Yevlaxda "Gənclər
evi"nin açılışına həsr olunmuş mərasim
keçirilmişdir. Şəhər Gənclər və
İdman İdarəsinin rəisi Binyamin Musayev, YAP Gənclər
Birliyi Yevlax rayon təşkilatının sədri Sevil Əliyeva,
şəhər icra hakimiyyətinin başçısı
aparatının məsləhətçisi Əli Quliyev mərasimdə
çıxış edərək gəncliyə göstərilən
qayğı və diqqət üçün respublika Prezidenti
İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Mərasimdə
çıxış edən Yevlax Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev dinamik
sosial-iqtisadi inkişafda gənclərin artan rolundan, ölkədə
gəncliyə göstərilən böyük dövlət
qayğısından ətraflı danışdı. Natiq qeyd
etdi ki, respublika Prezidenti İlham Əliyevin gənclərin
ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında
fəal iştirakı, yeniyetmə və gənclərin fiziki
hazırlığının
yaxşılaşdırılması, müasir idman komplekslərinin
inşa edilməsi və maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində həyata keçirdiyi uğurlu siyasət
Yevlaxda da öz əksini tapmışdır. Ölkə
Prezidentinin diqqət və qayğısı sayəsində
son beş il ərzində Yevlaxda yeni idman obyektləri və
qurğuları tikilmiş, əsaslı təmir edilərək
yenidən qurulmuşdur. Şəhərdə 6000 yerlik Avropa
standartlarına uyğun stadion inşa edilmiş, ümumtəhsil
məktəblərində, qəsəbə və kəndlərdə
təbii ot örtüklü stadionlar salınmış, hər
cür müasir şəraiti olan İdman Sağlamlıq
Bazası inşa edilmişdir.
Dövlət
başçısı İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın rayona son səfəri
zamanı yeni inşa edilmiş şahmat məktəbinin
açılışında iştirak etmələri,
şahmatçıların uğurları ilə
maraqlanmaları yevlaxlı idmançıların
yaddaşına ən xoş xatirə kimi əbədi həkk
olunmuşdur.
Natiq vurğuladı ki,
yüksək zövqlə inşa edilmiş, ən müasir
avadanlıqla təchiz olunmuş, gənclərin ideya-siyasi tərbiyəsində,
dünyagörüşlərinin formalaşmasında
böyük rol oynayacaq, onların asudə vaxtlarını səmərəli
keçirmələrinə xidmət edəcək "Gənclər
evi" də ölkə başçısının gənclərə,
idmanın inkişafına qayğısının bir daha əyani
təzahürüdür. Ölkədə yüksək
intellektli gənclərin yetişdirilməsinə, onların
sağlam və hərtərəfli inkişafına, həyatımızın
bütün sahələrində onların fəal
iştirakının təmin edilməsinə göstərdiyi
diqqət və qayğıya görə ölkə
başçısı İlham Əliyevə şəhərimizin
bütün gəncləri adından minnətdarlığımızı
bildirir, xalqımızın xoşbəxt gələcəyi
naminə həyata keçirdiyi fəaliyyətində
uğurlar arzulayırıq.
Respublika gənclər və
idman naziri Azad Rəhimov mərasimdəki
çıxışında ölkəmizdə uğurla həyata
keçirilən dövlət gənclər siyasətindən
ətraflı danışdı.
"Gənclər
evi"nin tikintisində fərqlənmiş bir qrup
inşaatçıya hədiyyələr təqdim olundu.
Sonra
açılışı bildirən lent kəsildi. Mərasim
iştirakçıları burada gənclər
üçün yaradılmış şəraitlə
tanış oldular. Binanın ümumi sahəsi 768,8
kvadratmetrdir. Birinci mərtəbədə bilyard, internet
otağı, diskobar, mətbəx, ikinci mərtəbədə
isə 6 inzibati otaq, konfrans zalı və s. yerləşir.
Gənclər evi"nin
həyətində süni örtüklü futbol, voleybol,
basketbol, tennis meydançaları tikilmişdir.
"Gənclər
evi"nin açılış mərasimində Milli Məclisin
deputatları Əli Hüseynov, Çingiz Əsədullayev,
Fuad Muradov və İlham Məmmədov iştirak etmişlər.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 10 iyul.- S. 7.