Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

İyulun 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət idarəsinin rəhbəri şeyx Abdulla bin Zaid al-Nəhəyan ilə görüşmüşdür.

Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaq ölkəmizdə gedən inkişaf prosesini yüksək qiymətləndirmişdir. Şeyx Abdulla bin Zaid al-Nəhəyan BƏƏ-nin Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq, bu yaxınlarda ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılacağını demişdir.

Qonaq BƏƏ-nin Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirərək, neft-kimya və turizm sahələrini də prioritet istiqamətlər hesab etdiyini demişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan şeyx Abdulla bin Zaid al-Nəhəyan BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılmasına və problemin diplomatik yolla həllinə tərəfdar olduğunu vurğulamışdır.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirmişdir. Nazir ölkəmizin və BƏƏ-nin bir çox beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşdüyünü qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyinin BƏƏ tərəfindən dəstəkləndiyinə görə qonağa minnətdarlığını bildirmişdir.

Elmar Məmmədyarov Azərbaycan ilə BƏƏ arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulamış, iqtisadiyyat, mədəniyyət sahələrində əməkdaşlığın, habelə gənc diplomatların mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 3.