Azərbaycanın Baş naziri Artur Rasizadə Belarus hökumətinin başçısı Sergey Sidorski ilə görüşmüşdür

 

İyulun 7-də Azərbaycanın Baş naziri Artur Rasizadə Azərbaycanda işgüzar səfərdə olan Belarusun Baş naziri Sergey Sidorski ilə görüşmüşdür.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən əvvəl Baş nazirlərin təkbətək görüşü olmuşdur.

Sonra geniş tərkibdə görüşdə Baş nazir Artur Rasizadə Azərbaycanla Belarus arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal inkişaf edən münasibətləri yüksək qiymətləndirmişdir. Qlobal maliyyə böhranı şəraitində Azərbaycan və Belarus iqtisadiyyatları yüksək inkişaf sürətini saxlaya bilmişlər. Bütün bunlar iki ölkə rəhbərinin uğurlu iqtisadi siyasəti sayəsində mümkün olmuşdur.

Azərbaycan hökumətinin başçısı qeyd etmişdir ki, Azərbaycan Belarus ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etmək əzmindədir. İqtisadi sahədə əlaqələrin real nəticələri artıq göz qabağındadır. Məsələn, Gəncə Avtomobil Zavodunda "Belarus" traktorlarının və digər kənd təsərrüfatı texnikası yığılmağa başlanmışdır. Bu texnikanı Azərbaycanla həmhüdud ölkələrə ixrac etmək nəzərdə tutulur. Hərbi-texniki sahədə əməkdaşlıq genişlənir.

Belarusun Baş naziri öz çıxışında iki il bundan əvvəl ölkəmizə son səfərindən sonra Azərbaycan paytaxtında çox böyük dəyişikliklər olduğunu qeyd etmişdir. O, əməkdaşlığın konkret sahələrindən söhbət açaraq vurğulamışdır ki, Belarus kənd təsərrüfatı məhsullarının emalı, yol tikintisi üçün texnika istehsalı və maşınqayırma sahələrində birgə müəssisələr yaradılmasına maraq göstərir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.