Bu gün siyasi
baxışlarından asılı olmayaraq mütləq əksəriyyət
etiraf edir ki, ötən əsrin ortalarında - 1969-cu ilin 14
iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə irəli çəkilməsi
xalqımızı milli müstəqilliyə doğru aparan
işıqlı yolun başlanğıcına
çevrilmişdir. Haqq-ədalət uğrunda mücadiləni
özünün həyat kredosuna çevirmiş ulu öndər
hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə
hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla
ədalətli və qanunpərəst rəhbər olduğunu
təsdiqləmişdir.
Ulu öndər Azərbaycanda
dövlət-vətəndaş münasibətlərinin
hüquq müstəvisində tənzimləndiyi, bütün
insani dəyər və azadlıqların maksimum dərəcədə
qorunduğu, liberal ideyaların möhkəm təmələ
çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin
ictimai şüurda möhkəmlənməsi uğrunda hər
zaman misilsiz xidmətlər göstərmişdir. Yüksək
bəşəri dəyərlərə hörmət Heydər
Əliyevin daxilən azad şəxsiyyət olmasından,
demokratizmindən, vətəndaşlıq məsuliyyətindən
irəli gəlmiş, böyük strateq hər bir fərdin
maraq və mənafeyinin ödənməsini, qanuni
hüquqlarının qorunmasını dövlətin
başlıca vəzifəsi saymışdır.
Cəmiyyətin ən
müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin
təminatına çalışan Heydər Əliyev
yalnız bu yolla dövlətlə xalq arasında möhkəm
mənəvi, siyasi və hüquqi bağlantıya,
qarşılıqlı etimada nail olmağı mümkün
saymışdır. Dərin zəkası, lider xarizması,
milli ideallara sıx bağlılığı, unikal idarəçilik
məharəti, zəngin mənəviyyatı ilə hər
zaman xalqının sevimli şəxsiyyəti olmuş ulu
öndər bu zirvəyə hakimiyyət sükanının
arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə
və nihilizmə qarşı apardığı prinsipial
mübarizə ilə yüksəlmişdir.
Ölkə rəhbəri
cəmiyyətdə hökm sürən neqativ halların ilk
növbədə kadr problemi ilə bağlı olduğunu
böyük müdrikliklə müəyyənləşdirmiş,
bu sahədə ciddi dönüşün yaradılması
vacibliyini önə çəkmişdir: "...Biz
ayrı-ayrı vəzifəli şəxslərin
davranışında özünü büruzə verən
nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma
bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə
nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin
gözü qabağında seçmək, onlar haqqında
kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə
almaq lazımdır. Yalnız belə olduqda kadrların
seçilməsi və yerləşdirilməsindəki bir
çox səhvlərin qarşısını almaq, həmin
sahədə işimizin səviyyəsini xeyli yüksəltmək
olar".
Ulu öndər Azərbaycan
KP MK-nın məşhur 5 avqust 1969-cu il tarixli plenumunda ölkədə
qanunçuluğun, hüquq qaydalarının təminatı
sahəsində vəziyyətin qənaətbəxş
olmadığını vurğulamış, sonrakı mərhələdə
hüquqi mexanizmlərin gücləndirilməsinə
başlayaraq, məmur özbaşınalığına,
korrupsiya və rüşvətxorluğa qarşı
amansız mübarizə aparmışdır. "Qoy, ədalət
zəfər çalsın!" devizindən çıxış
edən ümummilli lider qanunçuluğun, hüquq
qaydalarının möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirmiş,
xalqın bəşəri hüquqlarının əzmkar və
cəfakeş müdafiəçisinə çevrilməklə
milli ruh, iradə və özünüdərk meyillərinin
ictimai şüurda möhkəmlənməsinə nail
olmuşdur.
Böyük öndərin
ötən əsrin 70-80-ci illərində minlərlə gəncin
respublikamızın hüdudlarından kənarda yüksək
təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə
hər cür kömək göstərməsi də onun
xeyirxahlığının və insanpərvərliyinin bariz
təcəssümüdür. Bu günün özündə
də dövlət quruculuğunun müxtəlif pillələrində
təmsil olunmaq şansı qazanmış həmin insanlar buna
görə özlərini daim ulu öndərə borclu
sayır, onu böyük ehtiramla yad edirlər. 70-ci illərdə
Azərbaycandan kənarda - Moskva şəhərində
hüquqşünas ixtisasına yiyələnmiş şəxs
kimi bu sətirlərin müəllifi də öz taleyinə,
peşə və elmi karyerasına görə məhz Heydər
Əliyevə borcludur. Böyük strateq sonralar qeyd edirdi ki,
70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən
asılı olmayaraq Azərbaycan xalqının böyük
bir nəsli təhsil almış, böyümüş,
yüksək səviyyəyə çatmış,
böyük elm və mədəniyyətə sahib
olmuşdur.
Ümummilli lider
respublikaya birinci rəhbərliyi dövründə
hüquq-mühafizə orqanlarının fəaliyyətinin də
ildən-ilə təkmilləşdirilməsinə xüsusi
diqqət və qayğı ilə yanaşmış,
sağlam mənəvi-əxlaqi mühitin yaradılmasına,
qanunun aliliyinin bütün səviyyələrdə təminatına
nail olmuşdur. Həmin illərdə prokurorluq, daxili işlər
və dövlət təhlükəsizlik orqanlarında əsaslı
kadr dəyişikliyi aparılmış, strateji əhəmiyyətli
vəzifələrə azərbaycanlılar yerləşdirilmişdilər.
Respublikamızda hələ Azərbaycan Xalq Cümhuriyyəti
dövründə əsası qoyulmuş ədliyyə
sisteminin bərpası və yenidən
formalaşdırılması da məhz ulu öndərimizin
ölkəyə birinci rəhbərliyi dövrünə təsadüf
edir. Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyət
dövrünün başlandığı zamanda Ədliyyə
Nazirliyinin yenidən təsis edilməsi ilə Azərbaycanın
ədliyyə tarixində yeni mərhələ
başlanmış, ədliyyə işi təkmilləşdirilərək
onun gələcək inkişafı üçün əlverişli
zəmin yaranmışdır.
Ulu öndər Heydər
Əliyevin birinci rəhbərliyi dövründə
görülən işlərin - elm, təhsil, səhiyyə,
kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə
həyata keçirilən məqsədyönlü tədbirlərin
uğurlu nəticələri bir neçə on ildən sonra
Azərbaycanın müstəqil dövlət kimi
mövcudluğuna etibarlı zəmin
formalaşdırmışdır. Məhz belə bir zəmin
üzərində SSRİ-də yaranmış tarixi şəraitdən
bəhrələnərək öz hüquqları uğrunda
mübarizəyə qalxan xalqımızın fədakarlığı
nəticəsində Azərbaycan, nəhayət ki, dövlət
müstəqilliyini bərpa etmişdir. Lakin 1991-1993-cü illərdə
respublikada cərəyan edən mürəkkəb proseslər
- siyasi böhranın, xaos və anarxiya mühitinin dərinləşməsi,
xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin
itirilməsi təhlükəsinin yaranması bu
reallığı bir daha təsdiqlədi ki, yalnız
böyük dəstəyə malik liderlər
xalqlarının müstəqilliyinə etibarlı təminat
yarada, onu qoruyub saxlaya bilərlər. Ulu öndər belə
nüfuzlu şəxsiyyət olaraq özünün parlaq zəkası
ilə Azərbaycanı olduqca mürəkkəb zamanın
dalğaları arasından salamat çıxarıb ona həm
bölgədə, həm də dünyada layiqli yer
qazandırmışdır. Böhranlı bir dövrdə -
1993-cü ilin iyununda xalqın
çağırışına cavab verərək hakimiyyət
sükanına keçən ümummilli lider
respublikamızı üzləşdiyi bir çox faciələrdən
qurtarmış, müdrik və uzaqgörən
addımları ilə onu davamlı, sabit inkişaf yoluna
çıxarmışdır.
Xilaskarlıq
missiyası ilə milli qurtuluşu təmin edən
ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə
yaratdığı milli dövlətçilik modeli spesifikliyi
və unikallığı ilə fərqlənməklə,
xalqın gələcək yaşam fəlsəfəsini, milli
inkişaf prioritetlərini müəyyənləşdirmiş,
demokratik dəyərləri özündə maksimum dərəcədə
ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna
çevrilmiş milli iqtisadi modelini özünəməxsus
uzaqgörənliklə əsaslandıran ümummilli lider bu
spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan
möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı
nəticələr verə biləcəyini diqqətə
çəkmişdir.
1995-ci ildə ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk
milli Konstitusiya xalqın keçdiyi tarixi yolun, müstəqillik
uğrunda apardığı ardıcıl mübarizənin məntiqi
yekunu olaraq, dövlətin fəaliyyətinin əsas istiqamətlərini,
demokratik dövlət quruculuğu prosesinin başlıca
prinsiplərini, vətəndaşların fundamental hüquq və
vəzifələrini müəyyən etmişdir. Faktiki
olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi
sistemin formalaşmasına başlanmış, hüquqi-siyasi
islahatların aparılmasına fundamental baza
yaradılmış, hakimiyyət bölgüsü prinsipləri
təsbit edilmişdir. Əsas Qanunda əksini tapmış
müddəaların üçdə ikisinin sırf insan
hüquqlarının etibarlı təminatı ilə
bağlı olması da kifayət qədər diqqətçəkici
məqamdır.
Həmin dövrdən
ardıcıl surətdə həyata keçirilən məhkəmə
islahatlarının başlıca məqsədi Azərbaycanda
qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin
dövlət idarəçilik mexanizmində nüfuzlu və
müstəqil təsisat kimi təşəkkül tapması,
ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin
yüksək səviyyədə təşkili, cinayət və
mülki mühakimədə demokratik prinsiplərin
qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
məsələlərin konseptual həlli olmuşdur.
Azərbaycan
Konstitusiyasına əsasən, hakimiyyətin üç
müstəqil qolundan biri olan məhkəmələr
dünyanın mütərəqqi təcrübəsinə əsaslanan
modeldə formalaşdırılmışdır. Bu modelə əsasən,
respublikada birinci instansiya, apellyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət
göstərir. Üçpilləli məhkəmə sistemi ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə işlərə
birinci instansiya qaydasında baxılmasına, bundan sonra
onların hüquqa və fakta görə apellyasiya
qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə
qərarlarına hüquqa görə kassasiya qaydasında
yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci
instansiya məhkəməsinin buraxdığı hər
hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan qaldırılmasına, işlərin
mahiyyətcə düzgün və obyektiv həllinə şərait
yaratmış olur.
Ulu öndər Heydər
Əliyevin qanunvericilik təşəbbüsü əsasında
1998-ci il 1 dekabr tarixdə "Məhkəmələr və
hakimlər haqqında" qanunun qəbulu isə məhkəmə
hakimiyyətinin fəaliyyətini tənzimləyən təkmil
qanunvericilik bazasının formalaşması baxımından
mühüm əhəmiyyətə malikdir. Məhkəmə
fəaliyyətinin hüquqi əsaslarını və ədalət
mühakiməsinin daha səmərəli təşkili
qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə
seçkilərlə bağlı bir sıra zəruri tələblər
də əksini tapmışdır. Hakim vəzifəsinə
seçkilərin test üsulu ilə, tamamilə
açıq, şəffaf, obyektiv və ədalətli
prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən
qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik
sistemində nüfuzlu, mötəbər və müstəqil
təsisat kimi formalaşması məsələsinə
xüsusi diqqət ayrılmışdır.
Həmin qanun əsasında
həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki
məhkəmə sistemindən köklü surətdə fərqlənən
və insan hüquqlarının müdafiəsinə daha
etibarlı təminat yaradan üçpilləli müstəqil
məhkəmə sistemi yaradılmış, həbs və
insan hüquqlarını məhdudlaşdıran digər
prosessual məcburiyyət tədbirlərinin görülməsi
məhkəmələrin müstəsna səlahiyyətinə
aid edilmiş, məhkəmələr üzərində
prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə
nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq
orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə
şikayət hüququ müəyyən olunmuşdur.
Ulu öndərin
möhkəm təməl üzərində əsasını
qoyduğu çoxşaxəli islahatları ötən
beş ildə uğurla davam etdirən Azərbaycan Prezidenti
İlham Əliyev hər bir fərdin qanuni maraq və mənafeyinin
təminatı baxımından məhkəmə-hüquq və
ədliyyə sistemində mütərəqqi islahatları təmin
etmişdir. Xatırlatmaq lazımdır ki, hələ
2003-cü ilin dekabrında "Məhkəmə-Hüquq
Şurası haqqında" yeni qanun qəbul olunmuş,
"Məhkəmələr və hakimlər haqqında"
qanuna bir sıra mütərəqqi dəyişikliklər
edilmişdir. Məhkəmələrin işinin təkmilləşdirilməsi
və beynəlxalq tələblərə
uyğunlaşdırılması məqsədilə
2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq
Şurası haqqında" yeni qanun qəbul olunmuş,
"Məhkəmələr və hakimlər haqqında"
qanuna bir sıra mütərəqqi dəyişikliklər
edilmişdir.
19 yanvar 2006-cı il
tarixli Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərman
isə mütərəqqi hüquqi islahatların davamı
kimi hələ də aktuallığını qoruyub
saxlayır. Regionların sosial-iqtisadi inkişafı sahəsində
son 5 ildə həyata keçirilmiş bir sıra təşkilati-hüquqi,
sosial tədbirlərin mahiyyətindən irəli gələn
bu mühüm fərmanda bölgələrdə yeni
apellyasiya və iqtisad məhkəmələrinin
yaradılması başlıca vəzifə kimi qarşıya
qoyulmuşdur. Ötən müddətdə fərman əsasında
Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və
Şirvanda apellyasiya məhkəmələri,
Naxçıvanda Ağır Cinayətlərə dair
İşlər üzrə Məhkəmə, Bakıda 2
saylı Yerli İqtisad Məhkəməsi, habelə
Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri
yaradılmış və fəaliyyətə
başlamışdır.
Hakimlərin yüksək
iş yükünün məhkəmə
araşdırmalarının keyfiyyətinə mənfi təsir
göstərən amillərdən biri olduğunu nəzərə
alan dövlət başçısı İlham Əliyev 17
avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərman imzalamış, respublika məhkəmələri
hakimlərinin sayı 153 ştat vahidi
artırılmışdır.
Şübhəsiz, ədalətli
məhkəmə sisteminin formalaşdırılması
baxımından yalnız təkmil qanunvericilik bazası yetərli
deyil. Təsadüfi deyildir ki, dövlət
başçısı İlham Əliyev Azərbaycanda məhkəmə
orqanlarının fəaliyyətinin müasirləşdirilməsini
- onların yüksək təmirli bina, habelə maddi-texniki
baza, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsini
də vacib sayır. Son illərdə respublikamızda bir
sıra məhkəmələr yeni bina və inventar ilə təchiz
olunmuşdur və onların iş şəraitinin
yaxşılaşdırılması istiqamətində
atılan addımlar bu gün də davam edir. Dövlət
başçısı bir müddət əvvəl Ali Məhkəmənin
yeni əzəmətli binasının açılış mərasimindəki
çıxışında demişdir: "Hər yerdə ədalət
olmalıdır, ilk növbədə məhkəmə
sistemində. Çünki burada qəbul edilmiş qərarlar
insanların taleyinə təsir göstərir. Bir də demək
istəyirəm ki, heç bir cinayət cəzasız
qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır.
Ona görə hakimlərin üzərinə çox
böyük və şərəfli missiya düşür. Son
illər ərzində Azərbaycanda məhkəmə-hüquq
sistemində aparılmış köklü islahatlar öz bəhrəsini
verir.
İnsanların məhkəmə
orqanlarının qərarlarına inamı artır. Biz bunu
görürük, bilirik və yerlərdən bu məsələ
ilə əlaqədar gələn şikayətlərin
sayı azalır, məhkəmə qərarları ədalətli
çıxarılır. Düzdür, hər bir yerdə
olduğu kimi, biz ədalətsizlikləri də
görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri
aradan götürək. Həyatımızın bütün
sahələrində ədalət olmalıdır və bu, hər
bir cəmiyyətin inkişafı üçün çox
vacibdir".
Dövlət
başçısı İlham Əliyev məhkəmə
orqanlarının müasirləşdirilməsi
baxımından ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsini
də son dərəcə vacib sayır. 18 aprel 2006-cı il
tarixli fərmanı ilə "Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"ni
təsdiq edən Azərbaycan Prezidenti İlham Əliyev 17
avqust 2006-cı il tarixdə "Ədliyyə
orqanlarının inkişafı haqqında" fərman
imzalamışdır.
"Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı"nın imzalanması isə milli ədliyyə
sisteminin müasirləşdirilməsi və fəaliyyətinin
daha da təkmilləşdirilməsi istiqamətində indiyədək
həyata keçirilmiş məqsədyönlü və
ardıcıl tədbirlər sisteminin uğurlu
davamıdır. Dövlət proqramı
aktuallığına, əhatə etdiyi məsələlərin
miqyasına, ədliyyə sahəsində həllini gözləyən
problemlərə kompleks yanaşma mexanizmlərinə görə
xüsusilə fərqlənir.
Dövlət
proqramının 6-cı hissəsində məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi və infrastrukturunun
yaxşılaşdırılması sahəsində bir
sıra tədbirlər nəzərdə tutulmuşdur. 2009-2013-cü
illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən
normativ hüquqi aktlar külliyyatının və onların
şərhinə dair vəsaitlərin hazırlanması,
"Ədliyyə sisteminin müasirləşdirilməsi"
layihəsi çərçivəsində məhkəmə
fəaliyyətində, o cümlədən işlərin
qeydiyyatı və hərəkətində, məhkəmə
proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi,
habelə məhkəmələrin maddi-texniki bazasının
yaxşılaşdırılması və onlar
üçün lazımi iş şəraitinin təmin edilməsi,
yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt,
Şirvan və Şəki apellyasiya məhkəmələrinin
inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. Ümumilikdə
dövlət proqramı ədliyyə orqanları ilə
yanaşı, məhkəmələrin də fəaliyyətinin
müasirləşdirilməsinə və təkmilləşdirilməsinə
yeni imkanlar açır.
Ümumiyyətlə, həyata
keçirilən islahatlar göstərir ki, Azərbaycanda
qanunun aliliyinin təminatı, məhkəmə və ədliyyə
orqanlarının dövlət idarəçilik mexanizmində
nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli dövlət
başçısının xüsusi diqqət mərkəzindədir.
Dövlət başçısının inamla həyata
keçirdiyi ədliyyə və məhkəmə
islahatları respublikamızda qanunçuluğun, hüquq
qaydalarının daha möhkəmlənməsinə, habelə
Azərbaycanın beynəlxalq arenada demokratik imicinin yüksəlməsinə
xidmət edir.
Ələkbər QULİYEV,
Ağır Cinayətlərə dair İşlər
üzrə
Azərbaycan Respublikası
Məhkəməsinin hakimi
Azərbaycan.- 2009.- 8 iyul.- S. 3.