İyulun 8-də
Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin
Daxili İşlər Nazirliklərinin Mühafizə Xidməti
rəhbərlərinin beynəlxalq elmi-praktiki konfransı
işə başlamışdır.
Azərbaycan, Rusiya,
Ukrayna, Belarus, Moldova, Özbəkistan və Tacikistan nümayəndələrinin
iştirak etdikləri ikigünlük konfransda mühafizə
xidmətinin vəziyyəti və inkişaf perspektivləri
müzakirə olunacaqdır.
Daxili İşlər
Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət
Quliyev iştirakçılara Azərbaycanın daxili işlər
orqanlarının fəaliyyəti haqqında geniş məlumat
vermişdir. Bildirmişdir
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
Daxili İşlər Nazirliyinin tərkibində mühafizə
xidməti fəaliyyət göstərməyə
başlamışdır. Azərbaycandakı siyasi sabitlikdən
də danışan M.Quliyev demişdir ki, ölkəmizdə əmin-amanlıq
hökm sürür. Bütün sahələrdə
inkişaf özünü göstərməkdədir.
Daxili işlər
nazirinin müavini Oruc Zalov mühafizə xidmətinin bu sahədə
respublikada yeganə xidmət olduğunu bildirmişdir.
Nazir müavini
vurğulamışdır ki, güclü maddi-texniki bazaya
malik Baş Mühafizə İdarəsində etibarlı xidmətin
təmin olunması üçün xeyli sayda avtonəqliyyat,
radiorabitə və digər texniki vasitələrdən istifadə
olunur. Mühafizə olunan obyektlərdə beynəlxalq
standartlara cavab verən müasir siqnalizasiya sistemləri
quraşdırılır. Eyni zamanda, Bakıda və digər
iri sənaye şəhərlərində kompüterlə təchiz
olunmuş mərkəzləşdirilmiş mühafizə məntəqələri
fəaliyyət göstərir və ümumilikdə, respublika
üzrə 3000-dən artıq obyekt bu sistemin köməyi ilə
qorunur.
Konfransda
iştirakçı dövlətlərin mühafizə xidmətlərinin
nümayəndələri tədbirin yüksək səviyyədə
təşkilindən və onun gedişindən
razılıqlarını bildirmişlər. Rusiya Dövlət
Mühafizə Departamentinin rəisi Vadim Saviçev
demişdir ki, biz müxtəlif istiqamətlərdə əməkdaşlıq
edirik. Əməkdaşlıq
çərçivəsində obyektlərin mühafizəsi
ilə bağlı təcrübə mübadiləsi
aparılır. Hər bir dövlətin mühafizə sahəsində
müəyyən üstünlükləri vardır. Ona
görə də belə tədbirlər təcrübə
mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Ukrayna Daxili İşlər Nazirliyinin departament rəisi Vitali
Qriçaq bildirmişdir ki, belə konfransların
keçirilməsi müsbət nəticələrlə
yanaşı, dövlətlərarası münasibətlərə
də öz töhfəsini verir.
Azərbaycanda mühafizə
xidmətinin uğurlarına gəldikdə isə, mühafizə
polisi həvalə olunmuş əsas vəzifələrlə
yanaşı, ölkə ərazisində cinayətkarlığa
və ictimai qaydaları pozanlara qarşı mübarizə
işində də nəzərəçarpacaq nəticələrə
nail olmuşdur. Son 3 il ərzində
idarənin əməkdaşları tərəfindən vətəndaşlardan
qanunsuz saxlanılan 100-ə yaxın odlu silah və 22 min ədədə
yaxın müxtəlif növ sursat aşkar edilərək
götürülmüşdür. Eyni zamanda, həmin müddətdə
mühafizə olunan 163 obyektdə oğurluğun, 400-ə
yaxın digər cinayət hadisəsinin qarşısı
alınaraq 650 cinayətkar, axtarışda olan 180 və ictimai
qaydanı pozan 3000-dən yuxarı şəxs saxlanılaraq ərazi
polis orqanlarına təhvil verilmişdir.
Hazırda idarənin
strukturları tərəfindən dövlət və özəl
mülkiyyətə məxsus 8500-ə yaxın obyekt, o
cümlədən 1000-ə yaxın vətəndaşın mənzilləri
qorunur. Mülkiyyətçilərlə
mühafizəyə dair 1500-ə yaxın müqavilə
bağlanmışdır. Konfrans işini iyulun 9-da davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 4.