Azərbaycanda yuvenal ədliyyə islahatları davam etdirilir

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi YUNİSEF, ATƏT, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə yuvenal ədliyyə mexanizminin yaradılması istiqamətində işləri davam etdirir.

İyunun 29-da Nərimanov rayonundakı "Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi" ilə tanışlıq olmuşdur.

Mərkəzin əməkdaşı, psixoloq Asəf Kərimov bildirmişdir ki, 2007-ci ildən həyata keçirilən sınaq proqramı çərçivəsində paytaxtın Nizami və Xətai rayonlarında da fəaliyyət göstərən belə mərkəzlərin məqsədi risk altında olan yetkinlik yaşına çatmayan uşaqların reabilitasiyası və cəmiyyətə tam inteqrasiyasının təşkili və onların cəmiyyətdən təcrid olunmasının qarşısının alınmasıdır. Burada uşaqlar üçün informasiya texnologiyaları və ingilis dili kursları təşkil olunur, idman məşğələləri keçirilir. Uşaqların əksəriyyəti bu mərkəzə yetkinlik yaşına çatmayanların işi və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən polisin təqdimatı ilə göndərilir. Kurslar 3 aydan 6 ayadək davam edir.

Bildirilmişdir ki, təlimlərdə polis əməkdaşları da iştirak edir, yuvenal ədliyyə sahəsində təcrübələrini artırırlar. Sonra Nərimanov Rayon Polis İdarəsindəki "Polisin uşaq otağı" ilə tanışlıq olmuşdur.

Tədbirdə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Beudris Alami və ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 5.