Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin nümayəndələri
Milli Məclisdə olmuşlar
Ölkəmizdə səfərdə
olan Türkiyənin Ədalət və İnkişaf
Partiyası Gənclər Birliyinin nümayəndələri
iyulun 9-da Milli Məclisdə olmuşlar. Azərbaycan
parlamentinin fəaliyyəti ilə tanış olan türkiyəli
gənclər Milli Məclisin Sədr müavini Bahar Muradova və
bir qrup millət vəkili ilə görüşmüşlər.
B.Muradova demişdir ki,
Azərbaycan və Türkiyə hər zaman bir yerdə olub və
gələcəkdə də iki ölkənin dostluq və
qardaşlıq münasibətlərini qoruyub saxlamaq, bunu daha
da inkişaf etdirmək məsuliyyəti gənclərin üzərinə
düşür.
Milli Məclis Sədrinin
müavini qeyd etmişdir ki, hər iki ölkədə gəncliyin
inkişafı üçün bütün zəruri
addımlar atılır. Gənclər də bundan maksimum dərəcədə
bəhrələnməli, dövlətçiliyimizin,
dostluğumuzun möhkəmlənməsində, ortaq problemlərimizin
həllində qətiyyətli mövqe nümayiş etdirməlidirlər.
B.Muradova türkiyəli
gənclərin ölkəmizə əlamətdar bir hadisə
- ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin
40 illiyinin qeyd olunduğu ərəfədə səfər etmələrini
yüksək qiymətləndirmiş, ümummilli liderin Azərbaycan
gəncliyinə diqqət və qayğısından
danışmışdır. O qeyd etmişdir ki, Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi 40 il Azərbaycanın
yüksəliş və inkişaf dövrü olmuşdur. Bu
gün həm Azərbaycan, həm də Türkiyə gəncləri
bu böyük şəxsiyyətin dühasından
faydalanırlar.
İki ölkənin gələcək
əməkdaşlığının inkişafı bizim əlimizdədir,-
deyən Türkiyə Ədalət və İnkişaf
Partiyası Gənclər Birliyinin sədri Fatih Şahin belə
bir əlamətdar hadisə ərəfəsində Azərbaycana
səfər etməkdən qürur duyduqlarını
bildirmişlər.
O qeyd etmişdir ki, eyni
məqsəd, eyni amal uğrunda birgə fəaliyyətin
genişləndirilməsi üçün bundan sonra da əllərindən
gələni edəcəklər.
Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov
isə yaxın zamanlarda ümumi maraqlara xidmət edən Azərbaycan-Türkiyə
Gənclər Günü adı altında yeni layihə həyata
keçirəcəklərini bildirmişdir.
Milli Məclisin
deputatları Rövşən Rzayev, Fuad Muradov gənclərə
tövsiyələrini vermiş, onlara uğurlar
arzulamışlar.
Azərbaycan.- 2009.- 10 iyul.- S. 3.