Siyəzəndə yeni mini-stadion istifadəyə verildi

 

Ölkədə idmana maraq artmaqdadır. Bölgələrdə inşa edilən olimpiya idman kompleksləri, keçirilən turnirlər idmanın müxtəlif növlərinin inkişafına təsir edən amillərdəndir. Bu gün elə bir şəhər, rayon yoxdur ki, orada böyüklərin, gənclərin uşaqların istifadəsində bir neçə idman qurğusu olmasın. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" uğurla yerinə yetirilməkdədir. Ölkənin hər yerində olduğu kimi, Siyəzəndə bu sahədə müəyyən işlər görülür.

Bu günlərdə rayonda yeni mini-stadion istifadəyə verilib. Uzunluğu 48, eni 27 metr olan stadion gənclərin uşaqların ən çox toplaşdığı ərazidə inşa edilib. Məhz buna görədir ki, günün hansı çağında bura gəlsən, stadionda məşq edən futbolçularla rastlaşarsan.

"Siyəzən" futbol klubu burada yerləşir. Stadionun direktoru Ağamir Mayılov bildirdi ki, stadionda məktəblilərin komanda şəklində məşqləri nəzərdə tutulub. İdmançılar üçün hər bir şərait var. Klubun üzvləri 1999-2000-ci illər təvəllüdlü uşaqlardır. Yeni dərs ili ərəfəsində klubda da futbol dərsləri başlayacaq. Futbol dərslərini keçənlər isə tanınmış idmançılardır.

Ağamir Mayılov qeyd etdi ki, siyəzənlilər futbolu sevirlər. Valideynlər uşaqları ilə bura gəlir, onların məşqlərinə tamaşa edirlər. Oğlanlarla yanaşı, qızlar da stadionda oynamaq istədiklərini bildirirlər. Gələcəkdə qızları da məşqlərə dəvət etmək barədə düşünürük.

Biz orada olanda süni örtüklü meydançada oğlanlar məşq edirdilər. Yunis Babayev, Şahin Qafarov, Ənvər Babayev, Vüsal Mayılov, İlkin Muradov başqaları futbolu sevdiklərini, gələcəkdə klubun şərəfini ləyaqətlə qoruyacaqlarını bildirdilər.

7 yaşlı Sadiq meydançada idi. O, var gücü ilə topun dalınca qaçır, zərbələri sərrast vurmağa çalışırdı. Atası Kamil Qafarov da Sadiqin yanında idi. Yeri gəlmişkən, K.Qafarov Qubanın "Şahdağ", Bərdənin "ABN" Lənkəranın "Xəzər-Lənkəran" klublarında çalışıb.

Hazırda könüllü olaraq gəncləri məşq etdirir.

Mini-stadiondan xoş ovqatla ayrılırıq. İnanırıq ki, gələcəyin futbolçuları ölkənin idman şərəfini layiqincə qoruyacaqlar.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 8.