Müdafiə Nazirliyi və
Respublika Hərbi Prokurorluğu rəsmi məlumat yaymışlar
Müdafiə Nazirliyi və
Respublika Hərbi Prokurorluğu mətbuat xidmətlərinin
birgə məlumatında bildirilir ki, Tovuz rayonundakı
"N" saylı hərbi hissənin əsgəri Samir Tahir
oğlu Mustafayev barədə "Azadlıq" qəzetinin 4
iyul 2009-cu il tarixli sayında dərc edilən yazı təhrif
edilmiş formada - əsgərin atası Tahir Mustafayevin
mülahizələrinə əsaslanaraq qələmə
alınmışdır.
Vəziyyət əslində
belə olmuşdur: Samir Mustafayev aprelin 17-də hərbi hissəyə
qəbul olunarkən aparılan tibbi yoxlama zamanı baş və
ürək ağrılarından şikayət etmişdir. O,
hospitala göndərilmiş və 15 gün müddətində
kəskin respirator xəstəlik diaqnozu ilə müalicə
olunmuşdur.
İyunun 14-də
S.Mustafayevin yanına gələn valideynləri ona
bacısının toyu olacağını deyərək Samiri
özləri ilə aparmaq istəmişlər. Lakin onların
diqqətinə çatdırılmışdır ki, gənc,
əsgər olduğu üçün ona yalnız ailə vəziyyəti
ilə əlaqədar məzuniyyət verilə bilər və
bunun üçün də təsdiqedici sənəd
lazımdır. S.Mustafayev yoldaşlarına bildirmişdir ki,
necə olursa-olsun bacısının toyunda iştirak edəcəkdir.
Əks təqdirdə özünə qəsd edəcəyini
və nizamnamədənkənar digər addımlar atacağını
söyləmişdir. Beləliklə, yeməkxanada növbədə
olan zaman əsgər S.Mustafayevə yeməkxana növbətçisinin
köməkçisi, kiçik çavuş Davud Mahmudov
tapşırığı yerinə yetirmədiyinə görə
irad tutarkən əvəzində çavuşa yumruq və təpiklə
zərbələr endirmişdir. Bundan sonra onlar arasında dava
düşmüşdür. Həmin gün əsgərlər
növbəni qurtardıqdan sonra bölüyə
qayıtmışlar. S.Mustafayev isə ayaqyoluna getmək
adı ilə bölükdən çıxmış və
ülgüclə hər iki qolunu bilək nahiyəsindən kəsərək
özünə xəsarət yetirmişdir.
İyunun 24-də isə
saat 09.00 radələrində tibb xidməti kapitanı
Elşad Abbasov xəstələri müayinə edərkən
əsgər S.Mustafayevdən səhhətində hər
hansı problemin olub-olmadığını soruşarkən
heç bir cavab verməmiş və yerdən daş
götürərək kapitan Abbasovun çiyninə xəsarət
yetirmişdir. Bundan sonra əsgər S.Mustafayev hərbi hissə
komandirinin yanına aparılmış və nəyə
görə belə hərəkət etdiyi soruşularkən
yenə heç bir cavab verməmişdir. Həmin gün əsgər
S.Mustafayevin təkrar müayinə üçün hospitala
göndərilməsi barədə göstəriş verilmişdir.
Bu hadisədən sonra
S.Mustafayev yenə özünə qəsd etmək istəmiş
və bu barədə hərbi hissə rəhbərliyi dərhal
məlumatlandırılmışdır. Samirlə söhbət
etmək üçün onu qərargahdakı
hüquqşünasın otağına aparmaq istəmişlər.
Bölük komandirinin otağından çıxan kimi o,
kazarmanın daxilindəki 2-ci mərtəbənin pilləkənlərindən
tullanaraq arxası üstə 1-ci mərtəbəyə
düşmüşdür. Həmin vaxt xəsarət
almamış, qərargah hüquqşünasının
iş otağına daxil olan kimi isə özünü pəncərədən
atmışdır. O, əvvəl pəncərənin
altında quraşdırılmış çardağa
düşmüş, sonra isə oradan özünü
başıaşağı yerə tullamışdır.
Nəticədə əsgər
S.Mustafayev qapalı kəllə-beyin travması, alın nahiyəsinin,
sol qaş nahiyəsinin, körpücük
sümüyünün
çapılmış-sıyrılmış yarası, sol
bazu və saidin kəsilmiş yaraları xəsarəti ilə
Mərkəzi Hərbi Klinik Hospitala
köçürülmüşdür.
Hazırda Qazax Hərbi
Prokurorluğunda həm S.Mustafayev tərəfindən törədilmiş
qeyri-qanuni hərəkətlər, həm də onun atası
T.Mustafayevin ərizəsində göstərdiyi xüsusatlar,
o cümlədən S.Mustafayevin hərbi xidmət
dövründə qeyri-adi davranışı nəzərə
alınmaqla hərbi xidmətə çağırılarkən
və indi xidmətə yararlı olub-olmaması
xüsusatları üzrə araşdırma davam etdirilir.
Obyektiv, hərtərəfli
araşdırma aparılmaqla bütün xüsusatlara ədalətli
hüquqi qiymət verilməsi təmin ediləcək və bu
barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 6.