Azərbaycan Xarici İşlər
Nazirliyinin muzeyi yaradılmışdır
Muzeydə Azərbaycan
diplomatiyasının zəngin tarixini əks etdirən arxiv
materialları, sənədlər toplanılmışdır. Bu
materialların və sənədlərin bir çoxu Cenevrədəki
Millətlər Liqasının, Türkiyənin,
İtaliyanın, Fransanın, Çexiyanın, Böyük
Britaniyanın arxivlərindən, habelə Milli Arxiv Fondundan əldə
olunmuşdur. Onların arasında Azərbaycan
Respublikasının Parisdəki sülh nümayəndə heyətinə
təqdim etdiyi "Qafqazda Azərbaycan Respublikası"
adlı arayış, Azərbaycan Respublikasının Millətlər
Cəmiyyətinə qəbul edilməsi müraciəti ilə
bağlı Baş katibin memorandumu, Millətlər Cəmiyyəti
Assambleyası Baş katibinin Ə.M.Topçubaşova Azərbaycanın
Millətlər Cəmiyyətinə qəbul edilməsi ilə
bağlı müraciətinə cavab məktubu kimi bir
sıra maraqlı sənəd və materiallar vardır.
Bundan əlavə, muzeydə
ulu öndər Heydər Əliyevin və Azərbaycan
Prezidenti İlham Əliyevin xarici siyasətinə dair
materiallar toplanmışdır.
Muzeydə
toplanılmış sənədlər mərasimdə
iştirak edən Azərbaycanın xarici ölkələrdəki
səfirləri və digər rəsmi şəxslər tərəfindən
maraqla qarşılanmışdır.
Xarici işlər naziri
Elmar Məmmədyarov Azərbaycan diplomatik xidmətinin zəngin
tarixini əks etdirən muzeyin xatirə kitabına ürək
sözlərini yazmışdır.
Mərasimdə Azərbaycanın
Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr
edilmiş "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti.
Sənədlər məcmuəsi" toplusunun və "Azərbaycan
Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920 illər)"
kitabının təqdimatı olmuşdur.
Sənədlər məcmuəsinin
ilk buraxılışı Azərbaycan Respublikasının
diplomatik xidmətinin 90 illiyinə həsr edilmişdir. Minilliklər
boyu dünya siyasətində mühüm yer tutmuş
diplomatiyamızın tarixində AXC dövrü xüsusi
önəm daşıyır. Bu illərdə qurulan Xarici
İşlər Nazirliyi dövlətimizin müstəqil xarici
siyasətini həyata keçirərək tariximizə
qızıl hərflərlə yazılmışdır.
Məcmuədə nəşr
edilən sənədlər AXC xarici siyasətinin az öyrənilmiş
səhifələrinə aydınlıq gətirir. Sənədlərin
Azərbaycan dilinə tərcümə edilməsi bu işi
daha da asanlaşdırır. Bir sıra materiallar ilk dəfə
nəşr edilir.
Sənədlər məcmuəsi
Azərbaycan Respublikası səfirliklərinin, nümayəndəliklərinin
və konsulluqlarının birgə əməyinin nəticəsidir.
"Azərbaycan Xalq
Cümhuriyyətinin xarici siyasəti (1918-1920 illər)"
kitabında isə 1918-1920-ci illərdə Azərbaycan
diplomatiyasının keçdiyi çətin və şərəfli
yol araşdırılmışdır. Kitabın müəllifi
tarix elmləri doktoru, professor Cəmil Həsənli Azərbaycan,
Türkiyə, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və
digər ölkələrin nadir sənədlərinə əsasən
AXC-nin xarici siyasətinin maraqlı mənzərəsini yarada
bilmişdir. Kitabda istifadə edilmiş sənədlərin
bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilmişdir.
Bu kitabda AXC-nin ilk xarici
siyasət addımları, Bakının erməni-bolşevik
işğalından azad edilməsi uğrunda diplomatik
mübarizə, qonşu dövlətlərlə münasibətlər,
Paris Sülh konfransı tərəfindən Azərbaycanın
müstəqilliyinin tanınması haqqında oxuculara
geniş məlumat verilir.
AzərTAc
Azərbaycan.- 2009.- 10 iyul.- S. 4.