Heydər Əliyev
Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan"
layihəsi çərçivəsində Bakıdakı
Müqəddəs Məryəm kilsəsində aparılan
yenidənqurma işləri başa çatmışdır.
Bu münasibətlə
Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerotti və
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
kilsənin başçısı Yan Çapla ilə birgə
görülmüş işlərlə tanış
olmuşlar.
Fondun dəstəyi ilə
Müqəddəs Məryəm kilsəsində asma tavan
şüşələri dini mövzuda və klassik vitraj
texnikasında işlənmiş bədii şüşələrlə
əvəz edilmiş, məbədin fasadında keramik panno
yerləşdirilmişdir.
Layihə Heydər Əliyev
Fondu və Roma katolik dini icması arasında imzalanmış əməkdaşlıq
haqqında memorandum çərçivəsində həyata
keçirilmişdir.
Dini-tarixi abidələrin
bərpasına xüsusi diqqət verən Heydər Əliyev
Fondu 2006-cı ildən ölkə ərazisində müxtəlif
dini-mədəni abidələrin yenidən qurulmasını həyata
keçirir. 2007-ci ildə fond "Tolerantlığın
ünvanı - Azərbaycan" layihəsi çərçivəsində
Buzovna məscidi ilə yanaşı, ölkədə fəaliyyət
göstərən katolik və pravoslav kilsələrində
yenidənqurma işlərinə başlamışdır.
Ötən il
Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa
işləri aparılmışdır. Bu il isə Strasburq
kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə
şəbəkəsinin bərpasına töhfə vermək
məqsədilə Heydər Əliyev Fondu kilsəyə maliyyə
yardımı ayırmışdır. 1320-1340-cı illərdə
salınmış bu şüşələrin üzərində
Müqəddəs Məryəmin və İsa peyğəmbərin
həyatı əks olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 8 iyul.- S. 3.