Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş naziri Sergey Sidorskini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Belarusun Baş naziri Sergey Sidorskini qəbul etmişdir.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev əlaqələri inkişaf etdirmək, inteqrasiya olunmaq və əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə ümumi istəyin olduğunu vurğuladı. Qısa vaxt ərzində birgə istehsal sahələrinin yaradılmasını yaxşı təcrübə kimi dəyərləndirən Prezident İlham Əliyev bu təcrübəni digər sahələrə də tətbiq etməyin zəruriliyini bildirdi. Dünyadakı mövcud iqtisadi və maliyyə böhranı şəraitində əməkdaşlığın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Belarusun Baş naziri Sergey Sidorskinin Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəkdir.

Belarusun Baş naziri Sergey Sidorski Belarus Prezidenti Aleksandr Lukaşenkonın salamlarını dövlətimizin başçısına çatdırdı. Sergey Sidorski bildirdi ki, dünyadakı maliyyə böhranına baxmayaraq, dövlətlərimizin başçılarının müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz inkişaf edir və bu siyasət əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkan yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.