Xəzər Dəniz Neft Donanmasının gəmiləri "Korçagin" yatağında fəaliyyət göstərir

 

Həştərxanda yeni inşa edilmiş neft hasilatı platformasının ARDNŞ-ə məxsus özüboşaldan nəql barjına (STB-1) yüklənməsi davam etdirilir. Barjın yükgötürmə qabiliyyəti 18 min tondur.
Platforma Xəzər dənizinin Rusiya şelfində bu yaxınlarda kəşf edilmiş "Korçagin" yatağında quraşdırılmaq üçün nəzərdə tutulub. Yatağın işlənməsini həyata keçirən Rusiyanın "LUKoyl" şirkəti bu məqsədlə ARDNŞ Xəzər Dəniz Neft Donanmasının 4 gəmisini icarəyə götürüb.

Həştərxandan platformanın quraşdırılacağı nöqtəyədək məsafə 100 mil - təxminən 200 kilometrdir. Platforma STB-1 və "Nefteqaz-58" yedək gəmisi vasitəsilə nəql ediləcək. Eyni zamanda, "Azərbaycan" kran gəmisi də həmin yatağa yola düşür. 2500 ton yükgötürmə qabiliyyətinə malik kran gəmisi ən müasir svayvurma avadanlığı ilə təchiz edilib.

"Azərbaycan" kranını "Andoqa" yedək gəmisi nəql edəcək. Platformanı nəzərdə tutulan sahədə yerləşdirən kran gəmisi onun dayaqlarına svayların vurulmasını və sementləmə işlərini həyata keçirəcək, platformanı dənizin dibinə bərkidəcək.

Bu il 60 illik yubileyini qeyd edən ARDNŞ-nin Xəzər Dəniz Neft Donanması "Neft Daşları"nın həmyaşıdıdır. 1949-cu ildə yaradılan donanma dəniz neft-qaz yataqlarının işlənilməsi üçün nəzərdə tutulmuşdur. Dənizçilər bu gün də yüksək peşəkarlıqla çalışaraq ARDNŞ-nin iqtisadi potensialının möhkəmləndirilməsində mühüm rol oynayırlar.

 

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 7.