Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası Suriya Prezidentinin marağına səbəb olmuşdur
İyulun 8-də ölkəmizdə
rəsmi səfərdə olan Suriya Ərəb
Respublikasının Prezidenti Bəşşar əl-Əsəd
və xanımı Əsma əl-Əsəd Azərbaycan Milli
Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində
olmuşlar.
Ali qonağa muzeyin tarixi
haqqında ətraflı məlumat verilmişdir. Qeyd
edilmişdir ki, muzeyin yerləşdiyi bina Bakının ən
gözəl memarlıq abidələrindən biridir. 1895-1897-ci
illərdə tikilmiş bu bina azərbaycanlı milyonçu
və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin
mülkiyyəti idi. 1920-ci ildə binada muzey
yaradılmışdır. Burada Azərbaycan tarixinin qədim
dövrlərdən başlayaraq müxtəlif mərhələlərini
əhatə edən qiymətli eksponatlar
toplanmışdır. Bildirilmişdir ki, Atropaten, Albaniya,
Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətlərinin
mövcud olduğu dövrlərə aid eksponatlar Azərbaycanın
dövlətçilik tarixinin qədimliyinə dəlalət
edir.
Atropaten hökmdarı
ilə Makedoniyalı İsgəndərin görüşü
haqqında məlumat, qədim Azərbaycan əhalisinin məişəti
və həyat tərzi barədə eksponatlar Suriya Prezidentinin
xüsusi marağına səbəb olmuşdur.
Qeyd edilmişdir ki, 130 nəfərdən
çox əməkdaşı olan muzey həm də Milli Elmlər
Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif
müəssisəsi funksiyasını yerinə yetirir. Azərbaycan
Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin
binası əsaslı təmir edilmişdir.
300 mindən çox
eksponat saxlanılan muzeydə Hacı Zeynalabdin Tağıyevin
həyat və fəaliyyətini əks etdirən fotoşəkillər
və tarixi sənədlər, habelə ona məxsus qiymətli
əşyalar da toplanmışdır. Qonağa
bildirilmişdir ki, Azərbaycan xalqının bir sıra
görkəmli nümayəndələri Z.Tağıyevin vəsaiti
hesabına xarici ölkələrdə təhsil
almışdır.
Hacı Zeynalabdin
Tağıyevin xatirə salonunun eksponatları Suriya dövlətinin
başçısının xüsusi marağına səbəb
olmuşdur.
Prezident Bəşşar
əl-Əsəd Muzeyin fəxri qonaqlar kitabına ürək
sözlərini yazmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 3.