Gömrük qanunvericiliyinə aid iki kitab çapdan çıxıb

 

Ölkə Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən hazırlanmış "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının birinci və ikinci cildləri çapdan çıxmışdır.

DGK-nın mətbuat xidməti bildirir ki, ümumiyyətlə, "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının nəşri üç cilddə nəzərdə tutulmuşdur. İlk dəfə olaraq Azərbaycan Respublikasında gömrük işini nizama salan və tənzimləyən, 1992-ci ildən 2008-ci ilədək qəbul olunmuş müvafiq normativ-hüquqi aktların sistemləşdirildiyi "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının birinci və ikinci cildlərində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, qanunları, ölkə Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, onlara əlavə və dəyişikliklər toplanmışdır.

"Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri də gömrük işini nizama salan qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsindən ibarətdir. Gömrük qanunvericiliyi gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməklə Azərbaycan dövlətinin iqtisadi və milli təhlükəsizliyinin qorunmasına, gömrük işi sahəsində şəxslərin hüquqlarının müdafiə olunmasına, eləcə də onların öz vəzifələrinin yerinə yetirilməsinə yönəlmişdir.

Gömrük orqanlarının əsas vəzifələrindən biri də gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan normativ-hüquqi sənədlər barədə xarici ticarət iştirakçılarını məlumatlandırmaq, onları izah və şərh etməkdən ibarətdir.

"Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabı bu baxımdan bilavasitə gömrük işini həyata keçirən gömrük əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilatların əməkdaşları, xarici ticarət iştirakçıları, hüquqşünaslar, iqtisadçılar, ali təhsil müəssisələrində gömrük işi ixtisası üzrə təhsil alan tələbələr, habelə bu sahənin tədrisi, tətbiqi ilə məşğul olan mütəxəssislər və elmi işçilər tərəfindən istifadə və onlarda gömrük işinin hüquqi əsasları barədə fikrin formalaşması üçün faydalı ola bilər.

 

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 6.