Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva, Suriyanın birinci xanımı Əsma
əl-Əsəd və Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva
iyulun 8-də "Azərilmə" Məhdud Məsuliyyətli
Cəmiyyətində olmuşlar.
Birinci xanımlar nadir Azərbaycan
xalçalarından, "Azərilmə"nin məmulatından
ibarət sərgiyə baxdılar.
Xanım Əsma əl-Əsədə
məlumat verildi ki, xalçaçılıq Azərbaycan
xalqının ən qədim el sənətlərindən
biridir. Yüksək keyfiyyəti və zəngin
çeşidi ilə fərqlənən Azərbaycan
xalçaları indi də dünyanın bir çox muzeylərinin
ən nadir eksponatlarından sayılır. 1996-cı ildə
yaradılmış "Azərilmə"nin məhsulları
ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya,
Rusiyada keçirilən sərgilərdə xüsusi
mükafat və sertifikatlara layiq görülmüşdür.
Naxışların incəliyi və ilmələrin yüksək
sıxlığı, çeşnilərin
orijinallığı və milli koloriti ilə seçilən
xalçaların istehsal prosesi bütün beynəlxalq
standartlara cavab verir. İplər ancaq təbii rənglərlə
boyanır, çeşnilərdə yalnız milli
naxışlardan istifadə olunur.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva və Suriyanın birinci
xanımı Əsma əl-Əsəd müxtəlif
ölçülü yun və ipək xalçaların
toxunduğu emalatxanada iş prosesini maraqla izlədilər. Bildirildi
ki, burada müxtəlif çeşnilər hazırlanır və
onların eskizləri əsasında Azərbaycanın
bütün klassik xalçaçılıq məktəblərinə
aid xalçalar toxunur.
Xanım Əsma əl-Əsəd
toxunuşu davam edən xalıya bir neçə ilmə vurdu.
"Sehrli
naxışlar" qalereyasında nümayiş etdirilən
xalçalar da böyük maraq doğurdu.
Səmimi söhbət
çay süfrəsi arxasında davam etdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 3.