Azərbaycan ilə Suriya arasında daha 14 hökumətlərarası sənəd imzalanmışdır

 

İyulun 8-də Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Nazirlər Kabinetində daha 14 hökumətlərarası sənədin imzalanması mərasimi olmuşdur.

Baş nazirin birinci müavini Yaqub Eyyubov qonaqları salamlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra imzalanmış sənədlərin dövlətlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin səyləri sayəsində ölkələrimiz arasında əlaqələrin bünövrəsinin qoyulduğunu söyləyən Y.Eyyubov dost dövlətlərimizin başçıları İlham Əliyevin və Bəşşar əl-Əsədin bu əməkdaşlığı uğurla davam etdirdiklərini bildirmişdir.

Yaqub Eyyubov Nazirlər Kabinetində imzalanacaq 14 sənədin də ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini nəzərə çarpdırmışdır.

Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri Azərbaycanda səmimi qəbul olunduqlarına görə təşəkkürünü bildirmişdir.

Sonra sənədlərin imzalanması mərasimi olmuşdur.

"Suriya Dəniz Gəmiçiliyi Palatası və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Suriyanın xarici işlər nazirinin müavini Abdul Fattah Ammura, "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Suriya Ərəb Respublikasının Əl-Əsəd Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Suriyanın xarici işlər nazirinin müavini Abdul Fattah Ammura, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Suriya Ərəb Respublikasının Kənd Təsərrüfatı və Aqrar İslahatlar Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Suriyanın xarici işlər nazirinin müavini Abdul Fattah Ammura, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu"nu Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Suriyanın xarici işlər nazirinin müavini Abdul Fattah Ammura, "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Suriya Ərəb Respublikasının Sənaye Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Suriyanın xarici işlər nazirinin müavini Abdul Fattah Ammura, "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Suriya Ərəb Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Suriya Ərəb Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Suriya Ərəb Respublikasının Ali Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi arasında orta təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın təhsil naziri Misir Mərdanov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, "Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, "Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Suriya Ərəb Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, "Suriya Ərəb Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında elektroenergetika və bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri, "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Suriya Ərəb Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın maliyyə naziri Samir Şərifov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 4.