İsrailin Hadera şəhərindəki küçələrdən birinə ulu öndər Heydər Əliyevin adı veriləcək

 

İsrailin ən qədim şəhərlərindən olan, təməli əslən Latviya və Litvadan olan mühacirlər tərəfindən qoyulmuş Haderanın küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının veriləcəyi gözlənilir.

İsrailin iri şəhərlərindən birindəki küçələrdən birinə ulu öndərin adını vermək təklifini bu ölkənin Prezidenti Şimon Peres iyunun 28-29-da Bakıya səfərindən qayıdandan sonra irəli sürmüşdür. Prezident bu təkliflə ölkənin xarici işlər naziri Aviqdor Libermana müraciət etmiş, o da öz növbəsində, "İsrail bizim evimizdir" (İBE) partiyasının sədri kimi partiyanın baş katibi və bələdiyyə komissiyasının üzvü, Knessetin deputatı Fain Kirşenbaumdan xahiş etmişdir ki, yaxın gələcəkdə hansı şəhərdə yeni küçələrə ad veriləcəyini yoxlasın. Bu halda sakinləri arasında əslən Azərbaycandan olanların çoxluq təşkil etdiyi şəhərlərə üstünlük verilmişdir.

İBE partiyasının baş katibi öz seçimini XIX əsrin axırlarında Latviyadan və Litvadan gəlmə mühacirlərin saldığı, əhalisinin sayı 80 minə yaxın olan Hadera şəhəri üzərində saxlamışdır. Şəhər merinin müavini, İBE partiyasının üzvü Roman Gişer yaxın vaxtlarda bu təklifi küçələrə ad verilməsi üzrə bələdiyyə komissiyasının müzakirəsinə təqdim etmək fikrindədir. Yeri gəlmişkən, iyun ayında İsrail-Azərbaycan parlament assosiasiyasının rəhbəri vəzifəsinə də İBE-nin nümayəndəsi - Knessetdə bu partiyanın fraksiyasının sədri Robert İlatov seçilmişdir.

İsrailin bu iri şəhərindəki küçələrdən birinə ulu öndər Heydər Əliyevin adının verilməsi son dövrlərdə Qüds və Bakı arasında müşahidə olunan yaxınlaşmanın daha bir təzahürü olacaqdır.

 

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 4.