Qaxda Yaponiya hökumətinin maliyyə dəstəyi
ilə yeni məktəb binası istifadəyə
verilmişdir
Yaponiya hökumətinin
"Ot kökləri və insan təhlükəsizliyi"
Qrant Yardımı Proqramı çərçivəsində
Qax şəhərində 3 nömrəli məktəb
üçün yeni bina tikilib istifadəyə verilmişdir.
İyulun 7-də Qax şəhərində yeni məktəb
binasının təntənəli açılış mərasimi
keçirilmişdir. Tədbirdə Yaponiyanın ölkəmizdəki
səfiri Masamitsu Oki iştirak etmişdir.
Mərasimdən əvvəl
səfir Masamitsu Oki və rayon rəhbərliyi Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin
mərkəzi meydanında ucaldılmış abidəsi
önünə tər çiçəklər
düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra səfir
ümummilli liderimizin adını daşıyan muzeydə
olmuş, xalqımızın böyük oğlu Heydər Əliyevin
zəngin həyat yolunu əks etdirən ekspozisiyaya
baxmışdır.
Açılış mərasimində
çıxış edən rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə Azərbaycanda
elm və təhsilin inkişafına göstərilən
yüksək dövlət qayğısından
danışmış, tezliklə rayonun Almalı və
Baydarlı kəndlərində də müasir standartlara
uyğun yeni məktəb binalarının şagirdlərin
istifadəsinə veriləcəyini nəzərə
çatdırmış, belə bir dəyərli hədiyyəyə
görə Yaponiya hökumətinə minnətdarlığını
bildirmişdir.
Səfir Masamitsu Oki Qaxa
ilk dəfə səfər etdiyini, rayonun təbiətinə
valeh olduğunu bildirmiş, "Ot kökləri və insan təhlükəsizliyi"
Qrant Yardımı Proqramı çərçivəsində
Azərbaycanda həyata keçirilən layihələr barədə
məlumat vermişdir. Səfir bildirmişdir ki, bu, proqram
çərçivəsində rayonda həyata keçirilən
sayca dördüncü layihədir. Ümumiyyətlə,
Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi"
Qrant Yardımı Proqramı Azərbaycanda 2000-ci ildən həyata
keçirilir. Proqram çərçivəsində indiyədək
respublikamızda ümumi dəyəri 8 milyon 70 min manat olan 115
layihə reallaşdırılmışdır.
Təhsil Nazirliyinin
nümayəndəsi Sabir Həmidov çıxış edərək
təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində görülən işlərdən
danışmışdır.
Rəmzi
qırmızı lent kəsildikdən sonra yeni məktəb
binasına baxış olmuşdur. 9 sinif otağından ibarət
310 şagird yerlik yeni məktəb binasının tikintisinə
85 min 666 ABŞ dolları vəsait xərclənmişdir. Təhsil
Nazirliyi tərəfindən məktəbə yeni inventar və
avadanlıq verilmiş, ərazi rayonun daxili imkanları
hesabına abadlaşdırılmışdır.
Sonra Yaponiyanın
ölkəmizdəki səfiri Qax şəhərinin görməli
yerləri ilə tanış olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 8 iyul.- S. 5.