Azərbaycan-Suriya münasibətlərinin çox gözəl perspektivləri vardır

 

Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana rəsmi səfəri

 

Ali qonağın şərəfinə Prezident  Bəşşar əl-Əsədın nitqi

 

Suriya Prezidenti Bəşşar Əl-Əsəd təşəkkür edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Xanım Mehriban Əliyeva!

Xanımlar və cənablar!

İcazə verin mənim, xanımımın və nümayəndə heyətinin Azərbaycanda səmimiyyətlə qarşılanmasına görə dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Bu gün dost və qədim ölkənizdə olmağımdan çox məmnunam.

Suriya ilə Azərbaycanı bir-birinə tarix, sivilizasiya, mədəniyyət və əməkdaşlıq telləri bağlayır. Bu münasibətlərin bünövrəsi hələ İpək Yolu əsrində, müstəqillik qazandığımızdan əvvəlki və sonrakı dövrlərdə qoyulmuşdur.

Prezident Bəşşar əl-Əsəd əcdadlarımız tərəfindən qoyulmuş bünövrə üzərində yaradılan əməkdaşlığın xalqlarımızın və ölkələrimizin sülh, təhlükəsizlik, sabitlik və inkişaf şəraitində yaşamasına və inkişafına xidmət etdiyini bildirdi. Suriya Prezidenti Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi zərurətindən irəli gəldiyini əsaslandırdı. Ali qonaq əməkdaşlığımızın tarixi və perspektivləri barədə fikirlərini söyləyərək dedi:

- Ölkələrimiz hələ İpək Yolu dövründə Asiya ilə Avropanı birləşdirən iki mühüm körpü rolunu oynamış, mədəniyyətlərin yaxınlaşması prosesini gücləndirmiş, bölgəmizdəki sivilizasiyaları tanıtmış, bu da öz növbəsində, ölkələrimizə və xalqlarımıza böyük təcrübə qazandırmışdır, xalqların adətləri, ənənələri və mədəniyyətlərindən ibarət maarif bazası yaratmışdır.

Hələ əlaqə qurmaq imkanlarının məhdud olduğu əsrlərdə aramızda münasibətlər mövcud olmuşsa, bu gün bu münasibətlərin bütün sahələrdə gücləndirilməsi naminə səy göstərməyimiz bir aksiomdur.

Əminik ki, Suriya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın, xüsusən də yerüstü, dəniz və hava nəqliyyatı yollarının inkişaf etdirilməsi, neft və qaz sahələrindəki strateji layihələrin birgə qurulması vasitəsilə iki ölkə arasındakı ticarət mübadiləsinin və sərmayə qoyuluşunun artırılması üçün real fürsət vardır. Bunun üçün birgə niyyət vardır və əməkdaşlığın gücləndirilməsi üzrə geniş imkanlar mövcuddur. Əminəm ki, Azərbaycanın Qafqaz, Suriyanın isə Yaxın Şərq bölgələrində mühüm strateji mövqelərə malik olması ölkələrimizə Asiya ilə Avropa arasında, Yaxın Şərqlə Qafqaz arasında birləşdirici körpü olmaq imkanı verir.

Əziz dost Prezident İlham Əliyev!

Xanımlar və cənablar!

İqtisadi münasibətlərə diqqət yetirməyimizlə bərabər, deməliyəm ki, Yaxın Şərq, Qafqaz və Balkan bölgələrindəki siyasi münasibətlər və sabitlik dünyada təhlükəsizlik və sabitlik üçün daim böyük önəm kəsb etmişdir.

Beləliklə, səfər mübadilələrinin, ölkələrimiz arasındakı əlaqələrin və məsləhətləşmələrin davam etdirilməsi yolu ilə siyasi münasibətlərimizi əla səviyyəyə qaldıraraq, dinamik və mühüm bölgələrimizin və bütövlükdə dünyamızın sabitliyinə bütün müstəvilərdə xidmət etmiş olarıq.

Yaxın Şərq bölgəsindəki təcrübəmiz birmənalı şəkildə onu sübut etdi ki, regiondakı problemlərin həlli üçün vaxt o qədər də yetərli amil deyildir. Bunun üçün xoş məram, bütün tərəflər arasında səylərin birliyi tələb olunur və bu, çözüm yollarının tapılmasının bölgə xalqlarına və dünyaya nə dərəcədə müsbət təsir edəcəyinin vacibliyinə inamdan irəli gəlir. Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olunması yolunda Suriya da öz gücünü əsirgəmir. Lakin biz sülh yolunda daim inadcıllıq və təkəbbürlük divarı ilə, İsrailin sülhü inkar etməsi ilə, sülhə çağırışlar, o cümlədən ərəb sülh çağırışı müqabilində təcavüzkar müharibələrlə, o cümlədən Livana və Qəzzəyə qarşı müharibələrlə, işğal olunmuş ərazilərdəki ərəb xalqına qarşı aparılan ardı-arası kəsilməyən təcavüzlərlə, Qüdsü yəhudiləşdirmək cəhdləri ilə, yaşayış məntəqələrinin genişləndirilməsi, Fələstin xalqının blokadası və bu xalqın yaşamaq hüququndan məhrum olunması cəhdləri ilə qarşılaşırıq.

Suriya "sülh əvəzinə torpaq" prinsipinə deyil, beynəlxalq norma və qanunlara, hüquqların öz sahiblərinə qaytarılması prinsipinə istinadən sülhün bərqərar olunması yolunda daim çalışacaqdır.

Qafqazda və Orta Asiyadakı hadisələrin gedişini, xüsusən də Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münasibətlərinin beynəlxalq norma və qanunlar əsasında və bütün tərəflərin hüquqlarının qorunması şərti ilə həlli yollarının dialoq vasitəsilə tapılması istiqamətində göstərdiyiniz səyləri biz böyük diqqətlə izləyirik və problemin uzun, sürəkli olmaması üçün dialoq prosesinin tezləşdirilməsi zərurətinə inanırıq. Təcrübəmiz göstərir ki, problemin həlli müddəti uzandıqca, onu çözmək imkanları da mürəkkəbləşir.

Bu prizmadan yanaşaraq və hər iki tərəflə əla münasibətlərimiz olduğu üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.

Sonda ümidvar olduğumu bildirirəm ki, bu səfər dost ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin bütün səviyyələrdə gücləndirilməsinə təkan verəcək və fürsətdən istifadə edərək Sizi Suriya ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə ən yaxın vaxtda Suriyaya səfərə dəvət edirəm.

Bir daha qonaqpərvərliyinizə görə öz təşəkkürümü bildirir, Sizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzulayıram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 1.