Suriya Prezidenti Milli Məclisdə olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Suriya Prezidenti Bəşşar əl-Əsəd Milli Məclisdə olmuşdur. Ali qonağı parlamentin binası önündə Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Suriya dövlətinin başçısı Milli Məclisin iclas zalına baxmış, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalında olmuşdur. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verilmişdir. Suriya Prezidenti xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov ilə Suriya Prezidenti Bəşşar əl-Əsəd arasında görüş olmuşdur.

Milli Məclisin Sədri Azərbaycan-Suriya dostluq münasibətlərindən söz açmış, bu səfərin ölkələrimiz arasındakı əlaqələrin tarixində yeni səhifə açdığını bildirmişdir. Səfər çərçivəsində imzalanmış sənədlər gələcək əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaratmışdır.

O.Əsədov dövlətlərimiz arasındakı münasibətlərin inkişafında ümummilli liderlər, mərhum prezidentlər Heydər Əliyevin və Hafiz Əsədin rolunu xüsusi qeyd etmiş, bu siyasi xəttin prezidentlər İlham Əliyev və Bəşşar əl-Əsəd tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edən Milli Məclisin Sədri hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradıldığını bildirmiş, bu qrupların fəaliyyətinin daha da sürətləndirilməsinin vacibliyini qeyd etmişdir.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən O.Əsədov Suriyanın daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu məmnunluq hissi ilə xatırlatmışdır.

Suriya Prezidenti Bəşşar əl-Əsəd onlara göstərilən qonaqpərvərliyə görə, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlıq etmişdir.

Suriya-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən ali qonaq iki dost ölkə arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Suriyanın dövlət başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığının, xüsusilə də dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulamış, Milli Məclisə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 2, 3.