Dövlət başçılarının mətbuat üçün bəyanatları

 

Prezident İlham Əliyevin çıxışı

 

İyulun 8-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Bəşşar əl-Əsəd mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Bu səfər Suriya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və səfər sayəsində Suriya-Azərbaycan əlaqələri daha da inkişaf edəcəkdir. Buna nail olmaq üçün bütün imkanlar vardır. Biz bu gün çox geniş fikir mübadiləsi apardıq. Həm ikitərəfli münasibətlər müzakirə edildi, regional məsələlərə vaxt ayrıldı, eyni zamanda, əminəm ki, imzalanmış sənədlər münasibətlərimizin inkişafında çox mühüm rol oynayacaqdır.

Suriya-Azərbaycan münasibətlərinin çox gözəl perspektivləri vardır. Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk və bildiyiniz kimi, keçən ildən başlayaraq Suriyada Azərbaycanın səfirliyi fəaliyyət göstərir. Biz beynəlxalq təşkilatlarda çox uğurlu əməkdaşlıq edirik. BMT və İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığımız ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət göstərir və eyni zamanda regional müstəvidə birgə səylərimiz uğur gətirir.

İslam Konfransı Təşkilatı çərçivəsində birgə səylərimiz də çox təqdirəlayiqdir. Biz Azərbaycanda islam həmrəyliyinin möhkəmlənməsi üçün əməli tədbirlər həyata keçiririk. Bakı şəhəri bu il İslam Mədəniyyətinin paytaxtı elan edilibdir. Gələcəkdə bu istiqamətdə atılacaq müştərək addımlar bütün İslam dünyasının birləşməsinə xidmət göstərəcəkdir.

Əminəm ki, siyasi əlaqələr gələcəkdə sürətlə inkişaf edəcəkdir. İqtisadi sahədə yaxşı perspektivlər vardır və əminəm ki, sabah keçiriləcək birgə biznes-forum iş adamları arasında əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Müxtəlif imkanlar var, müxtəlif təşəbbüslər irəli sürülə, birgə layihələr icra oluna bilər. Biz buna hazırıq və çox böyük maraq göstəririk.
Regional məsələlərin müzakirəsinə də bu gün vaxt ayrıldı və mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət haqqında fikirlərimi bildirdim. Bildiyiniz kimi, Azərbaycan torpaqları uzun illərdir işğal altındadır, 15 ildən artıqdır ki, atəşkəs elan olunubdur, ancaq hələ ki, məsələ öz həllini tapmamışdır.

Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti və hərbi təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğal altına düşməsinə gətirib çıxarıbdır, bir milyondan artıq qaçqın, köçkün yaranmışdır.

Biz məsələnin beynəlxalq hüquq normalarına uyğun həll olunmasına tərəfdarıq və BMT Baş Məclisinin qərarları və Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların qərarları da bizim mövqeyimizi müdafiə edir. Bu işğala son qoyulmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. O ki qaldı Ermənistan tərəfinin bəzən səsləndirdiyi tezislərə - xalqların öz müqəddəratını təyin etmək hüququna, qeyd etmək istəyirəm ki, erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Ermənistan müstəqil dövlətdir və əlbəttə ki, məsələnin həlli yalnız ərazi bütövlüyü prinsipləri əsasında mümkündür.

Cənab Prezident, mən bu gün çox şadam ki, bizim aramızda şəxsi münasibətlər də yaranır. Əminəm ki, bu münasibətlərin də çox yaxşı gələcəyi vardır və şəxsi münasibətlər tarixdə çox mühüm rol oynayır. Bu gün qeyd edildi ki, bizim atalarımız da bir-biri ilə çox yaxşı əməkdaşlıq edirdilər, bir-birini tanıyırdılar, onları dostluq münasibətləri bağlayırdı. Əminəm ki, biz də bu gözəl ənənəni davam etdirəcəyik.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Sizə və bütün Suriya xalqına xoşbəxtlik arzulayıram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 2.