Azərbaycanın iqtisadi inkişafı dünya
üçün uğurlu modelə çevrilir
Dünyanın iqtisadi
gündəminin əsas mövzusu hələ də qlobal
maliyyə böhranı olaraq qalmaqdadır. Elə bu səbəbdən
aparıcı maliyyə institutları, araşdırma mərkəzləri
iqtisadi sahədə əsas diqqəti böhranın
doğurduğu fəsadlar, onun davametmə müddəti,
dünya iqtisadiyyatına təsir səviyyəsi və bu qəbildən
olan digər məqamlara yönəltməkdədirlər. Proqnozlara
görə, qlobal iqtisadi böhran ən yaxşı halda gələn
ilin ortalarında sona çatacaq. Həmin müddətə qədər
isə böhranın dağıdıcı fəsadları
qlobal iqtisadiyyatda öz təsirlərini büruzə verməkdə
davam edəcək.
Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə
bağlı proqnozları müsbətdir
Qlobal iqtisadi böhran
fonunda beynəlxalq maliyyə institutlarının, tədqiqat mərkəzlərinin
araşdırma predmetlərindən biri də böhranın
ayrı-ayrı ölkələrə, regionlara hansı səviyyədə
təsir göstərməsidir. Bu vaxta qədər aparılan
araşdırmalar və nüfuzlu maliyyə qurumları tərəfindən
yayılan hesabatlar göstərir ki, dünyanın bir
çox dövlətlərindən fərqli olaraq, Azərbaycan
böhranın təsirlərindən ən effektiv şəkildə
qorunan dövlətlər sırasında yer alır. MDB məkanında
isə Azərbaycan demək olar ki, böhrandan ən az zərər
görən dövlət kimi qəbul olunmaqdadır. Elə
bunun nəticəsidir ki, MDB-nin bir sıra ölkələrində
iqtisadiyyat özünün dağılma həddinə
yaxınlaşdığı halda Azərbaycanda əvvəlki
kimi iqtisadi inkişaf dinamizmi qorunub saxlanmaqdadır. Ekspertlər
qeyd edirlər ki, Azərbaycanın enerji ehtiyatlarının
satışından əldə etdiyi gəlirlərdən səmərəli
istifadəsi, həyata keçirilən uğurlu iqtisadi siyasət
və digər bu kimi amillər ölkə
iqtisadiyyatının dayanıqlığını və
davamlı inkişafını bundan sonra da təmin edəcək.
Azərbaycan iqtisadiyyatının davamlılığı ilə
bağlı Prezident İlham Əliyev bildirir: "Bu ilin,
bütün dünya üçün böhranlı ilin ilk
rübündə iqtisadi inkişaf 4,3 faiz, qeyri-neft sektorunun
artımı isə 13,7 faiz təşkil etmişdir. Biz buna məhz
neft siyasətinin uğurlu icrası nəticəsində, neftdən
əldə edilmiş gəlirlərin səmərəli şəkildə
digər sektorlara investisiya kimi qoyuluşu nəticəsində
nail ola bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı
dayanıqlı iqtisadiyyatdır və əminəm ki,
bütün son illər ərzində əldə edilmiş
iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".
Qeyd edildiyi kimi,
dünyanın aparıcı tədqiqat mərkəzləri və
maliyyə institutları da qlobal böhranın
dağıdıcı fəsadlarının güclənməsinə
baxmayaraq, Azərbaycanda əvvəlki kimi iqtisadi artım
tempinin yüksək səviyyədə olduğunu və bunu
ölkə hakimiyyətinin əsl iqtisadi uğuru kimi qəbul
etməkdədirlər. Böyük Britaniyanın
aparıcı tədqiqat mərkəzlərindən biri olan
"Economist Intelligence Unit" təşkilatı da Azərbaycanda
iqtisadi vəziyyət haqqında nikbin proqnozlar səsləndirir.
Bu qurumun da hesablamalarına görə, cari ilin ilk dörd
ayında Azərbaycandakı iqtisadi artım 4,3 faiz təşkil
edib. Təşkilatın ekspertləri qeyd edirlər ki,
dünya bazarlarında neftin qiymətinin tez-tez dəyişməsinə
baxmayaraq, Azərbaycanda ümumi illik iqtisadi artım böhran
fonunda optimal səviyyədə qalacaq. Həmçinin qeyd
edilib ki, 2010-cu ildə də Azərbaycanda iqtisadi artım
göstəriciləri yüksək həddə olacaq.
Dünya Bankının
(DB) yeni yayılan hesabatında da bir çox ölkələrdən
fərqli olaraq, Azərbaycan barəsində yenə də
nikbin proqnozlar verilməkdədir. Bildirilir ki, Azərbaycanda
iqtisadi artım qorunduğu halda, bəzi MDB ölkələri,
məsələn, Ermənistan bu sahədə problemlər
yaşayır. Ümumiyyətlə, hesabata görə,
dünya ləng inkişaf dönəminə daxil olub. Bank ekspertləri
qeyd edirlər ki, bu vəziyyət maliyyə sisteminə daha
diqqətli və keyfiyyətli nəzarət olunmasını
diktə edir.
DB bu il inkişaf etməkdə
olan ölkələrdə iqtisadi inkişafın 1,2 faiz
olacağını təxmin edir. Bu göstərici 2007-ci ildə
8,1, 2008-ci ildə 5,9 faiz olmuşdu.
Hesabata görə,
Avropa və Mərkəzi Asiya regionunda 2009-cu ildə ümumi
daxili məhsul 4,7 faiz düşəcək, 2010-cu ildə isə
1,6 faiz səviyyəsində artım qeydə alınacaq.
DB-nin mütəxəssislərinin
araşdırmalarından o da aydın olur ki, qlobal
böhranın təsirlərini hiss etdirdiyi ötən il ərzində
Azərbaycan iqtisadiyyatında, o cümlədən xarici ticarət
dövriyyəsində dinamik inkişaf saxlanılıb. Belə
ki, 2008-ci ildə Azərbaycanın xaricə satdığı
malların ümumi həcmi aldığından nəzərəçarpan
qədər çox olub. Yəni, xarici ticarət dövriyyəsində
böyük miqdarda müsbət saldo yaranıb. Cari il ərzində
də xarici ticarət dövriyyəsinin həcminin
böyük olacağı və burada yenə müsbət
saldonun qeydə alınacağı
proqnozlaşdırılır. Məlumat üçün
bildirək ki, aparılan son araşdırmalar Azərbaycandan fərqli
olaraq, Ermənistanda xarici ticarət dövriyyəsində mənfi
saldonun 5 dəfəyədək artdığını və
bu ölkənin tamamilə xaricdən asılı vəziyyətə
düşdüyünü göstərir.
DB-nin hesabatında o da
qeyd edilir ki, dünyada maliyyə vəziyyətinin pisləşməsi
qarşıdakı aylarda MDB-yə üzv olan bütün
ölkələrdə özünü malların qiymətinin
ucuzlaşmasında göstərəcək.
Daha çox ailə mənzil sahibi olacaq
Araşdırmalardan o da
aydın olur ki, iqtisadiyyatın böhrana ən çox məruz
qalan sahələrində də Azərbaycanda artım qeydə
alınmaqdadır. Belə sahələrdən biri kimi tikinti
sektoru çıxış edir və MDB-nin bir çox
ölkələri, məsələn, Rusiya, Qazaxıstan bundan
ciddi əziyyət çəkir.
Ermənistanda isə
cari ilin ilk rübündə tikinti sektorunda 42,3 faiz geriləmə
baş verib. Halbuki Azərbaycanda tamamilə əks proses
yaşanmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına
görə, Azərbaycanda fəaliyyət göstərən
tikinti müəssisələri 2009-cu ilin yanvar-may aylarında
yerinə yetirilmiş işlərin həcmini ötən ilin
analoji dövrü ilə müqayisədə 1,8 faiz, yaxud 1
milyard 71,4 milyon manatadək artırıb.
Qarşıdakı
dövr ərzində isə tikinti sektorunda inkişaf səviyyəsinin
daha yüksək olacağı gözlənilir. Bunun əsas səbəblərindən
biri də iyunun 1-dən adi ipoteka kreditlərinin verilməsi,
bunun ardınca sosial ipotekanın bərpa olunmasıdır. Azərbaycan
İpoteka Fondu (AİF) artıq iyunun 18-dən sosial
ipotekanın verilməsini bərpa edib. 2009-cu ilin dövlət
büdcəsində sosial ipotekanın verilməsi
üçün 14 milyon manat nəzərdə tutulub. Maliyyə
Nazirliyi bu məbləğdən bir hissəni AİF-in
hesabına köçürüb. Artıq sosial ipoteka
hüququna malik vətəndaşlar vəsaiti almaq
üçün müvəkkil kredit təşkilatlarına
müraciət edə bilərlər.
Sosial ipotekanın
alınmasına şəhid ailələrinin üzvləri,
Milli Qəhrəmanlar, məcburi köçkünlər və
onlara bərabər şəxslər, dövlət
qulluğunda ən azı 3 il iş təcrübəsi olanlar,
elmlər namizədləri və ya doktorluq elmi dərəcəsi
olan şəxslər, idman sahəsində xüsusi xidməti
olanlar iddia edə bilərlər.
Bundan əlavə, sosial
ipotekanın alınmasına Müdafiə, Milli Təhlükəsizlik
nazirlikləri hərbi sistemində, Daxili İşlər
Nazirliyi Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti,
Xüsusi Dövlət Mühafizə Xidmətində ən
azı 3 il qulluq edən şəxslər iddia edə bilərlər.
Xatırladaq ki, sosial ipoteka 30 il müddətinə veriləcək
və kreditin maksimal həcmi 35 min manatdır. Bu isə ipoteka
kreditindən əhalinin daha geniş təbəqəsinin
faydalanması, həmçinin tikinti sektorunda dinamik
inkişafa münbit şərait yaradılması deməkdir.
Aparılan
araşdırmalar iqtisadiyyatın digər sahələrində
də ciddi artımların olduğunu göstərir. Məsələn,
2009-cu ilin yanvar-may aylarında Azərbaycanda
yükdaşımaların həcmi 73 milyon ton təşkil
edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən
0,8 faiz çoxdur. Yükdaşımaların ümumi həcminin
strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin
payına 72 faiz, dövlət sektorunun payına 28 faiz
düşüb. Hesabat dövründə respublikanın dəniz
nəqliyyatı ilə 5,1 milyon ton müxtəlif yük
daşınıb ki, bu da 8,7 faiz artım deməkdir. 2009-cu
ilin yanvar-may aylarında avtomobil yolu ilə
yükdaşımaların həcmi 34,1 milyon ton (artım 8,3
faiz ) təşkil edib.
Bundan başqa, cari ilin
yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatı
məhsullarının istehsal həcmi 647 milyon 194,3 min manat təşkil
edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən
3 faiz çoxdur. Həmçinin hesabat dövrü ərzində
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT)
sektorunun müəssisələrində məhsul istehsalı
və xidmətlər 398,5 milyon manat və ya 14,3 faiz artıb.
2009-cu ilin yanvar-aprel aylarında İKT sektorunda
çalışanların orta aylıq əməkhaqqı əvvəlki
ilin eyni ayları ilə müqayisədə 16,6 faiz artaraq
496,2 manat olub.
Ümumiyyətlə,
araşdırmalar göstərir ki, bu ilin yanvar-may aylarında
Azərbaycanda orta aylıq əməkhaqqı 296,5 manat təşkil
edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini
22,2 faiz üstələyib. Bu ilin hesabat dövründə
nisbətən yuxarı orta aylıq əməkhaqqı mədən
sənayesində, maliyyə sahəsində, daşınmaz əmlakla
bağlı əməliyyatlarda, inşaat sektorunda, istehlak xidmətlərinin
göstərilməsində, eləcə də icarə xidmətlərində
qeydə alınıb. Bundan əlavə, cari ilin yanvar-aprel
aylarında müəssisə və təşkilatların
işçilərinə əməkhaqqı fonduna daxil olmayan
4,4 milyon manat həcmində sosial ödənişlər
verilib. Belə sosial ödənişlərin əsas hissəsini
mədən sənayesi, anbar təsərrüfatı və
rabitə, istehsal, elektrik enerjisi, qaz və suyun paylanması, eləcə
də emal sənayesində çalışan şəxslər
alıblar.
Dünya maliyyə institutlarının Azərbaycana
investisiya marağı yenə yüksəkdir
Qarşıdakı
dövr ərzində iqtisadiyyatın dinamik
inkişafını təmin etmək məqsədilə
atılan müsbət addımlardan biri də "Mərkəzi
Bank haqqında" qanuna edilən düzəlişlər qeyd
olunur. Bu düzəlişlər Azərbaycan Mərkəzi
Bankına (AMB) banklara dövlət zəmanəti ilə
kreditlərin və subordinasiya olunmuş kreditlərin verilməsini
həyata keçirmək hüququ verir. Edilən dəyişikliklər
nəticəsində pul-kredit siyasətinin tənzimlənməsi
və maliyyə sabitliyinin təminatı baxımından AMB
daha çevik addımlar ata biləcək ki, bu isə qlobal
böhranın təsirlərinin qarşıdakı dövr ərzində
də neytrallaşdırılmasında xüsusi rol oynayacaq.
Ümumilikdə
sözügedən qanunun 49 maddəsinə edilən düzəlişlər
bank sistemində sabitliyin təminatı məqsədilə
AMB-yə banklara kreditlərin, o cümlədən subordinasiya
olunmuş kreditlərin verilməsi hüququna imkan yaradır. Bundan
əlavə, AMB sosial-iqtisadi əhəmiyyət kəsb edən
layihələrin maliyyələşdirilməsi və
iqtisadiyyatın real sektorunun dəstəklənməsi
üçün banklara dövlət zəmanəti ilə məqsədli
kreditlərin verilməsi hüququna malikdir. Bundan əlavə,
düzəlişlərə görə, AMB Azərbaycanın
kommersiya banklarında milli və xarici valyutada depozit yerləşdirə
bilər. Bütün bunlar ölkə iqtisadiyyatının, o
cümlədən bank sektorunun böhrandan qorunmasında
müstəsna əhəmiyyət kəsb edir və dövlətin
bu istiqamətdə olduqca mühüm addımlar
atdığını göstərir.
Belə vəziyyətdə
iqtisadiyyatın dayanıqlı inkişafı bundan sonra
etibarlı şəkildə təmin olunur ki, bu da xarici
investorların, dünya maliyyə institutlarının Azərbaycana
marağını daha da artırır. Bunun nəticəsidir
ki, təkcə DB tərəfindən Azərbaycanda əsas
kapitala yönəldilmiş investisiyaların həcmi cari ilin
yanvar-may ayları ərzində ötən ilin analoji
dövrünə nisbətən 2,2 dəfə artıb. Hesabat
aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar
tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş
xarici investisiyanın həcmində DB-nin
investisiyalarının xüsusi çəkisi 6 faiz təşkil
edib.
Qeyd edək ki, Azərbaycan
DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən
müddət ərzində bank Azərbaycana 2 milyard ABŞ
dolları məbləğində maliyyə yardımı
göstərib. Hazırda DB Azərbaycanda icra olunan
"Abşeron yarımadasında neftlə çirklənmiş
ərazilərin təmizlənməsi", "Dəmiryolu və
ticarətin dəstəklənməsi", "Korporativ və
dövlət sektorlarında mühasibatlıq", "Azərbaycanda
magistral avtomobil yollarının yenidən qurulması",
"Azərbaycan maliyyə sisteminin modernləşməsi",
"Milli su təchizatı və kanalizasiya xidmətləri"
və bir sıra digər layihələri maliyyələşdirir.
Asiya İnkişaf
Bankı isə Azərbaycana yatırdığı sərmayələrini
85 faiz artırıb və perspektivdə ölkəmizə
daha böyük həcmdə investisiya qoymaq niyyətindədir.
Avropa Yenidənqurma və İnkişaf Bankı
üçün də Azərbaycan potensial investisiya ölkəsi
olaraq qalır. Bütün bunlar Azərbaycan
iqtisadiyyatının daha da sürətli inkişafını
təmin edir və bu, qlobal böhranın davametmə müddətindən
asılı olmayaraq ölkəmizin sözügedən
problemin hər hansı ciddi fəsadları ilə üzləşməyəcəyindən
xəbər verir.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.