Azərbaycan-Suriya biznes
forumu
Prezident İlham Əliyevin nitqi
İyulun 9-da Bakıda
Azərbaycan-Suriya biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsəd
forumun açılışında iştirak etmişlər.
Biznes forumda Azərbaycandan
120-yə yaxın şirkət nümayəndələri və
Suriyadan 70-ə yaxın iş adamı iştirak etmişdir.
Prezident İLHAM ƏLİYEV
biznes forumda çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident, əziz dostum!
Hörmətli qonaqlar,
xanımlar və cənablar!
İlk növbədə,
cənab Prezident, Sizi və Sizinlə bərabər Azərbaycana
gəlmiş dostlarımızı Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram. Bu, Sizin səfərinizin ikinci
günüdür və deyə bilərəm ki, birinci gün
çox uğurlu keçdi. Çox geniş fikir mübadiləsi
aparılmışdır. Çox vacib sənədlər
imzalanmışdır. O sənədlər, demək olar ki,
bütün sahələri əhatə edir. Əminəm ki, sənədlərin
və əldə edilmiş razılaşmaların icrası nəticəsində
Suriya-Azərbaycan əlaqələri gələcəkdə
sürətlə inkişaf edəcəkdir. Biz buna çox
maraqlıyıq, bunu arzulayırıq və əminəm ki,
iki ölkəni təmsil edən iş adamları da belə
gözəl siyasi ab-havadan, bu fürsətdən səmərəli
istifadə edəcəklər.
Mən çox şadam
ki, hörmətli cənab Prezident, Azərbaycana Suriyadan Sizinlə
bərabər iş adamlarından ibarət böyük bir
qrup gəlmişdir. Mən ümid edirəm ki, bugünkü
biznes forum və Azərbaycan-Suriya iş adamları arasında
yaranacaq əlaqələr iqtisadi sahədə əməkdaşlığın
dərinləşməsinə xidmət göstərəcəkdir.
İqtisadi sahədə əməkdaşlığın bizi
qane etdiyini deyə bilmərəm. Bu sahədə hələ
çox iş görmək lazımdır. Dövlətlərimiz
arasında ticarət dövriyyəsi ölkələrimizin
potensialına cavab vermir və əlbəttə ki, siyasi əlaqələr
gücləndikcə iqtisadi sahədə də daha
böyük işlər görmək mümkün
olacaqdır. Deyə bilərəm ki, bugünkü tarixi
görüş iki ölkə arasında iqtisadi sahədə
canlanmaya gətirib çıxaracaqdır. Bunu etmək
üçün gözəl imkanlar, yaxşı potensial
vardır. Ölkələrimizin iqtisadiyyatları inkişaf
edir və bir-birini tamamlayır.
Biz müxtəlif sahələrdə
çox uğurlu əməkdaşlıq edə bilərik.
Dünən müzakirə etdiyimiz məsələlər əsasən
iqtisadi sahəyə aid idi. Biz turizm, əczaçılıq,
energetika, kənd təsərrüfatı sahəsində -
bütün sahələrdə geniş əməkdaşlığın
tərəfdarıyıq və ümid edirəm ki, bu gün
yaranan ilkin əlaqələr yaxın gələcəkdə
konkret müqavilələrin, sazişlərin imzalanmasına gətirib
çıxaracaqdır.
Azərbaycan
iqtisadiyyatı son illər ərzində sürətlə
inkişaf edir. Biz müstəqilliyimizi, əldə edəndə
- 1991-ci ildə iqtisadiyyatımız, demək olar ki,
dağılmış vəziyyətdə idi. Sənaye müəssisələri
dayanmışdı, iqtisadi artımdan, ümumiyyətlə,
söhbət getmirdi, Azərbaycanda çox dərin iqtisadi
böhran yaşanırdı. Bunun müxtəlif səbəbləri
var idi və aparılan köklü islahatlar, cəsarətli
iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan o
böhranlı illərdən şərəflə
çıxa bilmişdir.
90-cı illərin
ortalarından Azərbaycanda geniş iqtisadi islahatlar
aparılmağa başlanmışdır.
Xüsusilə Azərbaycanın
energetika, neft-qaz sahələrinə qoyulan sərmayələr
bu gün də iqtisadiyyatımıza böyük təkan
verir. Xüsusilə 1990-ci illərin ortalarında - o vaxt Azərbaycan
haqqında bütövlükdə dünyada məlumat
çox məhdud idi, olan məlumat da reallığı əks
etdirmirdi, - məhz o illərdə başlanmış iqtisadi
islahatlar hesabına biz bugünkü nailiyyətlərə
çata bilmişik.
Onu da qeyd etmək istəyirəm
ki, bəzi başqa qonşulardan fərqli olaraq, Azərbaycan
bütün uğurlarını, bütün siyasi və
iqtisadi nailiyyətlərini öz hesabına, Azərbaycan
xalqının zəhməti hesabına, Azərbaycan dövlətinin
siyasəti hesabına əldə etmişdir.
Azərbaycan
özünü tam şəkildə təmin edən bir
ölkədir və iqtisadi sahədə görülən
işlər bunun bariz nümunəsidir. Əgər 1991-ci ildə
Azərbaycanda bazar iqtisadiyyatı sıfır səviyyədə
idisə, - çünki biz Sovet İttifaqının tərkibində
yaşayırdıq və Sovet İttifaqında bazar iqtisadiyyatı
mümkün deyildi, - bu gün iqtisadiyyatın 85 faizi özəl
sektorda formalaşıb və strateji müəssisələrdən
başqa bütün digər sahələrdə
genişmiqyaslı özəlləşdirmə siyasəti
aparılmışdır. Bu gün iqtisadiyyatımız deyə
bilərəm ki, çoxşaxəli iqtisadiyyatdır. Biz
çox ciddi investisiya siyasəti aparmışıq və bu
gün də aparırıq. Adambaşına düşən
xarici sərmayələrin həcminə görə Azərbaycan
bu bölgədə birinci yerdədir. Azərbaycan xarici
investorlar üçün cəlbedici yerdir və əlbəttə
ki, xarici investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə
də xidmət göstərirlər. Bu yaxınlarda Azərbaycanda
Dövlət İnvestisiya Şirkəti
yaradılmışdır. Bu şirkətin əsas vəzifəsi
xarici və yerli investorları Azərbaycan dövlətinə
lazım olan sahələrə yönəltməkdir ki,
ölkəmizin iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf etsin.
Biz
iqtisadiyyatımızın əsas sahəsi olan neft-qaz amilindən
asılılığımızı böyük dərəcədə
azaltmağa çalışmışıq və buna nail
olmuşuq. Hətta neftin qiyməti 140 dollardan 35 dollara
düşəndə belə nə Azərbaycan
iqtisadiyyatı, nə də Azərbaycan əhalisi bu
asılılığı hiss etmədi.
Gələcəkdə
şaxələndirmə siyasətinin gücləndirilməsi
üçün, xüsusilə qeyri-neft-qaz sektoruna daha da
böyük diqqət göstəriləcəkdir. Bizdə bu
gün buna nail olmaq üçün çox yaxşı
imkanlar vardır və Suriya-Azərbaycan iş adamları
arasında bu istiqamətdə müxtəlif formada əməkdaşlıq
mümkündür. Biz, əlbəttə ki,
qarşılıqlı investisiya layihələrini dəstəkləyirik
və buna çox böyük əhəmiyyət veririk. Eyni
zamanda, ölkələrimizi təmsil edən şirkətlər
müxtəlif layihələrdə podratçı kimi
iştirak edə bilərlər. Yəqin ki, bu gün burada
ölkələrimizin imkanları, qanunvericilik bazası, vergi
məsələləri, geniş müzakirə ediləcəkdir.
Əlbəttə,
iş adamlarımız bir-birini yaxşı
tanımalıdırlar, eyni zamanda, ölkələrimizin
imkanlarını yaxşı bilməlidirlər ki, hansı
sahədə işləməyin onlar üçün daha sərfəli
olduğunu müəyyən etsinlər. Biz prezidentlərin vəzifəsi
ondan ibarətdir ki, bu gün sizə öz tövsiyəmizi
verək. Bu da ondan ibarətdir ki, Suriya-Azərbaycan əlaqələri
sürətlə inkişaf edir. Biz çox istəyirik ki,
iş adamları da bizdən geridə qalmasınlar və
iqtisadi əlaqələri siyasi əlaqələrin səviyyəsinə
gətirib çıxarsınlar.
Bizim dünən
müzakirə etdiyimiz məsələlərdən biri də
neft-qaz sahəsi olmuşdur. Bu sahədə çox gözəl
imkanlar vardır. Biz dünən konkret məsələlər
haqqında danışmışıq və istisna olunmur ki, gələcəkdə
Suriya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq
yaransın. Biz görürük ki, bunun üçün
qarşılıqlı maraq vardır. Azərbaycan zəngin
neft-qaz yataqlarına malik olan ölkədir və nəinki bu
yataqlar mövcuddur, bu yataqlarda böyük işlər
aparılır, hasilat aparılır, bütün nəqliyyat
infrastrukturu yaradılmışdır. Azərbaycanda yeddi neft
və qaz kəməri fəaliyyət göstərir.
Bizim ehtiyatlarımız
dünya və Avropa bazarlarına bu kəmərlərlə
çıxarılır. Bütün istiqamətlərə
ixrac etmək üçün bizim imkanlarımız vardır
və hesab edirəm ki, Suriyanın Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinə qoşulması layihəsi də çox
real layihədir. Biz bu layihənin üzərində çox
böyük məmnuniyyətlə işləyəcəyik.
Bu il Azərbaycanda qaz hasilatı
təxminən 25-27 milyard kubmetr səviyyəsində
olacaqdır, Azərbaycan qazı müxtəlif ölkələrə
- Gürcüstana, Türkiyəyə, Yunanıstana, İrana
nəql edilir.
Gələn ildən bu
yaxınlarda imzalanmış sazişə əsasən Rusiyaya
da Azərbaycan qazı ixrac ediləcəkdir. Coğrafi məkan
nə qədər çox genişlənsə, həm bizim
üçün, həm istehlakçılar, həm də
istehsalçılar üçün bir o qədər
yaxşıdır. Ona görə əminəm ki, energetika sahəsində
yaxın zamanlarda ciddi irəliləyiş ola bilər.
Bütövlükdə
Azərbaycan iqtisadiyyatı son beş il ərzində çox
sürətlə artıb, ümumi daxili məhsul 2,6 dəfə,
sənaye istehsalı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi
beş ildə 4 dəfə azalıb.
Dövlət büdcəsinin
xərcləri isə 12 dəfə artıbdır və bunun
hesabına bu gün ölkədə geniş
quruculuq-abadlıq işləri aparılır, bütün
infrastruktur layihələri icra edilir, insanların sosial vəziyyətinin
yaxşılaşdırılması üçün konkret
proqramlar icra edilir. Hesab edirəm ki, bugünkü
görüşlərdə bu məsələlər, ilk
növbədə ikitərəfli iqtisadi məsələlər
geniş müzakirə ediləcək. Mən Suriya və Azərbaycan
iş adamlarına birgə fəaliyyətdə uğurlar
arzulayıram.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 10 iyul.- S. 1, 2.