"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.

Medalın diametri 35 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir, içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca "Azərbaycan Respublikası", aşağı qövs boyunca "Diplomatik xidməti" sözləri həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində Yer kürəsinin şərti təsviri fonunda qızılı rəngli qabarıq "90" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "1919-2009" rəqəmləri həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir, ortada yuxarı hissədə qızılı rəngli qabarıq "90" rəqəmi, ondan aşağıda "Azərbaycan Respublikası diplomatik xidməti" sözləri və "1919-2009" rəqəmləri həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər birinin eni 1,5 mm olan 4 qızılı zolaqdan və onların arasında yerləşən, hər birinin eni 7 mm olan və Azərbaycan Respublikasının dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarətdir. Lövhənin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir.

Medala 27 mm x 9 mm ölçüdə paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və üzərində hər birinin eni 1,5 mm olan 4 qızılı zolaqdan və onların arasında yerləşən, hər birinin eni 7 mm olan və Azərbaycan Respublikasının dövlət bayrağının rənglərini əks etdirən üç maili zolaqdan ibarət qəlib əlavə olunur.

 

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 2.