Bakıda "Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar perspektivlər" mövzusunda mərasim keçirilmişdir

 

İyulun 8-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının Bakıdakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Şurasının 60 illik yubileyi çərçivəsində "Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar və perspektivlər" mövzusunda mərasim keçirilmişdir. Əvvəlcə Avropa Şurasının tarixindən bəhs edən film nümayiş etdirilmişdir.

Mərasimi açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ilə Avropa Şurasının birgə həyata keçirdiyi layihələrdən danışmış, mədəni əlaqələrimizin hazırda yüksək səviyyədə olduğunu bildirmişdir. Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən nazir, ölkəmizin şuranın iclasında ilk dəfə iştirak etdiyi 2001-ci ildə rəsmi nümayəndə heyətinə məhz Prezident İlham Əliyevin rəhbərlik etdiyini xatırlatmışdır.

Əbülfəs Qarayev Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerin rəhbərliyi ilə nümayəndə heyətinin mərasimdə iştirakını yüksək qiymətləndirmişdir.
Avropa Şurasının Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek ölkəmizdə son illərdə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqlara dair bir sıra mötəbər tədbirin keçirilməsini Azərbaycan dövlətinin mədəniyyət sahəsinə böyük qayğısı kimi qiymətləndirmişdir.

Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer Bakıda onları səmimiyyətlə qarşıladıqlarına və tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirmişdir. Azərbaycanın Avropa Şurasının əsas konvensiyalarına, o cümlədən Mədəniyyət Konvensiyasına qoşulduğunu və bu sahədə fəal iştirakını qeyd edən Robert Palmer sülhün və əmin-amanlığın bərpası istiqamətində gördükləri işlərdən danışmışdır.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizdə həyata keçirilən mədəniyyət layihələrindən, Avropa Şurası ilə əlaqələrin inkişafı sahəsində görülən işlərdən danışmışdır. Avropa Şurasının 60 illik fəaliyyəti, Azərbaycan ilə təşkilat arasında mədəni əməkdaşlığın vəziyyəti müzakirə edilmişdir.

Azərbaycan ilə Avropa Şurasının birgə həyata keçirdiyi layihələr slaydlarla nümayiş etdirildikdən sonra Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilən konfransından hazırlanmış film göstərilmişdir.

Nazir Əbülfəs Qarayev mərasimə yekun vuraraq gələcəkdə mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində Avropa Şurası ilə həyata keçiriləcək birgə layihələrdən danışmış, tədbirdə iştirakına görə Avropa Şurasının səlahiyyətli nümayəndələrinə, bir sıra dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərinə təşəkkürünü bildirmişdir.

Fasilədən sona Avropa Şurasının "Sənətçilər dialoq naminə" layihəsinə həsr olunan birinci ekspert görüşü olmuşdur.

İki gün davam edəcək "Sənətçilər dialoq naminə" layihəsinin əsası Azərbaycanın təşəbbüsü ilə başlanmış "Bakı prosesi" çərçivəsində Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də keçirilən konfransında qoyulmuşdur. Layihənin məqsədi müxtəlif sivilizasiyaları, xüsusilə də Avropa və ona qonşu regionlarda yerləşən dövlətlərin sənət adamları vasitəsilə dialoqu təşviq etmək və bu istiqamətdə layihələr həyata keçirməkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 6.