Azərbaycan-Suriya münasibətlərinin çox gözəl perspektivləri vardır

 

Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana rəsmi səfəri

 

Ali qonağın şərəfinə Prezident  İlham Əliyevin nitqi

 

Xəbər verdiyimiz kimi, iyulun 8-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin və xanımı Əsma əl-Əsədin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Əsma əl-Əsəd!

Xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, mən Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana ilk səfərinizdir. Düşünürəm ki, bu səfəriniz ikitərəfli münasibətlərimizdə mühüm hadisə olacaq və əlaqələrimizin inkişafına güclü təkan verəcəkdir.

Mən bu gün keçirilmiş görüşlərə, aparılmış danışıqlara və fikir mübadiləsinə, habelə imzalanmış sənədlərə, sabah təşkil olunacaq biznes foruma xüsusi əhəmiyyət verirəm və onları yüksək qiymətləndirirəm. Suriya ilə Azərbaycan arasında əlaqələrin dərin tarixi kökləri vardır. Bizi uzun əsrlər ərzində təşəkkül tapmış münasibətlər bağlayır. İslam dini xalqlarımızın tarixində çox mühüm rol oynamış, müştərək mənəvi dəyərlər formalaşdırmışdır. Azərbaycanın və Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsimi, həmçinin Hələb şəhərində yaşayıb-yaratmışdır.

Nəsiminin əsərləri xalqlarımızın mənəvi sərvətidir. Ümummilli liderlərimiz, mərhum prezidentlər Heydər Əliyev və Hafiz əl-Əsəd arasındakı görüşlər və şəxsi dostluq münasibətləri ölkələrimizin yaxınlaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Beynəlxalq və regional təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığımızdan razıyam. Bu əməkdaşlıq İslam həmrəyliyinin möhkəmlənməsi, İslam ümmətinin problemlərinin aradan qaldırılması baxımından xüsusilə əhəmiyyətlidir. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı bu istiqamətdə səylərini əsirgəməyəcəkdir.

Mən Suriya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin tərəfdarıyam. Biz bu əməkdaşlığı inkişaf etdirmək üçün Dəməşqdə səfirliyimizi açdıq. Ölkələrimiz arasında bir sıra sahədə, xüsusilə də energetika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə sahələrində əməkdaşlığın yaxşı perspektivləri vardır.

Bu gün Azərbaycanın neft və qaz ehtiyatlarının istismarı və enerji daşıyıcılarının dünya bazarlarına nəqli böyük əhəmiyyətə malikdir. Artıq fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bütün regionun inkişafına və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi heç kimdə şübhə doğurmur. İnanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçməsi əməkdaşlığımızın genişlənməsinə və ticarət dövriyyəsinin artmasına şərait yaradacaqdır. Həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, yeni investisiya imkanları yaratmış, iqtisadi potensialın güclənməsini təmin etmişdir. Atılan addımların nəticəsidir ki, son beş il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır.

Bizim regionda ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qədim tarix və mədəniyyət abidələri, məktəblər, muzeylər, məscidlər dağıdılmış, dünya və İslam sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, İKT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edir, Sizə və bütün Suriya xalqına xoşbəxtlik, səadət, firavanlıq arzulayıram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 1.