İqtisadi-siyasi tərəfdaşlıqdan
strateji müttəfiqliyə doğru
Mövcud olduğu
regionun lider dövləti statusunu daşıyan Azərbaycanın
xarici siyasətində diqqət yetirdiyi əsas məqamlardan
biri də dünya ölkələri ilə
qarşılıqlı maraqlar əsasında münasibətlərin
inkişaf etdirilməsidir. Qeyd edilən istiqamətdə həyata
keçirilən uğurlu siyasət nəticəsində bu
gün Azərbaycanın istər dünya siyasətinin müəyyənləşdirilməsində
mühüm rol oynayan ölkələrlə, istərsə də
digər xarici dövlətlərlə bərabərhüquqlu
əməkdaşlığa söykənən və
qarşılıqlı inkişafa təkan verən münasibətləri
formalaşmışdır.
Azərbaycanın iştirakı olmadan bölgədə
iqtisadi və siyasi təşəbbüslər göstərilə
bilməz
Azərbaycanın xarici əlaqələrinin
inkişafı milli maraqların tam qorunması şərti ilə
gedir. Eyni zamanda, aparılan bu uğurlu siyasət nəticəsində
Azərbaycanın istər regionda, istərsə də
dünya birliyində mövqelərinin daha da güclənməsi
aydın müşahidə edilir. Təkcə bir faktı qeyd
etmək kifayətdir ki, regionda hər hansı transmilli layihənin,
xüsusən də enerji layihələrinin reallaşması
üçün Azərbaycanın buna razılığı
və burada iştirakının vacib şərt olması
artıq dünya dövlətləri tərəfindən qəbul
olunan həqiqətdir və bu amillə beynəlxalq arenada
tutduğu mövqedən asılı olmayaraq dünya ölkələri
birmənalı şəkildə razılaşır. Prezident
İlham Əliyev bununla əlaqədar bildirir: "Həm
iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də
siyasi məsələlərin həllində Azərbaycanın
mövqeyi mütləq nəzərə alınmalıdır
və alınır. Azərbaycanın iştirakı olmadan
bölgədə nə iqtisadi, nə siyasi addımlar
atıla bilməz, Azərbaycanın milli maraqları təmin
olunmadan bölgədə geniş mənada əməkdaşlıq
mümkün deyildir. Bu reallıqdır və bu
reallıqları biz özümüz yaratmışıq".
Məhz belə bir
mövqe Azərbaycanın xarici siyasətdə meydana
çıxan hər hansı problemi uğurla həll etməsinə,
həmçinin regionda maraqlı dövlətlərlə
münasibətlərini rəvan şəkildə inkişaf
etdirməsinə tam şərait yaradır. Qeyd edilənlərin
əyani nümunəsi olaraq Rusiya Prezidenti Dmitri Medvedevin
ölkəmizə səfəri və bu səfər çərçivəsində
imzalanan sənədləri göstərmək olar. Bir
çox məqamlarına görə bu səfərin hər
iki dövlət üçün mühüm əhəmiyyət
kəsb etdiyi, Azərbaycanın isə dünya enerji
bazarında mövqelərinin daha da güclənməsinə
gətirib çıxarması ekspertlər arasında birmənalı
şəkildə qəbul olunmaqdadır.
Həmçinin səfər
çərçivəsində imzalanan sənədlərin təhlili
Azərbaycan və Rusiya arasında mövcud münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsində
uğurlu inkişaf etdiyini, iki ölkə arasında həlli
mümkünsüz problemin olmadığını bir daha təsdiqlədi.
Şübhəsiz ki, səfər zamanı prezidentlər səviyyəsində
imzalanan mühüm sənədlərdən biri Xəzər
dənizi üzrə birgə Bəyannamə, dövlət sərhədlərinin
delimitasiyasının başa çatdırılmasının
əsas prinsipləri, Samur çayının su
resurslarının Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında bölüşdürülməsi
barədə birgə Bəyannamə oldu.
Prezident İlham Əliyev
və onun rusiyalı həmkarı Dmitri Medvedev Xəzər dənizi
üzrə birgə Bəyannamədə dəniz
akvatoriyasının delimitasiyası məsələsi üzrə
sahilyanı dövlətlərin mövqelərinin
yaxınlaşdığını qeyd ediblər. Sənədin
mətninə görə, tərəflər Xəzər dənizinin
hüquqi statusu haqqında hazırlanan konvensiyanın əsas
aspektləri üzrə qarşılıqlı anlaşmanın
artdığını da bildiriblər. Bura Xəzər dənizi
akvatoriyasının delimitasiyası, onun cənub hissəsində
dibinin bölünməsi, təhlükəsizlik məsələləri,
yerin təkindən istifadə, tranzit, biosferin saxlanması və
s. daxildir. "Sözügedən konvensiyanın qəbulu
üçün şəraitin yaradılması, həmçinin
iqtisadi və ekoloji vəziyyətin
yaxşılaşdırılması, Xəzəryanı
dövlətlər arasında münasibətlərin hərtərəfli
inkişafı, Xəzər regionunda yaşayan xalqların
çiçəklənməsi üçün hələlik
açıq qalan müddəaların tezliklə
razılaşdırılmasına cəhdlər ifadə
edilib" - deyə bəyanatda vurğulanır.
Sənəddə
müasir çağırışlara və təhlükələrə
qarşı mübarizədə Xəzəryanı dövlətlərin
qarşılıqlı fəaliyyətinin vacibliyinə
böyük önəm verilir. Qeyd olunur ki, Xəzəryanı
dövlətlərin təhlükəsizlik məsələləri
üzrə ekspertlərinin görüşü bu məsələnin
həllinə mühüm töhfə verməlidir. Görüşün
yaxın vaxtlarda Bakıda keçirilməsi
planlaşdırılır. Bu görüş həm də Azərbaycanın
paytaxtında keçiriləcək üçüncü Xəzər
sammitinin hazırlanmasına yönəlib. Aydındır ki,
bu sənəd Xəzərin hüquqi statusunun müəyyən
edilməsi, bu məsələdə Azərbaycanın
mövqelərinin dəstəklənməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan təbii qazın ixracında tam
diversifikasiyaya nail oldu
Rusiya Prezidentinin ölkəmizə
səfəri çərçivəsində imzalanan ən
mühüm sənədlərdən biri də qaz sahəsində
müqavilə oldu. Prezident İlham Əliyev həmin
müqavilənin əhəmiyyətini belə şərh
etmişdir: "Biz qaz sahəsində səmərəli əməkdaşlıq
üçün yaxşı zəmin yaratdıq. "Qazprom"
və ARDNŞ arasında münasibətlərimizdə yeni səhifə
açan müqavilə imzalamışıq. Hesab edirəm
ki, bu əməkdaşlıq çox uğurlu,
qarşılıqlı faydalı olacaq, Rusiya və Azərbaycanın
maraqlarını tam təmin edəcəkdir. Təməli
qoyulan bu işlərin, bu təşəbbüslərin
uğurla həyata keçirilməsi, təbii ki, ölkələrimiz
arasında energetika sahəsində genişmiqyaslı əməkdaşlıqdan
çox asılı olacaqdır. Bu, neft, qaz və həm də
elektroenergetikadır və bütün bu istiqamətlərdə
yaxşı nəticələr vardır".
Rusiya Prezidenti Dmitri
Medvedev isə gələcəkdə qaz sahəsində Azərbaycanla
əməkdaşlığın genişlənəcəyinə
ümid edir: "Zənnimcə, biz böyük imkanları və
artırılacaq həcmləri nəzərə alaraq gələcəkdə
bu işi davam etdirə biləcəyik".
Razılaşmaya əsasən,
Azərbaycan 2010-cu ildən Rusiyaya qaz ixrac edəcək. Ölkəmizin
enerji ehtiyatlarının ixracınının diversifikasiyası
baxımından bu razılaşma mühüm əhəmiyyət
kəsb edir. Belə ki, sözügedən razılaşma ilə
Azərbaycan faktiki olaraq Ermənistandan başqa bütün
qonşuları ilə normal enerji əməkdaşlığı
yaratmış olub. Bu isə işğalçı siyasətinə
görə regionda bütün enerji layihələrindən kənarda
qalan Ermənistana ciddi siqnaldır. Onu da bildirək ki, Azərbaycanın
Rusiyaya təbii qaz ixrac etməsi üçün infrastruktur
yaradılmasına və bu istiqamətdə əlavə xərc
çəkilməsinə heç bir ehtiyac yoxdur. Çünki
Rusiya ilə Azərbaycanın qaz əməkdaşlığı
hazır Mozdok-Hacıqabul kəmərinin yenidən işə
düşməsi ilə həyata keçiriləcək. Sovetlər
dönəmində inşa edilən həmin qaz kəmərinin
10 milyard kubmetr ötürücülük qabiliyyəti var.
Azərbaycan
üçün bu sahədə imzalanan sazişin vacib əhəmiyyətlərindən
biri də ölkəmizin Rusiyaya təbii qazı ən
yüksək qiymətlərlə satmasıdır. Rusiyanın
"Kommersant" qəzetinin məlumatına görə, hər
1000 kubmetr Azərbaycan qazı üçün
"Qazprom" 350 dollar ödəməyə hazırdır. Müqayisə
üçün qeyd edək ki, bundan əvvəl Rusiya
yalnız Özbəkistan və Türkmənistana oxşar təklif
edərək 1000 kubmetr qazı 300 dollara almaq niyyətində
olub. Azərbaycana isə göründüyü kimi, Orta Asiya
qazından da yüksək qiymət təklif olunur ki, bu da
ölkəmizin Rusiya ilə imzalanan müqavilədən daha
çox gəlir əldə etməsi deməkdir.
Şübhə yoxdur
ki, müqavilənin strateji əhəmiyyəti Azərbaycanın
təbii qazın ixracı sahəsində tam diversifikasiyaya
nail olması və ölkəmizin bütün istiqamətlər
üzrə qaz satışını həyata keçirmək
imkanı əldə etməsidir. Məlumat üçün
bildirək ki, hazırda Azərbaycan Türkiyə bazarına
7 milyard kubmetrə yaxın qaz ixrac edir. Bu qazın bir hissəsi
Türkiyə vasitəsilə Yunanıstana
çatdırılır. Bu da öz növbəsində Azərbaycan
qazının artıq Avropa İttifaqı bazarlarında
olmasından xəbər verir. Digər qaz kəməri ilə
Azərbaycan öz qazını həm də Gürcüstana
ötürür. Üçüncü bir kəmər vasitəsilə
ölkəmizlə İran arasında təbii qaz mübadiləsi
həyata keçirilir. Azərbaycanla yaxın qonşu ölkələrdən
yalnız Rusiya ilə qaz sferasında qarşılıqlı əməkdaşlıq
yox idi ki, artıq bu boşluq da aradan qaldırıldı.
Nabukko layihəsi Azərbaycanın gündəmində
qalmaqda davam edir
Qeyd olunanlar bəzi dairələrdə
səsləndirildiyi kimi, heç də Azərbaycanın
Nabukko layihəsindən vaz keçməsi deyil. Nüfuzlu
"Platss" enerji dərgisinin Xəzər regionu üzrə
eksperti Con Roberts bildirir ki, hələlik müqaviləyə əsasən,
ARDNŞ "Qazprom"a yalnız öz qazını
satır: "Əsası odur ki, ARDNŞ "Qazprom"a
öz qazını satır, xarici şirkətlərin, xarici
investorların ixracı üçün ayrılmış
qazı yox. "Şahdəniz"in ikinci mərhələsində
prioritetə gəldikdə... Bu yataq ildə 12 milyard kubmetr qaz
istehsal etməlidir. Azərbaycan bildirib ki, bu qazın kommersiya
bazarlarına çıxarılmasında maraqlıdır. Azərbaycan
çox ehtiyatla hərəkət edərək heç bir tərəf
qarşısında birdəfəlik öhdəlik götürmür".
Bir neçə ay
öncə Rusiyanın "Vesti" telekanalına və
İTAR-TASS informasiya agentliyinə müsahibəsində
Prezident İlham Əliyev bir daha qeyd etmişdi ki, Nabukko
inşa olunacağı təqdirdə, Azərbaycan öz
qazının bir hissəsini bu kəmər vasitəsilə
ötürməyə hazırdır. Lakin Nabukko layihəsinin
reallaşması məsələsi sırf Avropa ölkələrindən
asılıdır. Hələ bir müddət əvvəl
ABŞ-ın CNBS telekanalına müsahibəsində Prezident
İlham Əliyev Nabukko layihəsinin reallaşması
üçün Azərbaycandan asılı olmayan üç
mühüm şərt göstərmişdi: "Nabukko ilə
bağlı böyük əhəmiyyət daşıyan məsələlər,
ilk növbədə, maliyyələşmə məsələsi
aydınlaşdırılmalıdır.
İkinci mühüm məsələ
isə ondan ibarətdir ki, Avropa bu və ya digər dərəcədə
vahid enerji siyasətinə malik olmalıdır. Nabukko
bütün Avropa İttifaqını deyil, Mərkəzi
Avropanın bir neçə ölkəsini birləşdirir. Digər
mühüm məsələ bütövlükdə Avropa
İttifaqının Nabukkonun həyata keçirilməsində
nə dərəcədə önəmli rol oynamasından
ibarətdir. Üçüncüsü, bizim
üçün Azərbaycan qazının tranziti ilə
bağlı məsələlərin
aydınlaşdırılması vacibdir. Avropa İttifaqı
bazarına birbaşa çıxış əldə etmək
üçün tranzit ölkələrlə tranzit
müqaviləmiz olmalıdır. Beləliklə, bütün
bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir
və biz bunların həyata keçirilmə sürətinə
uyğun şəkildə hasilatın
planlaşdırılmasını aparacağıq. Biz bazar
olmadan qaz hasil edə bilmərik. Bazar və müqavilələr
olmalıdır ki, sonra hasilat olsun".
Bunlar Nabukko layihəsinin
ərsəyə gəlməsi üçün görülməli
olan bütün işlərin Avropa dövlətlərinin
üzərində olduğunu göstərir. Azərbaycanın
isə Avropanın enerji təhlükəsizliyinin təminatında
vacib rol oynamaq iqtidarında olması elə Qərb ölkələrinin
özü tərəfindən dəfələrlə etiraf
edilib. Həmçinin enerji məsələlərində Azərbaycan
etibarlı tərəfdaş olduğunu dəfələrlə
Qərbdən olan strateji müttəfiqlərinə sübut
edib. Bunun ən bariz nümunəsi qismində isə
bütün çətinliklərə baxmayaraq, Azərbaycanın
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrinin
reallaşmasında həm təchizatçı, həm də
tranzit ölkə kimi oynadığı rolu göstərmək
olar.
Qeyd edilənlər Qərb
dövlətlərinin enerji sferasında Azərbaycanla daha
sıx əməkdaşlıq etməsini
stimullaşdırır. Belə əməkdaşlıqda
maraqlı olan Azərbaycan isə bu sahədə üzərinə
götürdüyü bütün öhdəliklərə əməl
edib. İndi Azərbaycanla enerji sahəsində əməkdaşlığını
genişləndirmək istəyən Qərb dövlətləri
öz üzərlərinə düşən missiyaları
yerinə yetirdikdən sonra qarşılıqlı əməkdaşlığın
miqyasının daha da genişlənməsinin praktiki nəticələrini,
o cümlədən Nabukko layihəsinin reallaşmasını
görmək olar.
Rusiyanın Bakıdan Ermənistana daha bir ciddi
mesajı
Rusiya Prezidentinin ölkəmizə
səfərində diqqət yetirilən məsələlər
sırasında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması yolları da
mühüm yer tutur. Azərbaycan bir daha münaqişənin
beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər,
eləcə də "Moskva Bəyannaməsi" əsasında
həllinin vacibliyini bildirib. Bununla bağlı Prezident
İlham Əliyev qeyd edib: "Moskva Bəyannaməsi"ndə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin hansı prinsiplər üzrə nizama
salınması dəqiq göstərilib: beynəlxalq hüquq
prinsipləri hamıya məlumdur, indiki halda beynəlxalq təşkilatların
qərarlarını, təbii ki, ən nüfuzlu beynəlxalq
təşkilatın - Birləşmiş Millətlər Təşkilatının
qərarını əsas götürürük".
BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələrinin
işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz
çıxmasını tələb edən 4 qətnamə qəbul
etdiyini xatırladan Prezident İlham Əliyev digər beynəlxalq
təşkilatlar, o cümlədən ATƏT-in də
müvafiq qərarlar qəbul etdiyini vurğulayıb: "ATƏT-in
Lissabon sammitinin qərarı da indiyədək qüvvədədir.
Təbii ki, həmin münaqişə bu prinsiplər əsasında
nizama salınmalıdır. Ərazi bütövlüyü
prinsipi pozulmazdır. Xalqların öz müqəddəratını
təyin etməsinə gəldikdə, bu, vahid Azərbaycan
dövlətinin ərazi bütövlüyü çərçivəsində
uğurla reallaşdırıla bilər".
Prezident İlham Əliyev
münaqişənin həllində Rusiyanın fəal rol
oynadığını da diqqətə çatdırıb:
"Biz Rusiyaya və şəxsən onun Prezidentinə
münaqişənin nizama salınması prosesində fəal
iştiraka görə çox minnətdarıq. Sankt-Peterburqda
Rusiya Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan
prezidentləri arasında keçirilmiş görüş əminəm
ki, danışıqların davam etdirilməsi
üçün yaxşı mühit yaratmışdır. Biz
vasitəçi kimi, Azərbaycanın qonşusu kimi bu mürəkkəb
məsələnin nizama salınmasında Rusiyanın gələcəkdə
də fəal iştirakına ümid bəsləyirik".
Öz növbəsində,
Rusiya Prezidenti Dmitri Medvedev bir daha bu cür problemlərin
yalnız möhkəm beynəlxalq hüquqi baza əsasında
nizama salına biləcəyi ilə tam
razılaşdığını bildirib: "Həmin baza məlumdur.
Söhbət bir vaxtlar sivil adlandırılan xalqlar tərəfindən
işlənib hazırlanmış beynəlxalq hüququn
ümumi prinsiplərindən və təbii ki, əsas beynəlxalq
təşkilatların və ilk növbədə, Birləşmiş
Millətlər Təşkilatının Dağlıq
Qarabağ münaqişəsinin nizama salınmasına dair qərarlarından
və qətnamələrindən gedir. Mənim fikrimcə, ən
başlıcası heç də o deyil ki, bu prinsiplər
mövcuddur - onları heç kim inkar etmir,
başlıcası odur ki, tərəflər bütün məsələləri
məhz bu ruhda nəzərdən keçirməyə
hazır olmalı və münaqişəni hansısa
başqa şeylər düşünmədən həmin baza
prinsipləri əsasında nizama salmalıdır. Bax elə
bu, mənim fikrimcə, ümid verir ki, həmin mürəkkəb
və kifayət qədər uzun sürən münaqişənin
həll edilməsi şansı var. Sankt-Peterburqda
keçirilmiş sonuncu görüş göstərdi ki, Azərbaycan
və Ermənistan müxtəlif məsələlər
üzrə mövqelərdə mövcud olan fikir
ayrılıqlarını tədricən aradan
qaldırmağa və irəliləməyə
hazırdır. Münaqişənin çox yaxın
perspektivdə həll olunması üçün bütün
imkanlar var və Rusiya digər dövlətlərlə birlikdə
münaqişənin maksimum səmərəli şəkildə
nizama salınmasına çalışacaq".
Rusiya Prezidentinin
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Azərbaycanda səsləndirdiyi bu fikirlər isə
Ermənistanda ciddi narahatlığa yol açıb. Hətta
"Armtoday" portalının yazdığına görə,
Rusiya Prezidentinin bu çıxışı rəsmi
Moskvanın Ermənistanı təcavüzkar kimi
tanıdığının göstəricisidir. Bildirilir ki,
Ermənistanın ən yaxın müttəfiqi olan
Rusiyanın bu mövqedən çıxış etməsi
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı vəziyyətin daha sürətlə Azərbaycanın
lehinə dəyişməsi və Serj Sarkisyan
iqtidarının bu istiqamətdə həyata keçirdiyi
siyasətin faktiki iflası deməkdir. Həqiqətən də
Rusiya Prezidenti Dmitri Medvedevin münaqişənin beynəlxalq
hüququn ümumi prinsipləri və ilk növbədə,
Birləşmiş Millətlər Təşkilatının qəbul
etdiyi qətnamələr əsasında çözülməsinin
vacibliyini bildirməsi Bakıdan Ermənistana
ünvanlanmış ciddi siqnal və Rusiyanın elə həmin
sənədlər əsasında bir daha Ermənistanı
işğalçı dövlət kimi qəbul etdiyinin
göstəricisidir.
Bütün bunlar Azərbaycan
və Rusiya arasında münasibətlərin iqtisadi, siyasi və
digər sahələrdə uğurla inkişaf etdiyini və
daha da dərinləşməkdə olduğunu göstərir.
İki ölkə arasında belə qarşılıqlı
münasibətlər isə regionda Azərbaycanın
mövqelərinin daha da güclənməsində
mühüm rol oynayır.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 9 iyul.- S. 6.