Birinci xanımlar Talassemiya
Mərkəzində olmuşlar
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva, Suriyanın birinci xanımı Əsma
əl-Əsəd və Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva
iyulun 8-də Talassemiya Mərkəzində olmuşlar.
Səhiyyə naziri Oqtay
Şirəliyev mərkəz barədə qonaqlara məlumat
verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun
"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində
inşa olunan və yenicə istifadəyə verilən mərkəz
həmin xəstəliyə düçar olanlar və
onların yaxınları üçün ümid yeridir. Burada
gün ərzində 40-50 xəstə qəbul edilir.
Baş həkim Azər
Kərimov qonaqları mərkəzlə yaxından
tanış etdi. Azərbaycanın və Suriyanın birinci
xanımlarına məlumat verildi ki, hazırda ölkəmizdə
min nəfərə yaxın talassemiyalı xəstə
vardır və onlardan 700 nəfərə yaxını daimi nəzarət
altındadır. Mərkəzin üç regional şöbəsi
də fəaliyyət göstərir.
Beynəlxalq standartlara
tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu
avtomatik təyin edən aparat və digər lazımi
avadanlıq quraşdırılmışdır. Qeyd olundu ki,
burada donorlardan götürülən qan dərhal müayinə
edilir.
Mehriban xanım Əliyeva
və xanım Əsma əl-Əsəd mərkəzin
üçüncü mərtəbəsində yerləşən
reanimasiya palatasına, manipulyasiya və transplantasiya
otaqlarına, sterilləşdirmə mərkəzinə
baxdılar. Bildirildi ki, burada sümük iliyinin
köçürülməsi üçün əməliyyat
otağı fəaliyyət göstərir. Xəstələr
xüsusi qapalı şəraitdə 100 gün ərzində
müalicə alırlar.
Sonra qonaqlar 2-ci mərtəbədə
yerləşən transfuziya zalı və 12 otaqdan ibarət
klinika, manipulyasiya, iri sahəli ümumi laboratoriya, şüa
diaqnostikası otaqlarına baxdılar. Suriya Prezidentinin
xanımı transfuziya zalında müalicə alan uşaqlarla
səmimi söhbət etdi, onların vəziyyəti ilə
maraqlandı. Mərkəzdə xəstəliyin aşkar edilməsi
üçün xüsusi poliklinika da fəaliyyət göstərir.
Çay süfrəsi
arxasında davam edən söhbət zamanı xanım Əsma
əl-Əsəd ölkəmizdə irsi qan xəstəliyinin
müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin
fəaliyyətindən məmnun qaldığını
bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 3.