Azərbaycan-Suriya biznes forumu

 

Prezident  Bəşşar əl-Əsədın nitqi    

 

Suriya Prezidenti BƏŞŞAR ƏL-ƏSƏD forumda çıxış edərək dedi:

- Əziz qardaşım İlham Əliyev!

Mən Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həqiqətən, cənab Prezident doğru buyurdu ki, bu səfər tarixi səfərdir. Ona görə ki, bu səfər çərçivəsində əlaqələrimizin yeni əsası qoyulacaqdır. Ölkələrimiz arasında mədəni əlaqələrin tarixi çox qədimdir. Ancaq tarixin müəyyən mərhələsində xalqlarımız bu əlaqələri lazımi səviyyədə inkişaf etdirə bilməmişlər.

Doğrudur, prezidentlər Hafiz Əsəd və Heydər Əliyev arasında hələ sovet dönəmində sıx əlaqələr olmuşdur. Ancaq o münasibətlər şəxsi münasibətlər olmuşdur. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər dövlətlərarası əlaqələr səviyyəsinə yüksəlmişdir.

Şübhəsiz ki, ölkələrimiz arasında əlaqələr çox yaxşı səviyyədədir və bu, məhz birgə səylərimiz sayəsində təşəkkül tapmışdır. 90-cı illərdən sonra biz yeni həyatdan yeni dərslər götürmüşük və başa düşmüşük ki, ölkələrimizi inkişaf etdirmək üçün biz çoxvektorlu siyasət aparmalıyıq. Azərbaycan haqqında geniş məlumatlara malikik. Bizim müştərək maraqlarımız çoxdur. Ölkələrimiz arasında məsafə təyyarə ilə cəmi 2 saat 20 dəqiqədir. Yəni demək olar ki, məsafə çox qısadır. Bu, bizə həm iqtisadi, həm də sərmayə qoymaq baxımından səmərəli işlər görməyə imkan verir.

Cənab Prezident, mən ilk növbədə demək istərdim ki, iş adamları çox həssas olurlar. Biz çox istərdik ki, iş adamlarının həssaslığından istifadə edək və onları ölkələrimizin maraqlarına xidmət edən məsələlərə istiqamətləndirək. İş adamları siyasi əlaqələrin səviyyəsini bilmək istəyirlər. Prezident Əliyevin sözlərini bir daha təsdiq etmək istərdim və mətbuata bəyanatımda da demişəm ki, bizim aramızda çox gözəl dostluq münasibətləri vardır. Biz, şübhəsiz ki, ölkələrimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasına çalışırıq. Prezident İlham Əliyevin bu foruma gəlməsi də onu göstərir ki, biz bu istiqamətdə səylərimizdə qətiyyətliyik və iş adamları da bu münasibətlərdən səmərəli istifadə etməlidirlər.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi münasibətlərin qurulmasından danışdı və bildirdi ki, artıq bu sahədə qanunvericilik bazası vardır, dünən Suriya-Azərbaycan əlaqələrinə dair 18 sənəd imzalanmışdır. Şübhəsiz ki, əgər iş adamlarımız və məmurlarımız bu müqavilələrə dəstək verməsələr, onlar, sadəcə, kağız üzərində qalar. Biz bəyan etdik ki, qapılar açıqdır və iş adamları bundan istifadə etməlidirlər. Ticari baxımından infrastrukturu daha da təkmilləşdirməliyik. Biz qısa zamanda əlaqələrimizə yeni baxış formalaşdırmalıyıq.

Dünən biz qaz məsələsi barədə danışdıq. Bu məsələ danışıqlarımızın əsas prioritetlərindən birini təşkil etmişdir. Təbii ki, Azərbaycan ilə İran, Gürcüstan və Türkiyə arasında qaz kəmərləri vardır. İki il bundan əvvəl biz Türkiyədən Suriyaya qaz ötürməsi və ya qaz kəməri çəkilməsi barədə danışıqlara başladıq. Azərbaycan qazı bu kəmərlə Suriyaya, oradan isə cənuba - İordaniyaya və Misirə çatdırıla bilər. Bizdə təbii qaz alınması çox böyük əhəmiyyətə malikdir, çünki bizim ehtiyatlarımız çox azdır. Şübhəsiz ki, həmin marşrutla nəql olunacaq qazın çox hissəsini Azərbaycan qazı təşkil edəcəkdir. Qaz kəmərləri Xəzər dənizi, Qara dəniz və Ərəb körfəzi regionları arasında əlaqələrin inkişafına təkan verəcəkdir. Biz Azərbaycandan qaz almaq barədə danışıqlar apardıq. Bu qaz Suriyaya Türkiyə vasitəsilə çatdırılmalıdır. Azərbaycan Suriyaya müasir qiymətlərlə ildə təqribən 1 milyard kubmetr qaz satmağa razılıq vermişdir. Türkiyə tərəfi də bu məsələyə rəğbətlə baxır. Heç şübhəsiz ki, bu kəmər Azərbaycan, Türkiyə və Suriya münasibətlərinə yeni ab-hava gətirəcəkdir. Suriya ilə Türkiyə arasında siyasi münasibətlər əvvəllər pis olmuşdur. Hazırda Türkiyə bizə, sözün əsl mənasında, qardaşdır. Hesab edirəm ki, Azərbaycanı Suriya ilə coğrafi baxımdan Türkiyə bağlayır. Çünki Türkiyə vasitəsilə məsafə o qədər də böyük deyildir.

Suriya ilə İran arasında, həmçinin əla münasibətlər vardır. Azərbaycan ilə İran arasında münasibətlər də inkişaf etməkdədir. İraq, şübhəsiz ki, daim qeyri-sabit qalmayacaqdır. Biz görürük ki, artıq İraqdakı siyasi vəziyyət normallaşmağa başlamışdır.

Vaxtı ilə - ölkələrimiz müstəqilliklərini bərpa edəndən sonra Suriyada da, Azərbaycanda da sabitliyin pozulmasına cəhdlər olmuşdur. Ancaq bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Biz birgə maraqlarımıza xidmət edən münasibətlərimizi inkişaf etdirərək, daha da güclü olmalıyıq.

Azərbaycan ilə Suriyanı bütün sahələrdə möhkəm tellər bağlayır. Azərbaycan iqtisadiyyatının bütün sahələrində qapıları üzümüzə açmışdır, əlaqələrimiz üçün heç bir problem yoxdur və bu, ölkələrimizin münasibətlərinin inkişafına müsbət təsir edəcəkdir. Eyni zamanda, biz İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Biz, ilk növbədə, qaz sahəsində, eyni zamanda dəmir yolu sahəsində səmərəli əməkdaşlıq edə bilərik. Bizim böyük dəmir yolu şəbəkəmiz vardır. Suriya-Aralıq dənizi və Ərəb körfəzi arasında ilk qatar - "XXI əsrin qatarı" iki ay bundan əvvəl İraqdan keçməklə yola düşmüşdür.

Eyni zamanda, bilirik ki, Azərbaycan ilə Türkiyə arasında da Gürcüstandan keçməklə dəmir yolu tikilir. Şübhəsiz ki, bütün bu təkamül prosesləri ölkələr arasında ixrac-idxal əməliyyatlarının artmasına kömək edəcəkdir. Bilirik ki, son illər Azərbaycanda böyük iqtisadi islahatlar aparılmışdır. Suriyada da iqtisadi islahatlar həyata keçirilmişdir. Əlbəttə, hər bir ölkənin öz fərqli cəhətləri vardır. Misal üçün, bizdə qaz azdır, sizdə isə çoxdur. Biz imkanlarımızdan ölkələrimizin mənafeyinə xələl gətirmədən qarşılıqlı surətdə faydalana bilərik.

Azərbaycan planlı iqtisadiyyatdan özəl iqtisadiyyata, yəni bazar münasibətlərinə keçən bir ölkəyə çevrilmişdir. Həmçinin biz də. Biz bir neçə il bundan əvvəl böyük islahatlara, özəlləşdirmə prosesinə başlamışıq və ən əsası da digər ölkələrlə münasibətləri inkişaf etdirmək niyyətindəyik. Suriya iqtisadiyyatının fərqləndirici cəhətləri ondan ibarətdir ki, burada sənaye çox güclü inkişaf etmişdir. Bununla belə, biz Avropa bazarları ilə rəqabətə hazır olmalıyıq.

Suriyada sənaye tədricən Avropa standartlarına yaxınlaşır. Biz, şübhəsiz ki, beynəlxalq bazarda çox güclü rəqabətlə rastlaşırıq. Bu rəqabətlə bütün ölkələr rastlaşır. Lakin biz bu rəqabətə davam gətirməyə çalışırıq. Suriyada müasir infrastruktur vardır. Amma bu infrastrukturun yaxın illərdə 10 milyardlarla sərmayəyə ehtiyacı vardır. Ona görə də biz istəyirik ki, gələcəkdə gözəl mexanizm yaradılsın - Suriya-Azərbaycan iş adamlarının birgə fəaliyyətini tənzimləyən bir mexanizm yaradılsın. İş adamlarımız bugünkü imkandan istifadə edib öz təkliflərini verməlidirlər, biz irəliyə getməliyik.

Hörmətli dostum Prezident İlham Əliyev də, mən də ölkələrimizin iqtisadi münasibətlərinin inkişafına diqqətimizi artıracağıq.

Bizə belə bir formatda görüşə imkan yaradıldığına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm və hamıya müvəffəqiyyət arzulayıram. Çox sağ olun!

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 1, 2.