İyulun 7-də Milli Məclisin
2009-cu il yaz və növbədənkənar
sessiyalarının yekunları ilə bağlı mətbuat
konfransı keçirilmişdir. Milli Məclis Sədrinin
müavini Bahar Muradova bildirmişdir ki, parlament yaz sessiyası
dövründə üzərinə düşən vəzifələri
yerinə yetirmək üçün çox geniş fəaliyyət
göstərib. Yaz sessiyası bir sıra qanunların, qərarların
qəbul edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi
dövrü olub. Martın 18-də Konstitusiyaya əlavə və
dəyişikliklərlə bağlı ümumxalq səsverməsi
(referendum) keçirilib. Milli Məclis bu dəyişikliklərdən
irəli gələn bəzi qanunvericilik aktlarına müəyyən
əlavələr və düzəlişlər edib. Bu,
parlamentin yaz sessiyasının səmərəli fəaliyyətinin
əsas xüsusiyyətlərindən biridir. Eyni zamanda,
parlament Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə "Amnistiya Aktı haqqında" qanun layihəsi qəbul
edib. Bu isə ictimai həyatdan müəyyən səbəblərə
görə kənarda qalmış insanların ailələrinə
qovuşması, mülki cəmiyyətə qayıtması
üçün ən böyük addım olub.
Bahar Muradova həmçinin
bildirmişdir ki, yaz sessiyasında "Təhsil
haqqında" qanunun qəbul edilməsi parlamentin fəaliyyətinin
səmərəliliyi kimi xüsusi vurğulanmalıdır. Bunlar
Milli Məclisin ötən sessiyanın yekunlarını
xarakterizə edən əsas cəhətləridir. Yaz və
növbədənkənar sessiyalar dövründə Milli Məclisin
17 iclası keçirilib, 99 qanun və qərar, o cümlədən
Konstitusiya qanununa dəyişikliklər və əlavələr
qəbul olunub. Bu dövrdə parlamentdə 14 beynəlxalq
müqavilə ratifikasiya edilib, 27 qanuna dəyişikliklər
və əlavələr təsdiqlənib.
Parlamentin növbədənkənar
sessiyası da səmərəli olub. Bu dövrdə 31 qanun və
qərar qəbul olunub. 1 beynəlxalq müqavilə və
konvensiya ratifikasiya edilib, 13 qanuna olunan dəyişikliklər və
əlavələr təsdiqlənib.
Yaz sessiyasının
özünəməxsus cəhətlərindən biri də
onun hesabatlar dövrü olmasıdır. Bu dövrdə
parlamentdə bir sıra dövlət orqanlarının
hesabatları dinlənilmişdir. Milli Məclis hüquqi sahəyə
də xüsusi diqqət yetirmişdir. "Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" qanuna, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə, Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
və s. qanunlara dəyişikliklər edilmişdir. "Polis
haqqında" qanuna əlavələr təsdiq olunub,
"Könüllülük fəaliyyəti haqqında"
qanun qəbul edilib.
"Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununa, "Kütləvi
informasiya vasitələri haqqında", "Televiziya və
radio yayımı haqqında", "Dini etiqad
azadlığı haqqında" qanunlara əlavələr və
dəyişikliklər edilmişdir. Milli Məclisin yaz
sessiyası dövründə "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə qanun layihəsi təsdiq olunmuşdur.
Yerli özünüidarənin
təkmilləşdirilməsi istiqamətində də bir
sıra işlər görülmüşdür. "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nın yeni redaksiyada verilməsi barədə",
"Bələdiyyələrin statusu haqqında",
"Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında" qanun layihəsi parlament tərəfindən
təsdiqlənmişdir.
Milli Məclisdə
iqtisadi sahə üzrə də bir sıra qanunlara əlavə
və dəyişikliklər edilmiş, Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi təsdiq olunmuşdur.
Bu sahə ilə bağlı digər qanunların təkmilləşdirilməsi
üzərində iş davam etdirilir.
Yaz sessiyası
dövründə beynəlxalq əlaqələrin inkişaf
etdirilməsi də diqqət mərkəzində olub. Bu
dövr parlamentin beynəlxalq əlaqələrinin intensivləşməsi
dövrü kimi xarakterizə edilir. Azərbaycan parlamentini təmsil
edən nümayəndə heyətləri beynəlxalq təşkilatların
tədbirlərində yaxından iştirak edib. Deputatlar Azərbaycan
parlamentinin əlaqələrinin genişləndirilməsinə
mühüm töhfə veriblər.
Hazırda Milli Məclisdə
73 ölkə ilə fəaliyyət göstərən
parlamentlərarası dostluq qrupları bu istiqamətdə
öz işini davam etdirir.
Parlamentin yaz və
növbədənkənar sessiyaları dövründə
komitələrin 84 iclası keçirilib və 159 məsələyə
baxılıb, 149 qanun və 4 qərar layihəsi müzakirə
edilib. Milli Məclis Aparatına vətəndaşlardan 25666 təklif,
ərizə və şikayət daxil olub və bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz
azdır. Parlamentdə 2781 vətəndaş qəbul edilib ki,
bu göstərici də ötən illə müqayisədə
3,5 faiz azdır. Parlament sədrinin müavini dedi ki, Milli Məclis
nəinki bu dövr üçün nəzərdə tutulan
qanunları və qərarları, eləcə də nəzərdə
tutulmayan bir neçə qanun və qərar da qəbul
etmişdir.
Parlamentin payız
sessiyasında Tikinti Məcəlləsinə, "Həbs yerlərində
saxlanılan şübhəli və ya təqsirləndirilən
şəxslərin hüquqlarının və
azadlıqlarının təmin edilməsi haqqında",
"Dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda işçilərin əməyinin ödənilməsinin
tənzimlənməsi haqqında", "Elm və dövlət
elmi-texniki siyasəti haqqında", "Ali təhsil
haqqında", "Ümumi orta təhsil haqqında"
qanun layihələrinə baxılması nəzərdə
tutulub.
Mətbuat konfransında
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev,
parlamentin Aqrar siyasət, Hüquq siyasəti və dövlət
quruculuğu, İqtisadi siyasət, Mədəniyyət, Regional
məsələlər, Elm və təhsil komitələrinin
sədrləri, Təhlükəsizlik və müdafiə
komitəsi sədrinin müavini jurnalistlərin
suallarını cavablandırdılar.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 8 iyul.-
S. 2.