədlərdən biri yerləşir.

Ümumiyyətlə, "Atəşgah məbədi"nə həmişə böyük maraq göstərilib. Vaxtilə müxtəlif dünyagörüşlü insanlar, o cümlədən səyyahlar, xarici yazıçılar, alimlər buranı ziyarət ediblər. Onların arasında A.Düma, Kenfr, Villot, Berezin, D.Mendeleyev də olmuşdur. Aleksandr Düma "Qafqaz səfəri" əsərində Atəşgah barədə belə yazıb: "Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir.

...Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır. Səcdəgahın tən ortasında əbədi alov şölələnir".

"Atəşgah məbədi" barədə böyük rus kimyaçısı D.Mendeleyevin fikirləri də maraqlıdır. O, rus taciri Konerevin 1855-ci ildə Atəşgahın arxasında tikdirdiyi kerosin zavodunda işləyirdi. Həyat yoldaşına yazdığı məktubda bildirirdi ki, o, çox maraqlı məbəddir. Mən indiyəcən belə məbəd görməmişəm.

Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burda 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait ayırırdılar.

Atəşgah 26 hüçrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarları yox idi.

Məbəddə 20 qiymətli daş kitabə vardır. Onlar hücrənin üstə yerləşdirilmişdir. Birini zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Son bir ildə iki yeni hücrə açılıb. Onlardan biri Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanmışdır.

2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunması münasibətilə ölkəmizdə müəyyən tədbirlər keçirilir. Burada "Sönməyən alovlar" adlı fotosərgi təşkil olundu. Fotosərgi köhnə Bakıya və Suraxanıya aid idi.

Azərbaycan Prezidenti İlham Əliyev bu il iyulun 1-də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə sərəncam verib. Sərəncamda göstərilir ki, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

Bu, bir daha göstərir ki, YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil etdiyi "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Tarixi əhəmiyyəti olan bu sənəd rayon sakinlərində böyük ruh yüksəkliyi yaratmışdır. Böyük Vətən müharibəsi veteranı Məmmədhüseyn Əsgərov, Azərbaycanın xalq rəssamı Qəyyur Yunus, Bakı Dövlət Universitetinin dosenti Aydın Musayev, qocaman sakin Allahyar Qulamov bildirmişlər ki, "Atəşgah məbədinə" yetirilən diqqət hamımızın ürəyindən olmuşdur. Məlumdur ki, "Atəşgah məbədi" bu yaxınlara qədər "Şirvanşahlar Sarayı Kompleks Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin filialı kimi fəaliyyət göstərirdi. Ölkə rəhbəri "Atəşgah məbədi"nin özünəməxsusluğunu, unikallığını və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini nəzərə alıb hələ 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqda" sərancam imzalamışdı. Təzə sərancam isə bir daha dövlətimizin bu sahəyə qayğı ilə yanaşdığını göstərir. İnanırıq ki, bundan sonra Atəşgah məbədinə diqqət daha da artacaq, buraya xalqımızın nümayəndələri ilə yanaşı, turistlər də gələcəklər.

Maraqlıdır ki, Atəşgaha xaricdən ziyarətə gələnlər çoxluq təşkil edir. Burada çalışanlar onları qədim tariximizlə daha ətraflı tanış etmək üçün müxtəlif forma və üsullardan istifadə edir, bu məbədi, bu qədim ziyarətgahı göz bəbəyi kimi qoruyub gələcək nəsillərə saxlayırlar.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2009.- 7 iyul.- S. 7.