Bakı şəhərindəki
"Xalqlar dostluğu" dairəsində Məhəmməd
Hadi prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində
olan yol qovşağında qızğın iş gedir. Qovşağın
sentyabr ayının əvvəllərində istifadəyə
verilməsi nəzərdə tutulub.
Hazırda körpü
aşırımlarına və yanaşma yollara asfalt
örtüyü vurulur, divarlara üzlük çəkilir,
yaşıllıq zolaqları salınır. "Gəncə
körpütikinti-2" Səhmdar Cəmiyyətinin inşa
etdiyi bu kompleksdə işıqlandırma sistemi başa
çatmaq üzrədir. İndiyədək ərazidə 7
kilometrdən artıq su və 2 kilometrlik qaz xətlərinin,
habelə yüksək gərginlikli elektrik xətlərinin
yeri dəyişdirilib. Ərazidən keçən 35 min
kilovoltluq yerüstü elektrik xətti yeraltı xətlə əvəz
olunub.
Bu yol qovşağı
hələlik paytaxtın ən böyük yol
qovşağı sayıla bilər. Burada körpülərin
ümumi uzunluğu 2116 metr, giriş və
çıxış yolları ilə birlikdə 2500 metrdən
artıqdır. "Xalqlar dostluğu" dairəsindəki
körpünün aşırım hissəsinin uzunluğu
129, köhnə "Maşın bazarı"
qarşısındakı körpünün aşırım
hissəsi 196 metrdir. Yol qovşağında üç
avtomobil, iki piyada keçidi tikilib. Yağış və
qurunt sularının axıdılması üçün
drenaj xətləri çəkilib. "Maşın
bazarı" istiqamətində yol kənarındakı
xırda və yöndəmsiz köşklər, ticarət
obyektləri ləğv edilib.
Xatırladaq ki,
planlaşmaya əsasən, bu yol ötürücüsü
ötən ilin payızında istifadəyə verilməli
idi. Amma körpü-keçid kompleksinin bir hissəsinin
tikintisi başa çatdıqdan sonra problem
yarandığından inşaat işlərinə əlavələr
olundu. Rusiyadan dəvət edilən körpü-tikinti mütəxəssislərinin
rəsmi rəyindən sonra yol qovşağının bir hissəsi
tamamilə yenidən tikildi.
Körpü-tuneldə
aparılan əlavə tikinti-bərkitmə işlərinin
aparılması müsbət nəticələr verdi. Yol
qovşağının tikintisində yerli xammalla
yanaşı, xarici ölkələrdən gətirilmiş
materiallardan da istifadə olunub.
Hazırda yol
qovşağında səliqə-sahman və tamamlama işləri
keyfiyyətlə aparılır. Yaxın ərazidə
yaşayan pedaqoji elmlər namizədi Bəşir
Tağıyev deyir ki, bu əzəmətli körpünün
və yanaşma yollarının tikintisi başa
çatdıqca ətraf gözəlləşir, tamam
başqalaşır. Şəhərin müxtəlif yerlərində,
eləcə də bizim binanın yaxınlığında
aparılan bu quruculuq işləri ürəkaçandır. Bakı
yollarının inkişafı və bakılıların
rahatlığı üçün əvəzolunmuz xidmətdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2009.- 8 iyun.- S. 6.