"Zöhrab Vəliyev" gəmisi Türkmənistanda tədqiqatlar
aparıb
ARDNŞ-nin
"Zöhrab Vəliyev" mühəndis-geoloji gəmisi
Türkmənistandakı "Livanov Bankəsi"
yatağında işləri başa çatdırıb.
Ezamiyyət zamanı
kern nümunələrinin götürülməsi ilə 80 və
60 metr dərinliyində 2 geoloji quyu qazılıb, habelə
laboratoriya şəraitində 80 metr dərinliyədək
sualtı qruntların kəsilişin üst hissəsinin
fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi
üçün 3 quyuda statik zondlama həyata keçirilib.
Müqaviləyə əsasən, alınmış məlumatın
ikitərəfli təhvil-qəbul aktının imzalanması
zamanı bütün mühəndis-geoloji tədqiqatlar
Böyük Britaniya standartlarına uyğun təşkil
edilib.
Qeyd edilməlidir ki, bu
il ərzində "Zöhrab Vəliyev" gəmisi xaricə
3 dəfə - 2 dəfə Xəzərin Türkmənistan
sektorunda yerləşən "LAM Bankəsi" və
"Livanov Bankəsi" yataqlarına, bir dəfə isə
Xəzərin Rusiya şelfində yerləşən və
"LUKoyl" şirkəti tərəfindən işlənən
"Rakuşeçnoye" yatağına ezam olunub. Gəmidə
Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin
mühəndis geologiyası üzrə 16 mütəxəssisdən
ibarət ekspedisiyası və 21 nəfərlik ekipaj
çalışır. Rusiyanın Yaroslavl şəhərindəki
hərbi gəmi zavodunda inşa edilən "Zöhrab Vəliyev"
gəmisi Azərbaycana 1986-cı ildə gətirilib. Gəmi
mürəkkəb hidrometeoroloji şəraitdə əlahiddə
olaraq 32 gün üzmək qabiliyyətinə malikdir. Onun
göyərtəsindəki qazma dəzgahı 150 metrədək
sualtı qruntun qazmasını və statik zondlamasını həyata
keçirə bilir.
2008-ci ildə
"Zöhrab Vəliyev" gəmisi təmirdən
çıxmış və ARDNŞ tərəfindən
ABŞ və Hollandiyadan alınmış müasir geofiziki,
geoloji və naviqasiya avadanlığı ilə təchiz
edilmişdir. Bundan başqa, gəmidə işçilərin
1 ay müddətində dəniz şəraitində
yaşayışını və istirahətini təmin etmək
üçün bütün şərait
yaradılmışdır. Qeyd olunmalıdır ki, Kompleks
Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin digər
gəmi və stasionar laboratoriyaları da müasir
avadanlıqlarla təchiz edilib. Sifarişçidən
asılı olaraq, burada ABŞ, Böyük Britaniya və
Rusiyanın dövlət standartlarına uyğun tədqiqatlar
aparıla bilər.
Hazırda "Zöhrab
Vəliyev" gəmisində yanacaq, su və ərzaq
ehtiyatı yaradılır, texniki profilaktika işləri
aparılır və yaxın vaxtlarda gəmi yeni geofizik və
topoqraf ekspedisiyası ilə birlikdə Türkmənistanın
digər yatağına - "Jdanov Bankəsi"nə yola
düşəcək.
Bütün
adıçəkilən yataqlar ötən əsrin 70-ci illərində
Azərbaycan geoloqları tərəfindən kəşf
edilmişdir. Müvafiq sənaye infrastrukturu (neft hasil edən
yataqlar və sualtı boru kəmərləri) yaradılmadan
neft yataqlarının işlənilməsi mümkün deyil.
Buna görə də iri dəniz hidroqurğularının
layihələndirilməsi və inşası
üçün təhlükəsiz yerlərin seçilməsi
məqsədilə 150 metrədək qruntun kəsilişinin
üst hissəsinin fiziki-mexaniki xüsusiyyətləri və
yükgötürmə qabiliyyəti tədqiq edilir.
Azərbaycan.- 2009.- 8 iyun.- S. 6.