Dövlət
başçılarının mətbuat üçün
bəyanatları
Suriya prezidenti Bəşşar əl-Əsəd
çıxışı
Suriya Prezidenti Bəşşar
əl-ƏSƏD bəyanatla çıxış edərək
dedi:
- Çox sağ olun, cənab
Prezident, qardaşım İlham Əliyev!
Bu gözəl sözlərə
görə minnətdaram. Bu sözlər bizim aramızda,
ölkələrimiz arasında - Suriya ilə Azərbaycan
arasında münasibətləri tam ifadə edir. Bu əlaqələr
tarixi əlaqələrdir.
Azərbaycan xalqına,
Azərbaycan hökumətinə və dost Azərbaycana minnətdarlığımı
bildirirəm.
Mən və nümayəndə
heyətim çox isti qarşılandı. Bu səfərin həyata
keçirilməsi yolunda atılan bütün addımlara
görə minnətdarlığımı bildirirəm və
əminəm ki, bu səfər çox uğurlu olacaqdır.
Ölkələrimiz arasındakı münasibətlər
tarixi münasibətlərdir.
Suriya Prezidenti dedi ki,
ölkələrimizi tarix boyu Böyük İpək Yolu
bağlamışdır. Bu, ondan irəli gəlir ki, hər
iki ölkənin strateji mövqeyi vardır. Xalqlarımız
arasındakı münasibətlərin qardaşlıq
münasibətləri olduğunu bildirən Bəşşar əl-Əsəd
dedi:
- Azərbaycan şairi Nəsiminin
həyat və yaradıcılığı ölkələrimiz
arasındakı münasibətlərin dərinliyinə dəlalət
edir. Bu şair altı əsr bundan əvvəl Suriyada
yaşayıb-yaratmışdır. O, böyük şairdir,
böyük filosofdur. Suriyada dəfn olunmuş Nəsiminin məqbərəsinin
daha da gözəlləşdirilməsi, yenidən bərpası
barədə hökumətlər arasında razılıq əldə
olunmuşdur.
Prezident Bəşşar
əl-Əsəd ölkəmiz müstəqillik qazanandan sonra
aramızda birbaşa etimadın yarandığını bildirərək
dedi:
- Azərbaycana bu səfərim
iki dost ölkə arasında bu qəbildən olan birinci səfərdir.
Bu səfərin əsasını güclü bünövrə
təşkil edir. Bu əlaqələrimizin, münasibətlərimizin
strateji əhəmiyyəti vardır. Bu münasibətlər
gələcəyə istiqamətlənib və bütün
sahələri əhatə edəcəkdir. Bir sıra sənədlər
imzalanmışdır və yaxın saatlarda da digər sənədlər
- ticarət, gömrük, maliyyə, sənaye, informasiya, təhsil
sahələrinə və digər sahələrə dair bir
sıra anlaşma memorandumları imzalanacaqdır. Bu səfərin
əsas məqsədi ondan ibarətdir ki, ölkələrimiz
arasında qapıları tam açaq. Özəl sektor, Suriya
və Azərbaycan iş adamları arasında qapıları
tam açaq.
Qafqaz, Yaxın Şərq
və Balkan həm dünya, həm də bölgə səviyyəsində
olduqca mühüm və dinamik bölgələrdir. Əsrlər
boyu bu bölgələr çox mühüm regionlar
olmuşlar. Eyni zamanda, cənab Prezident İlham Əliyev də
mənə ətraflı məlumat verdi. Mən də ona ətraflı
məlumat verdim. Ölkələrimizin yaşadığı
problemlər barədə, eyni zamanda tarixi təcrübələrimiz,
yaşadığımız problemlər barədə fikir
mübadiləsi apardıq. Şübhəsiz ki, Qafqaz və
Yaxın Şərq regionları dünyanın ürəyini
təşkil edir və bu regionlar arasında birbaşa əlaqələrin
yaradılması və bütün problemlərin həlli
olduqca vacibdir. Biz Yaxın Şərq regionunda sabitlik və
sülh prosesi, 1991-ci ildən bəri
başladığımız sülh danışıqları
və üzləşdiyimiz problemlər barədə
danışdıq.
Sonra Suriya Prezidenti İsraillə aparılan danışıqlar
barədə məlumat
verdi:
- Bütün
işğal olunmuş ərazilər azad olunmalı, ələlxüsus
Suriyanın işğal olunan əraziləri - Holan təpələri
sahiblərinə qaytarılmalıdır. Mən cənab
Prezidentə sülhlə bağlı bizim mövqeyimiz barədə
ətraflı məlumat verdim və bildirdim ki, bizim tərəfdən
heç bir güzəşt ola bilməz.
Şübhəsiz ki,
işğal altındakı ərazilər azad edilməsə
Yaxın Şərqdə heç vaxt sülh bərqərar
ola bilməz. Mən cənab Prezidentə Fələstinin Qəzzə
zolağının blokadası, Fələstindəki
ağır vəziyyət barədə məlumat verdim.
Bildirdim ki, bu blokada aradan qaldırılmalıdır. Fələstinlilər
öz aralarında müəyyən razılığa gəlməlidirlər.
Bundan sonra fələstinlilərlə israillilər arasında
razılıq əldə olunmalıdır və sülh
prosesi kamil şəkildə həyata keçirilməlidir.
Biz sülhə nail olmaqdan imtina etmirik, lazımi şərait
olandan sonra biz münasib vaxtda sülhə nail ola bilərik.
Suriyanın dövlət
başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı fikirlərini
də bölüşdü:
- Azərbaycanın
mövqeyi beynəlxalq qanunlar çərçivəsinə
söykənir. Təbii ki, problem nə qədər tez həll
olunarsa, bir o qədər faydalı olar. Çünki problemlər
xroniki xəstəliklər kimi nə qədər uzanırsa,
onların həll olunması da o qədər çətin olur.
Böyük xəstəliklər qəflətən gəlir.
Lakin xəstəlikləri
müalicə etmək lazımdır, problemləri tez həll
etmək lazımdır. Suriyanın da bu prosesdə çox
böyük rolu ola bilər. Suriyanın həm Azərbaycan, həm
də erməni tərəfi ilə yaxşı münasibətləri
vardır. Suriya bu məsələnin həllinə öz
töhfəsini verə bilər.
Bu gün axşam və
sabah da Azərbaycanda görüşlərimiz olacaqdır. Biz
Sizinlə tam razıyıq və fikirləşirik ki, problemlərə
dair mövqelərimiz üst-üstə düşür. Üzləşdiyimiz
problemlər, hər iki regionun problemləri bir-birinə
oxşayır. Əminəm ki, bu səfərin nəticələri
uğurlu olacaqdır və əməkdaşlıq
üçün qapıları daha geniş açacaqdır.
Bir daha qardaşım
Prezidentə xoşbəxtlik və dost Azərbaycan xalqına əmin-amanlıq,
çiçəklənmə arzulayıram.
Çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 2.