Suriya Prezidenti Bəşşar
əl-Əsəd Təzəpir məscid kompleksində olmuşdur
İyulun 8-də Suriya Ərəb
Respublikasının Prezidenti Bəşşar əl-Əsəd
Təzəpir məscid kompleksində olmuşdur. Ali
qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə
qarşılamışdır.
Prezident Bəşşar
əl-Əsəd Təzəpir məscidi ilə tanış
oldu. Məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi
əsasında 2005-ci ildə məscidin bərpası və ətraf
ərazilərin yenidən qurulması layihəsi
hazırlanmışdı. Layihədə Təzəpir məscidinin
ilkin görkəminə qaytarılması məqsədi ilə
yenidən bərpası və əzəli
memarlığına xələl gətirməyən elementlərin
əlavə edilməsi öz əksini tapmışdı. Məscidin
bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin
və Şərq oriyentalistikasının nadir nümunələrindən
istifadə olunmuşdur.
Təzəpir məscidinin
tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin
başı və kəmərbənd yazıları ən
yüksək əyarlı qızıl lövhələrdəndir.
Yuxarı hissədə "La İlahə-İlləllah"
kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin
tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə
"Ayətül-kürsü", kiçik gümbəzlərdə
isə "Həmd" surələri həkk edilmişdir.
Bildirilmişdir ki,
kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir.
Korpusun hər mərtəbəsində 10 sinif otağı
olmaqla 250 tələbənin təhsil alması
üçün hər cür şərait
yaradılmışdır.
Suriya Prezidenti Bəşşar
əl-Əsəd kompleksdə Qafqaz Müsəlmanları
İdarəsinin 6 min ədəbiyyatın mühafizə
edildiyi kitabxanası ilə tanış olmuşdur. Kitabxananın
bir hissəsində dini verilişlərin hazırlanması
üçün yaradılmış ministudiya ali qonaqda
böyük maraq doğurmuşdur.
Prezident Bəşşar
əl-Əsəd burada nümayiş olunan qədim kitablara, Təzəpir
məscidi haqqında CD-lərə baxdı, xatirə
kitabına ürək sözlərini yazdı.
Təzəpir məscid
kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadənin və Suriya Prezidenti Bəşşar əl-Əsədin
görüşü olmuşdur.
Görüşdə tərəflər ölkələrimiz
arasında münasibətlərin inkişafından məmnunluqlarını
ifadə etmişlər.
Şeyxülislam
Allahşükür Paşazadə və Prezident Bəşşar
əl-Əsəd dövlətlərimiz arasında əlaqələrin
bundan sonra da genişlənəcəyinə ümidvar
olduqlarını bildirərək bu səfərin Azərbaycan-Suriya
ikitərəfli münasibətlərinin yeni mərhələyə
yüksəlməsinə təkan verəcəyini
vurğulamışlar.
Görüşdə
ikitərəfli münasibətlər, dini məsələlər
barədə fikir mübadiləsi aparılmışdır.
Ali qonağa xatirə hədiyyələri
təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 3.