"Danışıqlar Azərbaycanın diktəsi
altında gedir"
Dövlətlərinin
işğalçı olduğunu, Azərbaycanın tam
diplomatik qələbə əldə etdiyini, habelə qüdrətli
hərbi gücə malik olduğunu etiraf edən Ermənistanın
prezidenti, deputatları və siyasi analitikləri artıq
öz vətəndaşlarını da güzəştlərə
hazır olmağa çağırırlar.
Azərbaycanın Ermənistan
üzərində tam diplomatik qələbə əldə
etdiyi və bu qələbənin işğal altında olan ərazilərin
tezliklə azad olunması ilə müşayiət
olunacağı artıq təcavüzkar ölkənin
özündə də etiraf olunmaqdadır. Bununla
yanaşı, Ermənistanda açıq şəkildə
deyilir ki, Dağlıq Qarabağ münaqişəsilə
bağlı bütün şərtləri indi birmənalı
şəkildə məhz Azərbaycan diktə edir.
Dağlıq
Qarabağın statusu gələcəyin işidir
Prezident İlham Əliyevin
Rusiya Dövlət televiziya kanalının "Vesti v
subbotu" verilişinin aparıcısı Sergey Brilyova verdiyi
müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsilə bağlı səsləndirdiyi
fikirlər ermənilərdə danışıqlar prosesinə
bilavasitə rəsmi Bakının nəzarət etməsinə
dair əminliyi daha da möhkəmləndirib. Xatırladaq ki,
müsahibədə Prezident İlham Əliyev münaqişənin
sülh yolu ilə həllini nəzərdə tutan olduqca
maraqlı məqamlar barəsində danışıb: "Mahiyyət
etibarilə razılıq əldə edilmişdir ki,
işğalçı Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş ərazilərindən
çıxarılmasına başlanmalı, hazırda
Dağlıq Qarabağda yaşayan vətəndaşların
və işğal edilmiş ərazilərə, o cümlədən
Dağlıq Qarabağa qayıdacaq, milliyyətcə azərbaycanlı
olan vətəndaşların da təhlükəsizliyinə
beynəlxalq zəmanət təmin edilməlidir. Biz hesab edirik
ki, indiki halda siyasi zəmanətlər hərbi və ya hər
hansı sülhməramlı zəmanətlərdən qat-qat
sanballıdır".
İşğal
olunmuş ərazilərin statusu barədə söz
açarkən Prezident İlham Əliyev qeyd edib ki, hazırda
qəbul olunan təkliflərdə status məsələsi
yoxdur: "Dağlıq Qarabağın statusu məsələsinə
gəldikdə isə, bu, gələcəyin işidir. Bu
gün bizim müzakirə etdiyimiz, qəbul etdiyimiz və
razılaşdırdığımız təkliflərdə
status məsələsi yoxdur. Əgər mövqelərin
razılaşdırılması üçün bu mövzu
yenidən ilkin şərt kimi irəli sürülərsə,
biz heç nəyə nail olmayacağıq. Buna görə də
real həyatda olanları başa düşmək
lazımdır. Əlbəttə, biz Dağlıq
Qarabağın müstəqil dövlət kimi mövcud
olmasını mümkün hesab etmirik və Azərbaycan
heç vaxt buna razılıq verməyəcəkdir. Bizə
belə gəlir ki, erməni tərəfi bunu başa
düşür... Zənnimcə, əgər Ermənistan tərəfi
siyasi iradə göstərsə və hər bir halda
atmalı olduğu addımları atsa, işğal edilmiş
bütün ərazilərdən çıxsa, azərbaycanlılar
Şuşaya, Dağlıq Qarabağa qayıdandan sonra gələcəkdə
biz, təbii ki, statusun müəyyən edilməsi məsələsini
də müzakirə edəcəyik. Əlbəttə,
Dağlıq Qarabağın müəyyən statusu
olmalıdır. Biz bunu başa düşürük. Lakin bir
daha deyirəm, biz həmin statusu suveren Azərbaycan dövlətindən
kənarda təsəvvür etmirik".
Prezident İlham Əliyev
onu da bildirib ki, Minsk qrupu həmsədrlərinin təkliflərində
də mövcud olan xronologiyaya əsasən, sazişlər
imzalandıqdan dərhal sonra birinci mərhələdə Ermənistan
qoşunlarının beş rayondan çıxarılması
nəzərdə tutulur: "Ermənistanla Dağlıq
Qarabağ arasında yerləşən Kəlbəcər və
Laçın rayonlarından erməni silahlı qüvvələrinin
çıxarılmasını məhz həmin rayonların
coğrafi şəraiti nəzərə alınmaqla, saziş
qüvvəyə minəndən beş il sonra təmin etmək
nəzərdə tutulur. Bizim fikrimizcə, bu, kompromis müddətdir
və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik
tədbirləri təmin edilməlidir ki, hər iki tərəfin
sülhsevər xarakterinə heç kəsin şübhəsi
olmasın".
Ermənistan rəsmiləri Prezident İlham Əliyevin
zamanla reallığa çevrilən bəyanatlarına
reaksiya verməkdə acizdirlər
Prezident İlham Əliyevin
səsləndirdiyi fikirləri şərh edən Ermənistan
parlamentinin sabiq spikeri, hazırda müstəqil deputat olan
Tiqran Torosyan qeyd edir ki, rəsmi Yerevandan fərqli olaraq, Azərbaycan
tərəfi adətən, danışıqların mahiyyəti
barədə daha düzgün məlumat verir:
"Dağlıq Qarabağın statusu ilə bağlı
Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri ilk
növbədə onunla və xarici işlər naziri Elmar Məmmədyarovla
danışıqlar aparan Ermənistanın müvafiq rəsmi
şəxsləri şərh etməlidir. Lakin təəssüf
ki, onlar Prezident İlham Əliyevin zamanla reallığa
çevrilən belə bəyanatlarına tez-tez reaksiya verə
bilmirlər".
Tiqran Torosyan daha bir maraqlı
məqama toxunaraq bildirir ki, aparılan
danışıqların mahiyyəti, hansı addımlardan
sonra nələrin baş verəcəyi barədə Azərbaycan
tərəfi dəqiq mövqe ifadə etsə də, Ermənistanda
bu, müşahidə edilmir: "Prezident İlham Əliyev
açıq şəkildə bildirir ki, hazırda
danışıqlar prosesində status məsələsi
gündəmdə deyil və Ermənistan tutduğu əraziləri
boşaltmalıdır. Ermənistan rəhbərliyi isə
konkret mövqe səsləndirmir və rəsmi səviyyədə
verilən açıqlamalar yalnız ictimai fikrin manipulyasiya
edilməsinə yönəlib. Görünən odur ki, hər
şey artıq Azərbaycanın diktəsi altında baş
verir".
"Biz ermənilər Azərbaycan muğamı
altında rəqs edirik"
Ermənistan parlamentinin
"İrs" partiyasından olan deputatı, bu ölkənin
ilk ombudsmanı Larisa Alaverdyan da etiraf edir ki, rəsmi Yerevanın
həyata keçirdiyi diplomatiya Azərbaycanın təsiri
altındadır: "Bu gün Ermənistan diplomatiyası vəziyyətə
əsasən işləyir və ciddi şəkildə Azərbaycanın
təsirlərinə məruz qalır. Belə vəziyyət
yaranıb ki, sanki biz Azərbaycan muğamı altında rəqs
edirik. Ermənistan tərəfinin passiv və heç bir təşəbbüslə
müşayiət olunmayan mövqeyi Ermənistanı Azərbaycanın
diplomatiya oyununun bir hissəsinə çevirib".
Yerevanda yerləşən
Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin
direktoru Riçard Girakosyan isə qeyd edir ki, Prezident İlham Əliyevin
açıqladığı məqamlar Minsk qrupunun bir
müddətdir üzərində işlədiyi məsələlərdir:
"Bu, bir tərəfdən Mətyu Brayzə və başqa
rəsmilərin Qarabağ danışıqları və
Türkiyə-Ermənistan dialoqunun paralel proseslər şəkilndə
cərəyan etməsi haqda optimizmini təsdiqləyir. Eyni
zamanda optimizm və Moskva görüşünə ümidlər
Prezident İlham Əliyevin bu fikirlərində öz təsdiqini
tapır. Ən mühüm məsələ isə odur ki, bir
yandan Rusiya Prezidenti Medvedev Bakıya son səfəri zamanı
Azərbaycanla münasibətləri
yaxşılaşdırmaq və güman ki, erməniyönlü
siyasətindən uzaqlaşmaq istəyini göstərdi".
Serj Sarkisyan işğal etdikləri ərazilərin
onlara aid olmadığını etiraf edir
Ermənistan parlamentinin
deputatları və digər siyasətçiləri ilə
yanaşı, bu ölkənin Prezidenti Serj Sarkisyan da
Dağlıq Qarabağ münaqişəsilə əlaqədar
kifayət qədər maraqlı etiraflar edir. Belə ki,
Yerevanda azərbaycanlı ziyalılarla görüşdə
Serj Sarkisyan işğal etdikləri ərazilərin onlara aid
olmadığını etiraf edib: "Mən bilirəm ki,
xalqlarımız arasında böyük problemlər var. 100
faiz həm Azərbaycan, həm də erməni xalqı istəyir
ki, bu problemlər həll olunsun. Mən həm 1993, 1995, 1998 və
2002-ci illərdə də deyirdim ki, Ağdam bizim olmayıb. Bunu
onda da anlayırdım. İndi də anlayıram".
Ermənistan prezidentilə
görüşdə iştirak edən Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlunun sözlərinə
görə də, Serj Sarkisyan işğal etdikləri ərazilərin
onlara aid olmadığını bildirib: "Ermənistan
prezidenti görüşdə digər etiraflar da edib. Deyib ki,
hər iki tərəfin ədalətli qərarlar verməsi
lazımdır, amma hər kəsin ədalətli qərarı
özünə görədir".
Bundan əvvəl isə
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da
Dağlıq Qarabağ ermənilərinə xitabən
bildirmişdi ki, işğal olunmuş ərazilərdən
çıxmaq lazımdır. Ekspertlər belə hesab edir ki,
Dağlıq Qarabağ münaqişəsilə bağlı
danışıqların indiki mərhələsində Ermənistan
rəhbərliyi səviyyəsində bu qəbildən olan bəyanatların
sayı daha da artacaq. Çünki münaqişənin
artıq mərhələli şəkildə həllinin
vacibliyi Ermənistanda yaxşı dərk olunmağa
başlayıb. Aparılan sosioloji sorğular göstərir
ki, Ermənistan ictimaiyyəti də Dağlıq Qarabağ
münaqişəsinin həllinin uzanmasından ciddi şəkildə
narahatdır və üzləşdikləri sosial-iqtisadi
problemlərin əsas səbəbini məhz bu münaqişədə
görürlər. Bu məqamı erməni politoloq Suren
Surenyan belə şərh edir: "Dağlıq Qarabağ
münaqişəsi Türkiyə və Azərbaycanla əlaqələrimizin
kəsilməsinə səbəb olub. Gürcüstanla olan sərhədlərimizdə
tez-tez problem yaşanır. İranla sərhədlərimiz isə
coğrafi baxımdan əlverişsizdir. Bu səbəbdən
bizim üçün başlıca olanı Türkiyə və
Azərbaycanla sərhədlərin açılmasına nail
olmaqdır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin
həllindən keçir. Ermənistan rəhbərliyi
başa düşməlidir ki, münaqişənin həllinin
uzanması gördüyümüz zərərin artması deməkdir.
Xalq da münaqişənin tezliklə həll olunmasını
istəyir".
Müharibənin başlaması Ermənistan
üçün tam fəlakət olar
Politoloq onu da
vurğulayır ki, Ermənistan üçün məqbul
variant münaqişənin mərhələli şəkildə
həlli prinsipinin reallaşdırılmasıdır: "Azərbaycanın
da bu variantı qəbul etdiyini nəzərə alsaq, onda vaxt
itirmədən problemin həllinə nail olmaq olar. Münaqişənin
mümkün qədər tez həll edilməsi isə Ermənistan
üçün olduqca vacibdir. Çünki bu münaqişə
həll edilmədən Ermənistan nə tam müstəqil
dövlət olacaq, nə də iqtisadi vəziyyət
yaxşılığa doğru dəyişəcək. Müharibənin
başlaması isə bizim üçün tam fəlakət
olardı. Çünki Ermənistan bugünkü Azərbaycanla
müharibə aparmaq iqtidarında deyil".
Ermənistanın
"Aykakan Jamanak" qəzeti isə yazır ki, Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar rəsmi
Yerevan həm beynəlxalq birlik, həm də ölkə
daxilində ciddi təzyiqlərlə üzləşməkdədir.
O da vurğulanır ki, artıq Azərbaycan diplomatiyası
beynəlxalq birliyin diqqətini münaqişə üzərində
cəmləşdirə və Ermənistanı işğalçı
tərəf kimi tanıtdıra bilib: "Həmçinin Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə
qalmasının region üçün nə dərəcədə
təhlükəli olduğunu da dünya ictimaiyyətinə
çatdırıb. Buna qarşı Ermənistan
diplomatiyasının zəifliyi son nəticədə münaqişənin
mümkün qədər tez həllinə nail olunması
üçün rəsmi Yerevana təzyiqlərin artması ilə
nəticələnib".
Bununla yanaşı, qeyd
edilir ki, sabiq Prezident Levon Ter-Petrosyanın rəhbərliyi
altında ölkə müxalifətinin güclənməkdə
davam etməsi də Serj Sarkisyan hakimiyyəti üçün
əlavə problemlər yaradır: "Xalqın
düşdüyü ağır duruma görə hakimiyyətdən
üz döndərməsi Sarkisyan iqtidarına yaxşı məlumdur.
Özünə beynəlxalq dəstək qazanmaqda isə bu
gün Sarkisyana problem yaradan əsas məsələ ölkədə
demokratiyanın boğulması və Dağlıq Qarabağ
münaqişəsidir. Real şəraitdə isə xalqda və
beynəlxalq aləmdə Sarkisyana müəyyən rəğbət
yarada biləcək məsələ kimi yalnız
Dağlıq Qarabağ münaqişəsinin həllində
atılacaq addımlar çıxış edir. Bu sahədə
hadisələr Azərbaycanın lehinə inkişaf etsə də,
Sarkisyan iqtidarı münaqişənin həllilə
bağlı ciddi addımlar atmağa
hazırlaşır".
Beləliklə, Ermənistanda
yaranan ümumi əhvali-ruhiyyənin təhlili göstərir
ki, bu ölkədə Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı bütün vəziyyətə Azərbaycanın
nəzarət etdiyi açıq etiraf edilir. Həmçinin
münaqişə davam edəcəyi təqdirdə Ermənistanın
daha böyük fəlakətlərlə üzləşəcəyi
yaxşı başa düşülür. Görünür,
elə bu səbəbdəndir ki, ən yüksək səviyyədə
Ermənistanın özgə torpaqlarını işğal
etdiyi bildirilir və bununla Ermənistan ictimaiyyətinə
mesaj verilir ki, artıq Azərbaycan ərazilərindən
çıxmağın vaxtıdır. Yəni, indidən Ermənistan
ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllini nəzərdə tutan hadisələrin inkişaf
ssenarisinə hazırlanır. Bu da tezliklə Azərbaycan ərazilərinin
işğalçı qüvvələrdən təmizlənməsi
prosesinin başlanacağından xəbər verir.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 10 iyul.- S. 4.