Suriya Prezidenti Bəşşar
əl-Əsəd Azərbaycanın Baş naziri Artur Rasizadə
ilə görüşmüşdür
Azərbaycanda rəsmi səfərdə
olan Suriya Prezidenti Bəşşar əl-Əsəd iyulun 9-da
onun üçün ayrılmış iqamətgahda Baş
nazir Artur Rasizadə ilə görüşmüşdür.
Suriya dövlətinin
başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə
apardığı danışıqları yüksək qiymətləndirərək
bildirmişdir ki, onun fikrincə, bu danışıqlar
bütün sahələrdə ikitərəfli əlaqələrin
genişləndirilməsi üçün zəmin
yaratmışdır. Suriya Prezidenti Suriya-Azərbaycan iqtisadi əməkdaşlığının
perspektivlərindən söhbət açaraq iki ölkənin
işgüzar dairələri arasında əlaqə
yaradılması və qarşılıqlı faydalı
münasibətlərin inkişaf etdirilməsi
üçün səfər müddətində
imzalanmış ikitərəfli sənədlərin əhəmiyyətini
vurğulamışdır.
Baş nazir Artur Rasizadə
son vaxtlar ölkədə həyata keçirilmiş iqtisadi
islahatlar barədə Suriya Prezidentinə məlumat
vermişdir. O, əmin olduğunu bildirmişdir ki, Suriyanın
dövlət başçısının Azərbaycana ilk rəsmi
səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın
genişlənməsinə təkan verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 10 iyul.- S. 3.