Naxçıvan Muxtar
Respublikası Ali Məclisində Azərbaycan
Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə
konfrans keçirilmişdir. Əvvəlcə konfrans
iştirakçıları ümummilli lider Heydər Əliyevin
Naxçıvan şəhərinin mərkəzindəki abidəsini
ziyarət etmiş, önünə gül dəstələri
qoymuşlar.
Sonra ulu öndərin
dövlətçilik fəaliyyətini əks etdirən
muzeylə tanış olan qonaqlar oradan xoş təəssüratlarla
ayrılmışlar.
Konfransda Xarici
İşlər Nazirliyinin məsul işçiləri, Azərbaycanın
xarici ölkələrdəki səfirləri və
konsulları iştirak etmişlər.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfrans
iştirakçılarını və diplomatları təbrik
edərək demişdir ki, qədim dövlətçilik ənənələrinə
malik Azərbaycanın beynəlxalq münasibətlər və
diplomatiya tarixi olduqca zəngindir. Qədim Azərbaycan dövlətləri
olan Ağqoyunlu və Səfəvilərin Azərbaycan
diplomatiyasının inkişafında xidmətləri
böyükdür. Bu dövlətlərin Vatikan, Venesiya və
Macarıstan kimi nüfuzlu dövlətlərlə münasibətləri
diplomatiya tariximizin "Qızıl fondu"na daxil
olmuşdur.
Naxçıvanın
muxtariyyət əldə etməsindən sonra xarici dövlətlərlə
əlaqələr sahəsində formalaşmış təcrübəsi
Azərbaycan dövlətçilik ənənələrinin
daha da zənginləşməsinə xidmət etmişdir.
Ötən əsrin
20-ci illərində Azərbaycanın himayəsi altında
muxtariyyət qazanmış Naxçıvanın Maku, Xoy və
Təbrizdə konsulluqları, Bakı, Tiflis və İrəvanda
nümayəndəlikləri yaradılmış, Rusiya
Federasiyasının Qarsdakı konsulluğu yanında müvəkkilliyi
təşkil olunmuşdur. 1924-cü ilədək
Naxçıvanda Türkiyənin hərbi nümayəndəliyi,
1938-ci ilədək isə İranın konsulluğu fəaliyyət
göstərmişdir.
Müstəqillik illərində
Azərbaycan diplomatiyası əldə etdiyi ciddi nailiyyətlərə
görə ümummilli lider Heydər Əliyevə borcludur. Böyük
dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə
qayıdışı ilə ölkəmizin təklənməsinə
səbəb olan kortəbii xarici siyasətə son qoyuldu. Mehriban
qonşuluq münasibətlərinin və
tarazlaşdırılmış xarici siyasətin tətbiqi Azərbaycanı
beynəlxalq birliyin və Avropa ailəsinin nüfuzlu
üzvünə çevirdi.
Ulu rəhbərimizin
siyasi xəttini davam etdirən Prezidentimiz İlham Əliyevin
2005-ci il 31 oktyabr tarixli fərmanı ilə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan
Muxtar Respublikasındakı idarəsi təşkil
olunmuşdur. Ötən il Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Naxçıvan Muxtar
Respublikasındakı idarəsinin yeni inzibati binasının
açılış mərasimində dövlətimizin
başçısı İlham Əliyevin şəxsən
iştirak etməsi, bu il isə Azərbaycanın diplomatik xidmətinin
90 illiyi münasibətilə konfransın Naxçıvanda
keçirilməsi barədə tapşırıq verməsi,
Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin
keçirilməsi barədə sərəncam imzalaması
muxtar respublikanın tarixi keçmişinə, Azərbaycan
diplomatiyası və dövlətçilik tarixində
oynadığı müstəsna rola verilən yüksək
qiymətin əyani ifadəsidir.
Xarici işlər naziri
Elmar Məmmədyarov Azərbaycan dövlətinin çoxəsrlik
tarixinin vacib siyasi və mədəni mərkəzlərindən
biri olan Naxçıvanda Azərbaycan diplomatiyasının 90
illiyi münasibətilə keçirilən konfransda
iştirakından məmnunluğunu ifadə etmiş, bu tədbirin
yüksək səviyyədə təşkilinə görə
diplomatik korpus adından minnətdarlığını
bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan
diplomatiyasının 90-cı ildönümü deyəndə
biz dövlətimizin peşəkar diplomatik xidmətinin məhz
1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici
İşlər Nazirliyinin katibliyinə dair qərarın qəbul
edilməsindən ötən müddəti nəzərdə
tuturuq. Bildiyiniz kimi, bu tarixi fakt əsasında Prezident
İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə
9 iyul Azərbaycan diplomatlarının peşə bayramı
elan edilmişdir.
Sovet İttifaqı
dövründə müstəqillikdən məhrum olmuş Azərbaycan
SSRİ ali təhsil qurumları və diplomatik xidmət
orqanlarının imkanlarından faydalanaraq milli diplomatik
kadrların yetişdirilməsinə nail olmuşdur. Xüsusilə
də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərdə milli kadr və mütəxəssislərin
hazırlanması və müxtəlif sahələrdə irəliləməsi
daha sistemli şəkildə həyata keçirilmişdir. Bütün
dünyanı əhatə edən sovet diplomatik xidmət
qurumlarında və əsasən Yaxın və Orta Şərq
istiqamətində azərbaycanlı diplomatlar və müxtəlif
sahələr üzrə mütəxəssislər fəal
iştirak etmiş, İran, Türkiyə, Əfqanıstan,
İraq və digər ərəb ölkələrində
yüksək səviyyəli fəaliyyətləri ilə fərqlənmişlər.
XX əsrin sonunda Azərbaycan
öz müstəqilliyini bərpa etmişdir. Həmin vaxt Ermənistanın
hərbi təcavüzünə məruz qalmış,
ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm
sürdüyü Azərbaycan öz tarixinin ən mürəkkəb
dövrlərindən birini yaşamışdır. Belə
bir mürəkkəb şəraitdə ulu öndər Heydər
Əliyevin müstəqil Azərbaycanın ali rəhbərliyinə
gəlməsi tarixi əhəmiyyətli hadisə idi.
Məhz ulu öndər
Heydər Əliyev tərəfindən Azərbaycanın milli
maraqlarının təmin edilməsinə yönələn
xarici siyasətin prioritet istiqamətləri müəyyənləşdirilmiş
və onların həyata keçirilməsi təmin
olunmuşdur. Böyük diplomatik məharət tələb
edən uğurlu neft strategiyasının həyata
keçirilməsi nəticəsində Azərbaycanın
dünya birliyində geosiyasi əhəmiyyəti xeyli
artmışdır. Fəal xarici siyasətin nəticəsi
olaraq, dünya dövlətlərinin və beynəlxalq təşkilatların
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll edilməsi istiqamətində səyləri
güclənmişdir.
Ümummilli liderimizin
çoxşaxəli fəaliyyətinin nəticələrinə
arxalanaraq onun layiqli davamçısı Prezident İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan siyasi və
sosial-iqtisadi, hərbi və enerji strategiyası sahələrində
yeni tərəqqi əldə etmişdir.
Azərbaycan
diplomatiyası fəaliyyətini gücləndirərək
BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı
və digər beynəlxalq təşkilatlar çərçivəsində
ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən
və Ermənistanın təcavüzkar siyasətini pisləyən
bir çox qətnamələr və qərarların qəbul
edilməsinə nail olmuşdur. Biz Ermənistan-Azərbaycan
münaqişəsinin danışıqlar yolu ilə, Minsk
qrupu həmsədrlərinin vasitəçiliyi əsasında
həll edilməsi istiqamətində səylərimizi davam
etdiririk. Azərbaycanın mövqeyi birmənalıdır,
münaqişə yalnız beynəlxalq hüquq prinsipləri,
o cümlədən Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı əsasında həll oluna bilər.
Müstəqilliyimizin bərpasından
sonra keçən on səkkiz il ərzində Azərbaycanın
xarici siyasət strategiyasının uğurlu olmasının
sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz
daim dəyişən beynəlxalq mühitə
uyğunlaşmaqla yanaşı, eyni zamanda, regional liderə və
beynəlxalq aləmdə etibarlı tərəfdaşa
çevrilmişdir. Ölkəmiz bütün regional məsələlərdə
əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz.
Çıxış edən
digər natiqlər də Azərbaycan diplomatiyasının
tarixindən və bugünkü uğurlarından
danışmışlar.
Konfransdan sonra Azərbaycan
Respublikası diplomatik korpusunun nümayəndələri
Naxçıvan şəhərindəki "Gənclik" mərkəzinə
gələrək yubiley münasibətilə təşkil
olunmuş konsert proqramını seyr etmişlər. Naxçıvan
Muxtar Respublikası Dövlət Filarmoniyasının
müğənniləri klassik və müasir bəstəkarların
mahnılarını ifa etmişlər.
Sonra qonaqlar
Naxçıvanın görməli yerlərini gəzmiş,
təbiət və tarixi abidələri ilə tanış
olmuşlar.
AzərTAc
Azərbaycan.- 2009.- 8 iyul.- S. 5.