Əsrdən əsrə atılan körpü

 

Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür.

 

Heydər ƏLİYEV

 

Bu il noyabrın 7-də Neft Daşlarının 60 yaşı tamam olacaq.

Neft Daşları karbohidrogen yatağı olaraq Xəzərin zəngin sərvətidir. Bu sərvəti üzə insan zəkası və əməyi çıxarıb - dünya tarixində açıq dənizdə neft ilk dəfə Neft Daşlarında hasil edilib.

Neft Daşları əfsanəvi, Yer üzündə bənzəri olmayan bir şəhərdir. O, dənizdə, polad dirəklər üzərində qurulub, qərar tutub. Xəzərdə, paytaxtımızdan 110 kilometr şərqdə yerləşir.

Neft Daşları igid insanlar məskəni, böyük hünər meydanıdır. O, yalnız cəsurları sevir. Burada heç də hər kəs dözüş gətirib yaşaya, işləyə bilməz. "Neft Daşlarında işləyən hər kəs ən böyük hörmətə layiq insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz..." Bu, ulu öndər Heydər Əliyevin Neft Daşları haqqında söylədiyi yüksək fikirlərdən yalnız biridir.

Neft Daşları təkcə neftimizin, iqtisadiyyatımızın deyil, ümumiyyətlə, xalqımızın tarixinin şanlı səhifələrindən biridir. İnsan əqlinin, zəkasının və əməyinin məhsulu olsa da, Neft Daşlarını dünyanın səkkizinci möcüzəsi adlandıranları qınamaq olmaz.

Bir şəhərin, yaxud nəhəng bir sənaye müəssisəsinin, istehsalat ocağının tarixindən söhbət gedəndə, 60 il o qədər də uzun vaxt deyil. Neft Daşlarının 60 il əvvəl "ilk quyu", "ilk buruq", "ilk evcik"dən başlandığını nəzərə alsaq, onun bu dövr ərzində qazandığı nailiyyətləri, indiki yüksəlişini daha aydın görərik.

Azərbaycanın bu gün neft diyarı kimi şöhrətini daha da artırmasında, üstəlik, həm də qaz ixrac edən ölkəyə çevrilməsində Neft Daşlarının payı az deyil. Hazırda Xəzərdə gedən nəhəng işlərin təməl daşları da məhz Neft Daşlarıdır. Neft Daşları olmasaydı, nə "Günəşli", nə "Çıraq", nə də "Azəri" yataqları olardı.

"Neft Daşları - 60" rubrikasını açmaqla məhz bu yüksəliş yolunu qəzetdə işıqlandırmaq niyyətindəyik. Neft Daşlarını fəth edənləri xatırlatmaq istəyirik. Neftçilərin, geoloqların, alimlərin xatirələrini dərc etmək fikrindəyik. Neft Daşlarının fatehlərindən çoxu indi yaşamasa da, onların yetirmələrinin, övladlarının da yəqin ki, deməyə sözü olacaq.

Ümummilli lider Heydər Əliyev Neft Daşlarının inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu öndərin dəfələrlə dəniz şəhərində olması bu barədə çox söz deyir. Şübhəsiz ki, Xəzərin fatehlərindən bu görüşlər barədə ürəkdolusu danışmaq istəyənlər də az deyil.

Bizsə başlanğıcda hələlik Neft Daşlarının tarixindən bəzi səhifələri yada salırıq:

 

***

 

Bu gün Azərbaycan dünya iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində öz sözünü deyir. Ölkəmiz qədim neft diyarı, ilk dəniz neftinin beşiyi, "neft akademiyası" olduğunu bir daha təsdiqləyir. 1994-cü il sentyabrın 20-də dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycana getdikcə daha çox iqtisadi güc və siyasi nüfuz gətirməkdədir.

"Əsrin müqaviləsi" ilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyası başlanmışdır. Ulu öndər özünün bir əsrə deyil, əsrlərə hesablanmış bu uzaqgörən strategiyasına gedən yolun məhz Neft Daşlarından üzübəri istiqamət aldığını dəfələrlə vurğulamışdır. XXI əsrin astanasında ulu öndər demişdir: "Biz yeni əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur".

Neft Daşlarına gedən yol heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin varlığına dair ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX əsrin birinci yarısında tədqiqatlar davam edib. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin rəhbərliyi ilə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlanıb. Xəzərin tufanları qoynunda mürəkkəb və gərgin axtarışlar davam edib. Nəticədə rayonun geoloji xəritəsi hazırlanıb, sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılıb.

Qarşıya qoyulmuş məqsədə nail olmaq - Neft Daşlarını işləməyə başlamaq üçün A.Əliyev böyük əmək və dözüm nümayiş etdirib. O sübut edə bilib ki, Xəzərdə neft mövcuddur, özü də böyük həcmdə! Bunu çıxarmaq da mümkündür!

1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri qrupu birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı S.Orucovun, geoloq A.Əliyevin və məşhur qazmaçı Y.Cəfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək məqsədilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək Qara Daşların yanında basdırıldı. Süni buxta yaradıldı, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzər fədailərinin isti ocağına və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Batırılmış gəmilərdən istehsal avadanlıqları, mağaza, yaşayış otaqları, anbar, klub kimi istifadə olunurdu. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik o illərin qəhrəmanlığının nişanəsi kimi bu gün də qorunub saxlanılır.

Usta M.Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının qazdığı 1 saylı quyudan götürülən nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Dəniz neftinin erası başlandı. Həmin gün unikallığına, insan cəsarətinin və mətinliyinin misilsizliyinə görə "möcüzələr adası", "dünyanın səkkizinci möcüzəsi" adlandırılan Neft Daşlarının doğum günüdür. Xəbər ildırım sürətilə bütün dünyaya yayıldı, yerli və xarici mətbuat bu barədə geniş məlumatlar verərək Azərbaycan alim və mütəxəssislərinin yaratdığı möcüzəyə heyrəti ifadə etdi.

İlk fontandan dərhal sonra - noyabrın 8-də respublika rəhbərləri, mütəxəssislər ora gedib neftin gələcəyi üçün tədbirlər müəyyənləşdirdilər. Respublika rəhbərliyi tərəfindən N.Heydərova, S.Orucova, İ.Məlikpaşayevə, S.Çeplakova, B.Babazadəyə bu rayonda kəşfiyyat və qazma işlərinin aparılması üçün təşkilati-texniki tədbirlər planı hazırlamaq tapşırıldı. 1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və tikinti ilə məşğul olacaq "Azərdənizneft" İstehsalat Birliyi yaradıldı. Həmin qərarla "Dənizneftqazlayihə" DETLİ təşkil olundu. Xəzərdə işləri operativ həll etmək üçün SSRİ Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft" Ümumittifaq İstehsalat Birliyi yaradıldı və görkəmli Azərbaycan neft mütəxəssisi S.Orucov onun ilk rəisi, eyni zamanda SSRİ neft sənayesi nazirinin müavini təyin edildi. Bu, təbii ki, bütövlükdə Azərbaycan mütəxəssislərinin istedad və qabiliyyətinin SSRİ səviyyəsində etirafı idi.

Bundan sonra Neft Daşlarında kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında Q.Abbasov (Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin Neft Daşlarından yola salınması rayonun böyük perspektivlərindən xəbər verirdi.

1951-ci ildən estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. Bu, böyük, şərəfli və çətin quruculuq yolunun başlanğıcı idi...

Ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz kompleksi və yaşayış şəhəri yaradılıb. Bu, Neft Daşlarında çalışan böyük neftçi ailəsinin - kəşfiyyatçıların, geoloqların, qazmaçıların, hasilatçıların, inşaatçıların, nəqliyyatçıların, geofiziklərin, energetiklərin əməyinin nəticəsidir.

Neft Daşları yaşa dolduqca cavanlaşır. Bunun başlıca səbəbi dəniz yatağının və şəhərinin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmasıdır. Neft Daşlarında infrastrukturun daim təzələnməsi, iş prosesində ən müasir avadanlıqlardan istifadə olunması onun tükənməyən ehtiyatlarını üzə çıxarmağa imkan verir.

Bu gün Xəzərdə digər layihələr çərçivəsində görülən işlər bütün dünyanın diqqət mərkəzindədir. Təkcə "Şahdəniz"i xatırlatmaq kifayətdir. Bu zəngin qaz-kondensat yatağında qurulan nadir platformaya Şimal dənizindən başqa heç yerdə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycanın neft sənayesi irəli getdikcə Neft Daşları unudulmur. Əksinə, o daha mühüm məna və əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev bu barədə uzaqgörənliklə demişdir: "Vaxt gələcək, yataqlarda böyük platformalar tikiləcək və biz hamımız böyük bir gəmiyə toplaşıb Neft Daşlarına, "Azəri", "Çıraq", "Günəşli" və digər yataqlara yollanacayıq. O günlər uzaqda deyil..."

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2009.- 10 iyun.- S. 6.