Heydər Əliyev Fondu ilə tanışlıq

 

Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd iyulun 8-də Heydər Əliyev Fondunda olmuşlar.

Suriya Prezidentini və xanımını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.

Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri və fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya Prezidentini və xanımını ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış etdilər.

Dövlətimizin başçısı bildirdi ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Suriya Prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

Suriya Prezidenti Bəşşar əl-Əsəd fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Suriya Prezidentinə və xanımına hədiyyələr təqdim olundu.

Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

Ali qonaq fonddan zəngin təəssüratla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 2.