Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş
Ərəb Əmirliklərinin xarici işlər naziri şeyx
Abdulla bin Zaid al-Nəhəyanın başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Şeyx Abdulla bin Zaid
al-Nəhəyan Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti şeyx Xəlifə bin Zaid al-Nəhəyanın
salamlarını dövlətimizin başçısına
çatdırdı. Azərbaycana ilk dəfə səfər
etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin inkişafı istiqamətində
böyük işlər görüldüyünü dedi və
əldə olunan nailiyyətlərə görə dövlətimizin
başçısını təbrik etdi.
Prezident İlham Əliyev
ölkələrimiz arasında əlaqələrin uğurlu
inkişafından məmnunluğunu bildirdi. Birləşmiş
Ərəb Əmirliklərinə səfərini və
Prezident şeyx Xəlifə bin Zaid al-Nəhəyanla səmimi
və dostluq ruhunda keçən görüşünü
xatırlayan dövlətimizin başçısı ikitərəfli
əməkdaşlığımızın çox fəal
olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlarda
bir-birini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev
ötən il BMT-nin Baş Məclisində "Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyətə
dair" məsələnin müzakirəsi zamanı ölkəmizin
mövqeyini müdafiə etdiyinə görə Birləşmiş
Ərəb Əmirliklərinə təşəkkür etdi. İkitərəfli
münasibətlərimizin iqtisadi, siyasi və digər sahələrdə
möhkəmləndiyini vurğulayan Prezident İlham Əliyev
Birləşmiş Ərəb Əmirliklərinin xarici
işlər naziri şeyx Abdulla bin Zaid al-Nəhəyanın
ölkəmizə səfərinin də əlaqələrimizin
daha da genişləndirilməsinə xidmət edəcəyinə
əminliyini bildirdi.
Dövlətimizin
başçısı Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti şeyx Xəlifə bin Zaid al-Nəhəyanın
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını BƏƏ-nin dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 10 iyul.- S. 3.