Azərbaycan Diplomatik Xidmətinin 90 illiyinə həsr olunmuş "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfrans keçirilmişdir

 

İyulun 8-də Bakıda Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 90 illiyinə həsr olunmuş "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfrans keçirilmişdir.

Konfransa sədrlik edən xarici işlər nazirinin müavini Hafiz Paşayev 90 il əvvəl Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını, bu dövlətin qurulması ilə diplomatik xidmətinin əsaslarının qoyulduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin yaranması, keçdiyi yol və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

E.Məmmədyarov vurğulamışdır ki, Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazanmışdır. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhranın və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanılmışdır. Ulu öndər Heydər Əliyev xarici əlaqələrimizi genişləndirmiş, ölkənin uzunmüddətli inkişafının təməlini qoymuşdur.

Bugünkü Azərbaycan dövlətçiliyinin köklərinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olduğunu deyən nazir bildirmişdir ki, AXC-nin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutları məhz həmin dövrdə yaradılmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının xarici siyasətimizin bir nömrəli prioriteti olduğunu qeyd edən E.Məmmədyarov vurğulamışdır ki, biz münaqişənin həlli üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşaması və Azərbaycan Respublikasının tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa bir yol görmürük. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həllinin dəstəklənməsi üçün bütün səylərini səfərbər etməklə öz tərəfdaşları, beynəlxalq və regional təşkilatlarla aparılan işi davam edəcəkdir.

Türkiyənin keçmiş xarici işlər naziri və parlamentinin sabiq sədri Hikmət Çətin ölkəmizin qısa müddətdə böyük nailiyyətlər əldə etdiyini vurğulayaraq bildirmişdir ki, bu gün Azərbaycan yüksək iqtisadi artıma malik olan, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir.

Ulu öndər Heydər Əliyevin ölkəmizin Avratlantika məkanına inteqrasiyası yolunda böyük xidmətləri olduğunu qeyd edən H.Çətin demişdir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır.

Rusiya Prezidentinin sabiq xüsusi nümayəndəsi və keçmiş energetika naziri Viktor Kalyujnı, CNN agentliyinin baş siyasi icmalçısı Bil Şnayder və başqaları bildirmişlər ki, Azərbaycan dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət yürüdür.

Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda mehriban qonşuluğu təşviq etməkdə çox maraqlıdır.
Beynəlxalq konfrans işini sessiyalarda davam etdirmişdir. Sessiyalarda "Bölgədə təhlükəsizlik və münaqişələr: Güc tarazlığının tapılması", "Bölgədəki iqtisadi və enerji inkişafı - xarici siyasət amili" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfransda Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə yanaşı, bir çox ölkələrin xarici siyasət idarələrinin nümayəndələri iştirak etmişlər.

 

* * *

 

Konfrans çərçivəsində "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" kitabının təqdimatı olmuşdur.

Kitabın redaktoru, Azərbaycan Diplomatik Akademiyasının diplomatik xidmət proqramı üzrə direktoru Fariz İsmayılzadə mərasimdə çıxış edərək Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" toplusu barədə məlumat vermişdir. O demişdir ki, ingilis dilində çap olunmuş kitabda təkcə Azərbaycanın xarici siyasəti, diplomatiyası barədə deyil, bütövlükdə Cənubi Qafqazın regional siyasətini əks etdirən məlumatlar, təhlillər və məqalələr əksini tapmışdır.

Kitabda xarici işlər naziri Elmar Məmmədyarovun, nazir müavinləri Hafiz Paşayev, Xələf Xələfov, Araz Əzimov, Vaqif Sadıqov, Mahmud Məmmədquliyev, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, beynəlxalq ekspertlərdən səfir Mahmud əl-Səid, Robert Finn və digər diplomatların Azərbaycanın xarici siyasətinə, insan haqlarına, Dağlıq Qarabağ münaqişəsinə və bütövlükdə Cənubi Qafqaz regionuna həsr edilən məqalələri yer almışdır.

Azərbaycanın xarici siyasətinin müxtəlif istiqamətləri barədə də kitabda materiallar verilmişdir.

Kitabın digər redaktoru, Atlantika Şurası yanında Avrasiya Enerji Mərkəzinin direktor müavini Aleksandros Petersen əvvəlcə konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.

O, kitabın Azərbaycanın və Cənubi Qafqazın xarici və qlobal siyasətini araşdıranlar üçün olduqca mükəmməl sənədlər toplusu olduğunu vurğulamışdır. Petersen demişdir ki, bu çox dəyərli kitabda əksini tapmış məqalələrdə Azərbaycanın xarici siyasətinin formalaşması, qlobal siyasəti, diplomatiyasının dünəni və bu günü konkret faktlara əsaslanaraq dərindən təhlil olunmuş, çox maraqlı arqumentlər irəli sürülmüşdür. Azərbaycanın qlobal siyasəti və diplomatiyası ilə bağlı müxtəlif təhlillər, çıxarılan nəticələr regionu və ölkəni yaxından tanımağa böyük imkanlar açır.

Azərbaycanın çoxşaxəli beynəlxalq maraqları, çoxtərəfli mürəkkəb xarici siyasətin incəlikləri, Bakının neft diplomatiyası, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də həmin dövrdəki xarici siyasətlə indiki, xüsusən də 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrlər arasındakı bağlılıqlar barədə dərin məzmunlu təhlillər əksini tapmış, Azərbaycanın regional və beynəlxalq baxımdan strateji əhəmiyyəti diqqətə çatdırılmışdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Səməd Seyidov, Rusiya, Qazaxıstan, Gürcüstan nümayəndələri, ekspertlər və diplomatlar çıxış edərək Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri, enerji təhlükəsizliyində oynadığı rol, Dağlıq Qarabağ probleminin həlli yolları, insan hüquqlarının müdafiəsi və digər mövzulardan ibarət məqalələr haqqında fikirlərini bölüşmüşlər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Sonda xarici işlər nazirinin müavini Vaqif Sadıqov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 4.