Ustad aşıq Bilal
sənətinə ehtiram
Respublika Mədəniyyət
Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin və
Şamaxı Rayon İcra Hakimiyyətinin birgə
keçirdiyi mərasim ustad sənətkar, aşıq Mirzə
Bilalın həyat və yaradıcılığına həsr
olunmuşdu.
Mərasimi giriş
sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin
başçısı Nazim İsmayılov açdı. Azərbaycan
Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub,
filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə,
folklorşünas alimlərdən Seyfəddin Qəniyev, Sədnik
Paşayev, Bəhlul Abdullayev, Elxan Məmmədli, Yaqut
Bahadurqızı, şair Musa Yaqub çıxış edərək
aşıq Mirzə Bilalın həyat və
yaradıcılığından danışdılar.
Aşıqlardan Əhliman
Şirvanlı, Xanmusa Musayev, Abbas, Ağamurad Mərzəngəli,
Əvəzxan Xankişiyev, Vüqar Mahmudoğlu, Ədalət
Diridağlı, Avdı Musayev, Zamin, müğənnilərdən
Mələkxanım Əyyubova, Gülüstan Əliyeva, Zabit
Nəbizadə və başqaları gözəl ifaları ilə
sənət bayramına xüsusi ovqat qatdılar. Onların
ifalarında aşıq Mirzə Bilalın şeirlərindən
və qoşmalarından nümunələr səsləndi.
Aşıq Mirzə
Bilalın nəvəsi Bilal Mikayılovun babasının xatirəsinə
həsr etdiyi şeiri oxudu.
Aşıq Mirzə
Bilalın oğlu Şəfi Mikayılov atasının xatirəsinə
göstərilən hörmət və ehtirama görə minnətdarlığını
bildirdi.
Xatırladaq ki,
aşıq Mirzə Bilal Mikayılov 1872-ci ildə qədim
Şirvan torpağının, Şamaxının gözəl
bir guşəsində - Qəşəd kəndində
(hazırda Ağsu rayonunun inzibati ərazisinə daxildir)
doğulub. Şamaxılı aşıq İbrahimdən, vaxtilə
bütün Azərbaycanda tanınıb-sevilən xanəndə
Mirzə Məhəmmədhəsəndən, müdrik el
ağsaqqalı Mahmud ağanın Şamaxıda təşkil
etdiyi "Beytül-Səfa" məclisindən dərs
alıb və zəngin yaradıcılıq irsi qoyub
getmişdir.
Ümumiyyətlə,
aşıq Mirzə Bilal Mikayılov özündən əvvəlki
ustadların yolunu uğurla davam etdirməklə bərabər,
özü də bir məktəb olmuşdur. Dövrünün
çox bilikli, savadlı, istedadlı şəxsiyyətlərindən
olduğuna, mərhəmətli insan kimi
tanındığına, sazı-sözü, dərin fəlsəfi
fikir və düşüncələri ilə seçildiyinə
görə el-oba, camaat ona "Mirzə" titulunu
vermişdi. Mütərəqqi dünyagörüşündən,
xalq arasındakı böyük nüfuzundan qorxub-çəkinənlər
onun da adını 1937-ci ilin repressiya qurbanları
siyahısına yazdılar. Lakin aşıq Mirzə Bilalı
cismən məhv etsələr də, onun sənətini,
parlaq xatirəsini insanların yaddaşından silə bilmədilər.
Azərbaycan.- 2009.- 7 iyul.- S. 8.