XX əsr Azərbaycan tarixinin ən parlaq siması, fenomenal şəxsiyyət Heydər Əliyev xalqımızın taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı azadlıq, müstəqillik kimi ideallara qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında milli dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Respublikaya rəhbərlik etdiyi 40 ilə yaxın müddətdə ulu öndər milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, bütün zəngin və mənalı həyatı boyu xalqını, vətənini düşünmüş, Azərbaycanın çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.
Ümummilli lider Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin dövrdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyinə təminat yaradan başlıca amil kimi nəzərdən keçirmək lazımdır. Hələ ötən əsrin 70-80-ci illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit formalaşdıran ulu öndər Heydər Əliyev xalqın məhz bu möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Bugünün zirvəsindən baxdıqda o illərdə Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. O illərdə elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırlamışdır.
Ulu öndər 70-ci illərdə paytaxt Bakının kosmopolit ruhlu kadr potensialından azad olması üçün milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini mühüm məsələ kimi önə çəkmişdir. Həmin illərdə milli-mütərəqqi fikrin, ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də ulu öndərin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev böyük strateq olaraq yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs verən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar.
Ulu öndər Heydər Əliyevin nəcib mənəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınması, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur. Ulu öndər universitetə hər zaman müqəddəs məbəd kimi yanaşmış, bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə hətta sərt addımlardan belə çəkinməmişdir. Məhz Heydər Əliyev dühasının qətiyyəti hesabına universitetdə bilik yeganə meyar kimi qorunmuş, bir sıra nüfuzlu ixtisaslara qəbul zamanı yol verilən nöqsanların qarşısı alınmış, sıravi vətəndaşların övladlarının nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdır.
1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilən böyük strateq yaxşı başa düşürdü ki, ölkədə iqtisadi cinayətkarlığa - rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi üçün ilk növbədə Azərbaycan Dövlət Universitetində (hazırkı BDU) yüksək savada, mənəvi-əxlaqi keyfiyyətlərə malik, vətənpərvər ruhlu hüquqşünas kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan, ulu öndərin respublikamıza rəhbər seçilməsi yarandığı 1928-ci ildən mürəkkəb və həm də şərəfli inkişaf yolu keçmiş hüquq fakültəsinin tarixində tamamilə yeni səhifənin başlanğıcı kimi xatırlanır.
Ötən əsrin 50-60-cı illərində o vaxtkı ittifaq rəhbərliyi tərəfindən həyata keçirilən yarıtmaz planlaşma siyasəti üzündən bütövlükdə hüquqşünas kadr hazırlığının səviyyəsi aşağı düşmüş, respublikada bu sahədə çalışan təcrübəli mütəxəssislərə ciddi ehtiyac yaranmışdı. Hüquqşünas kadrların hazırlanmasında yaranmış durğunluq, geriləmə, cəmiyyətdə hökm sürən hüquqi nihilizm o zamankı sovet rəhbərliyini də bu siyasətin acı fəsadları barədə düşünməyə məcbur etmişdi. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin ölkədə "Hüquq təhsilinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında" 16 iyun 1964-cü il tarixli qərarında narahatlıqla vurğulanırdı ki, son illərdə ali təhsilli hüquqşünas buraxılışının sayı xeyli dərəcədə aşağı düşmüş, əyani şöbələrin məzunlarının sayı iki dəfədən çox azalmışdır. Bununla belə, o zaman Azərbaycanda vəziyyətin əsaslı şəkildə dəyişdirilməsi istiqamətində hansısa ciddi addımlar atılmamışdı.
Digər tərəfdən də o illərdə bəzi neqativ hallar üzündən sıravi vətəndaşların hüquq fakültəsinə daxil olması əlçatmaz məsələyə çevrilmişdi. Hüquq fakültəsi "imtiyazlı" bir təbəqənin - "sovet-partiya elitası"nın inhisarında olduğundan, qəbul prosesində adamsız, sadə gənclərə müxtəlif problemlər yaradılırdı. Burada əsasən yüksək vəzifəli partiya və sovet məmurlarının, hüquq-mühafizə və dövlət orqanları əməkdaşlarının övladları təhsil alır, fəhlə-kəndli ailəsindən, orta ziyalı təbəqəsindən çıxan gənclərin həmin fakültəyə qəbul olunmaq imkanları məhdudlaşdırılırdı. Sadə və orta imkanlı ailələrdən olan gənclərin hüquq fakültəsinə qəbulunun qarşısına isə hansısa arayışlar, staj, yaxşı xarakteristika, zəmanət, komsomol tərifnaməsi və digər süni maneələr qoyulurdu. Belə sənədləri əldə etmək isə yalnız sovet-partiya elitası təmsilçilərinin övladları üçün asan məsələ idi. Nəticədə hüquq fakültəsində daha çox savadsız, hüquqşünas adını daşımağa layiq olmayanlar təhsil alır, bütün bunlar isə hüquq fakültəsinin və universitetin təqsiri olmayıb o zamankı sistemin xarakterindən irəli gəlirdi.
Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk gündən bu neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə aparılması üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdur. 70-ci illərin əvvəllərində bir sıra ali təhsil ocaqlarının, o cümlədən universitetin rəhbərliyi dəyişdirilmiş, bəzi xoşagəlməz stereotiplərin aradan qaldırılmasına başlanılmışdır. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addım-addım gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə universitetin hüquq fakültəsi yenidən istedadlı gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, hüquqşünas kadr hazırlığı işi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Eyni zamanda həmin illərdə hüquq fakültəsinə qəbul prosesində fəhlə və zəhmətkeş övladlarına üstünlük verilməsi də ulu öndərin insanpərvər və ədalətli insan olduğunu bir daha təsdiqləyir. Məhz bu qətiyyətli tədbirlərin nəticəsi olaraq o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi əvvəlki hörmət və nüfuzunu bərpa etmiş, yüksək səviyyəli hüquqşünas kadrların hazırlığı prosesində aparıcı statusunu qorumuşdur. Böyük strateq Heydər Əliyev özü sonralar bu qərarının obyektiv zərurətdən irəli gəldiyini vurğulayaraq demişdir:
...70-ci illərdə universitetin hüquq fakültəsinə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs, o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt o cümlədən, tarix və şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, "Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi". Mən bütün bunları millətimizə görə etdim".
Ulu öndər yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması ilə bağlı yerlərdən gələn mütərəqqi fikirlərə də daim həssaslıqla yanaşmış, onların həyata keçirilməsinə hər cür şərait yaratmışdır. Bir faktı xatırlatmaq kifayətdir ki, hələ 1972-ci ildə hüquq fakültəsinin rəhbərliyi fakültənin professor-müəllim heyəti adından ümummilli liderə rəsmi məktubla müraciət edərək qəbul prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini irəli sürmüşdü. Məktubda göstərilirdi ki, hüquq fakültəsinə qəbul təkmilləşdirilməli, ən istedadlı və savadlı gənclərin fakültəyə qəbulu təmin edilməli, tədris işinin səviyyəsi qaldırılmalı, gələcək hüquqşünas kadrların nəzəri hazırlığı gücləndirilməlidir. Bu müraciətdən sonra hüquq fakültəsi müəllimlərinin həmin fakültəyə qəbul prosesində səlahiyyətli iştirakına icazə verilmişdir. Bu isə qəbul prosesində abituriyentlərin biliyinin düzgün qiymətləndirilməsinə, hüquq fakültəsinə savadlı və istedadlı gənclərin daxil olmasına yaxşı imkanlar açmış, qəbulun obyektiv və şəffaf keçməsini təmin etmişdi.
Böyük öndərin ötən əsrin 70-80-ci illərində minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və vətənpərvərliyinin əyani təcəssümüdür. Bu qayğı sayəsində hüquqşünas ixtisasına yiyələnən, peşəkar hüquqşünas kimi hazırda respublikamızda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı işinə töhfəsini verən, habelə hüquqşünas kadrların hazırlanması ilə məşğul olan insanlar öz talelərinə, peşə və karyeralarına görə məhz Heydər Əliyevə borclu olduqlarını birmənalı etiraf edirlər.
Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Həmin illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda tətbiqi məqsədini daşımışdır. Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərar da məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali ixtisas məktəblərində hüququn əsaslarının tədrisi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsi ilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı işləyib hazırlamaq tələbi irəli sürülürdü. Məzmunundan da göründüyü kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar o dövrün sosial eybəcərliklərinə, acı ictimai-mənəvi gerçəkliklərinə, o zamankı partiya-sovet-təsərrüfat elitasının volyuntarizminə və özbaşınalığına, hüquqi nihilizm və inzibati-amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi. O zaman bu qərarın bütün respublikada böyük əks-sədası olmuş, onun müddəalarının həyata keçirilməsi məqsədilə kompleks tədbirlər hazırlanaraq həyata keçirilmişdi.
Hüquqi biliklərin təbliği işi hüquq fakültəsi kollektivinin fəal iştirakı ilə 80-ci illərdə də davam etdirilmiş, 1981-ci ildə fakültənin professor-müəllim heyətinin təşəbbüsü və yaxından iştirakı ilə SSRİ-nin xarici siyasəti məsələlərinin öyrənilməsi üçün daimi ümumuniversitet lektoriyası yaradılmışdı. Universitetin hüquq fakültəsi sonrakı illərdə də respublikada hüquqi-siyasi fikrin düzgün məcrada inkişafında, cəmiyyət üçün layiqli hüquqşünas kadrların hazırlanması prosesində fəal iştirak etmişlər. Məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 70-80-ci illərdə universitetdə hüquq fakültəsinin işi ən yüksək səviyyədə təkmilləşdirilmiş, fakültənin ictimai və elmi-pedaqoji funksionallığının artması ilə nəticələnmişdi. Fakültə həmin illərdə həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən xeyli inkişaf etmiş, onun ictimai nüfuzu artmışdı.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində respublikada bir sıra obyektiv və subyektiv səbəblər üzündən hökm sürən böhran, xaos və anarxiya mühitinin neqativ təsirləri özünü elm, təhsil sistemində də qabarıq büruzə vermiş, o cümlədən universitetin normal iş ahəngini pozmuşdu. 1993-cü ilin ortalarında vəziyyətin son dərəcə dözülməz həddə çatdığını görən müdrik xalqımız çıxış yolunu məhz böyük strateq, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görmüşdü. Xalqın təkidli tələbi və istəyi ilə 1993-cü ilin 9 iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür.
Ulu öndərin təşəbbüskarlığının və yorulmaz səylərinin nəticəsi kimi 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq referendumunda qəbulu ilə respublikamız insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyətinə doğru inamla irəliləmək əzmini nümayiş etdirmişdir. Ümummilli lider Heydər Əliyev hüquqi, demokratik dövlət quruculuğu prosesində bir vaxtlar məzunu olduğu Bakı Dövlət Universitetinin də müstəsna rolunu və elmi potensialını yüksək dəyərləndirmiş, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır.
Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. "Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır.
Böyük strateq Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də hüquq elminin bugünkü inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümumilikdə, hüquq elminin 70-80-ci illərdəki böyük nailiyyətləri müstəqillik illərində də aktuallığını qoruyub saxlamış, bu sahədə fundamental axtarışların aparılmasında fundamental zəmin rolunu oynamışdır. Eyni zamanda sentyabr ayında yaranmasının 90-cı ildönümü yüksək səviyyədə qeyd olunacaq BDU-nun ötən müddətdə keçdiyi şərəfli yol da bilavasitə Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Respublikanın ən qocaman, nüfuzlu, sanballı ali təhsil ocaqlarından olan BDU yüksək elmi siqlətə, kadr potensialına, maddi-texniki bazaya malik elmi təsisat kimi öncül mövqelərini bu gün də qoruyub saxlayır. BDU-nun hazırladığı mütəxəssislərin, o cümlədən hüquqşünas kadrların diplomları dünyanın əksər dövlətlərində tanınır, yüksək ixtisaslı kadr kimi qəbul olunurlar.
Hazırda fakültədə "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrası, "Konstitusiya hüququ" kafedrası, "Mülki hüquq" kafedrası, "Cinayət hüququ və kriminologiya" kafedrası, "Cinayət prosesi" kafedrası, "Mülki proses, əmək və ekologiya hüququ" kafedrası, "Kriminalistika və məhkəmə ekspertizası kafedrası", o cümlədən "Kriminalistika laboratoriyası" və "Hüquq klinikası" mövcuddur. Əgər 60 il əvvəl hüquq fakültəsində cəmi bir hüquq elmləri namizədi adını almış müəllim var idisə, indi fakültənin professor-müəllim heyəti 80 nəfərə çatır. Hazırda hüquq fakültəsində bakalavr, magistr pillələri, habelə əlavə təhsil üzrə 2200-dən artıq hüquqşünas kadr hazırlanır.
BDU-nun hüquq fakültəsinin xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə tələbə mübadiləsi də son illər intensiv xarakter almağa başlamışdır. Moskva Dövlət Universitetinin hüquq fakültəsi ilə əməkdaşlıq əlaqələri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Hazırda BDU-nun hüquq fakültəsinin bir neçə tələbəsi təhsilini MDU-nun aspiranturasında davam etdirir. Fakültənin eyni zamanda Sankt-Peterburq Dövlət Universiteti, Kiyev Milli Universiteti, Tbilisi Dövlət Universitetinin hüquq fakültələri, habelə Moskva Dövlət Hüquq Akademiyası, Daşkənd Dövlət Hüquq İnstitutu, Ural Dövlət Hüquq Akademiyası, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və digər mötəbər elm-təhsil ocaqları ilə sıx elmi əlaqələri, əməkdaşlığı vardır.
Universitetdə tətbiq olunan yeniliklərin ayrılmaz hissəsi kimi hüquq fakültəsində də əsaslı dəyişikliklər baş vermiş, bu fakültənin maddi-texniki bazası yenidən formalaşdırılmış, tədris prosesi günün tələblərinə, informasiya texnologiyalarının ən son nailiyyətlərinə uyğun qurulmuşdur. Hüquq fakültəsində aparılan keyfiyyət dəyişiklikləri, hüquqşünas kadrların hazırlanması sahəsində tətbiq edilən yeniliklər ölkədə davamlı olaraq həyata keçirilən hüquq islahatlarının əhəmiyyətli qoluna çevrilmişdir. Fakültənin peşəkar mütəxəssisləri bu gün ölkə vətəndaşları arasında hüquqi maarifləndirmə işinin aparılması, qanunların hazırlanması və şərhi prosesində fəal iştirak edirlər.
2009-cu ilin sentyabrında yaranmasının 90 illiyini təntənə ilə qeyd edəcək Bakı Dövlət Universiteti son beş ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yolu keçmiş, bir sıra uğurlu nəticələrə imza atmışdır. Yarandığı gündən mütərəqqi ictimai düşüncənin əsas mərkəzi olmuş Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesinə əvəzsiz töhfələri bu gün ölkə rəhbərliyi səviyyəsində layiqincə qiymətləndirilir. Son illərdə ali məktəblərə qayğı siyasətinin mühüm tərkib hissəsi olaraq universitetin hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi bunu bir daha təsdiqləyir. 2008-2009-cu dərs ili qarşısında universitetin yeni tədris korpusunun istifadəyə verilməsi də Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı, habelə rektor Abel Məhərrəmovun məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Uzun illərdən bəri tikintisi yarımçıq qalmış bu tədris korpusunun qısa müddətdə və müasir tələblər səviyyəsində inşası, eyni zamanda, universitetin cəmiyyət həyatındakı müstəsna roluna verilən yüksək dəyərin ifadəsidir.
Xatırlatmaq yerinə düşər ki, BDU-nun yeni istifadəyə verilən tədris korpusunun inşasına hələ 1991-ci ildə başlanılsa da, sonradan maliyyə problemləri üzündən burada işlər dayandırılmışdı. Lakin son illərdə açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının artması yeni korpusun tez bir zamanda istifadəyə verilməsi zərurətini yaratmışdı. Bu zərurət nəzərə alınaraq 2006-cı ildə tədris korpusunda yenidən əsas inşaat işlərinə başlanılmış, həmin il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdır. 2008-ci il mayın 20-də dövlət başçısı tərəfindən imzalanmış "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamla Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə 4,6 milyon manat vəsaitin ayrılması isə inşaat işlərinin uğurla yekunlaşmasına zəmin yaratmışdır. Sonuncu sərəncamın nəticəsi olaraq yeni tədris korpusunun az bir müddətdə istifadəyə verilməsi mümkün olmuş, universitetin tədris şəraiti, maddi-texniki bazası əsaslı dərəcədə gücləndirilmişdir.
Azərbaycan Prezidentinin Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən tədris korpusunun açılış mərasimində iştirakı və dərin məzmunlu nitqi bu ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən birinə çevrilmiş, yeni dərs ili ərəfəsində professor-müəllim heyətində və çoxsaylı tələbə kollektivində ruh yüksəkliyi doğurmuşdur. Dövlət başçısı təntənəli mərasimdəki çıxışı zamanı Azərbaycanın ali təhsil sistemində özünəməxsus yeri, nüfuzu, sanbalı ilə seçilən Bakı Dövlət Universitetinin fəaliyyətinə bir daha yüksək dəyər vermiş, onun inkişafına bundan sonra da lazımi diqqət ayrılacağını vurğulamışdır: "Bu gün universitetin yeni, gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm. Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".
Bu gün Azərbaycana səfər edən dünyanın ən tanınmış siyasi xadimlərinin, müxtəlif ölkələrin dövlət başçılarının, ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinin Bakıda üz tutduqları əsas ünvanlardan biri də məhz BDU-dur. Eyni zamanda universitetdə təhsil alan tələbələrin, məzunların da səsi dünyanın ən müxtəlif ölkələrindən eşidilir. Bu uğurların əldə edilməsində Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmovun əzmkar fəaliyyəti, rəhbəri olduğu ali təhsil müəssisəsinin yüksəlişi üçün gördüyü işlər xüsusi vurğulanmalıdır.
BDU bu gün həm də milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin mənəvi irsi, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi, idarəetmə fəlsəfəsi öyrənilir və gənc nəslə çatdırılır. Universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" də bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə göstərilməsi, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Bakı Dövlət Universitetinə qayğı siyasətini davam etdirir. Dövlət başçısının 24 aprel 2009-cu il tarixində universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması da məhz bu diqqət və qayğının nəticəsidir. Bu, müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir. Dövlət başçısının sərəncamında vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfə verir.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi, ölkənin sosial-iqtisadi nailiyyətlərinə görə dünyada liderə çevrilməsi, regionların inkişafı, insanların maddi rifah halının yaxşılaşdırılması, Azərbaycanın taleyüklü məsələlərinə xüsusi həssaslıqla yanaşılması və bütün problemlərin xalqın arzuladığı formada həlli Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin və tələbələrinin də istəyini əks etdirir. Eyni zamanda Bakı Dövlət Universiteti bu siyasətə dəstəyini heç zaman əsirgəməyəcəkdir.
Məhəmməd İMANLI,
BDU-nun hüquq fakültəsi
dekanının birinci müavini,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.-
2009.- 10 iyul.- S. 5.